Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin son 22 ildən artıq dövrdə ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün həyata keçirdiyi kompleks tədbirlərin uğurlu nəticələri göz qabağındadır. Hər bir sahə üzrə Dövlət Proqramlarının qəbulu dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Regional inkişaf proqramlarının uğurlu icrası bölgələrimizin simasını tamamilə dəyişdi, əhalinin məşğulluğunun təmin edilməsinə, işsizlik probleminin həllinə geniş imkanlar yaratdı. Bu sənədlərə uyğun olaraq həyata keçirilən infrastruktur layihələrinin regionların dayanıqlı inkişafı üçün prioritetliyi bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Artıq bu gün bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz müasir çağırışlara cavab verən quruculuq işləri ilə diqqətdədir.
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə bütün istiqamətlər üzrə əsas infrastruktur məsələləri öz həllini tapmışdır. Son illər ərzində respublikamızda genişmiqyaslı infrastruktur layihələri icra olunmuş, həm Bakı və Bakıətrafı qəsəbələrin, həm də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və həmin proqramlar uğurla icra olundu. Bunun nəticəsində ölkədə əsas infrastruktur məsələləri uğurla həll edildi. İlk növbədə, elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Azərbaycan bu gün elektrik enerjisini ixrac edir. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bir neçə ildən sonra, necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini də dünya bazarlarına ixrac edəcək. O da diqqətə çatdırıldı ki, hazırda ölkədə əhalinin 96 faizi təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir.
Cənab İlham Əliyev müşavirədə Dövlət Proqramları əsasında avtomobil yollarının inşasından, içməli su və suvarma layihələrinin icrasından bəhs edərək bildirdi ki, son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra olunmuş və bu proses uğurla davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə də içməli su və suvarma layihələri uğurla icra edilir. Son beş il ərzində bu ərazilərdə bir neçə önəmli layihənin icrası artıq başa çatıb.
Müşavirədə Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək Dövlət Proqramı geniş müzakirə edildi. Dövlətimizin başçısı bildirdi ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl Dövlət Proqramı qəbul edilsin. Bir müddət bundan əvvəl cənab İlham Əliyevin göstərişi ilə Proqramın hazırlanması prosesi başlamışdır. Proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Proqramın icrası üçün maliyyə mənbələri də müəyyən edilib. Qeyd edildi ki, proqram iki mənbədən - həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşəcək.
Proqram çox geniş və konkretdir. 30-a yaxın yeni su anbarı tikilməli, sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq. Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Bununla yanaşı, dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək.
Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın əsac məqəsdi su təchizatının dayanıqlığının artırılması, alternativ su mənbələrinin yaradılması və infrastrukturun yenilənməsi, su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi, yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması, su sektorunda rəqəmsal idarəetmə və su itkisinin idarə edilməsinin effektiv monitorinqinin təminidir. Cənab İlham Əliyev müşavirədə bu çağırışı etdi: “Proqram 2035-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, bunu daha da tez bir zamanda etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri