Prezident İlham Əliyev Davos Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə çox vacib məsələlərə münasibət bildirdi. Beynəlxalq münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən dövlət başçımız qeyd etdi ki, qlobal sistemdə fundamental dəyişikliklər baş verir və artıq beynəlxalq münasibətlər qanunun aliliyi ilə deyil, güc amili ilə idarə olunur. Bu isə beynəlxalq hüququn universal tətbiqinin zəifləməsinə işarədir.
Nüfuzlu siyasi lider kimi Azərbaycan Prezidentinin yanaşması bundan ibarətdir ki, belə mürəkkəb bir şəraitdə hər ölkə milli potensialına əsaslanan strategiya qurmalıdır. Bu strategiya isə həm regionda, həm də qlobal səviyyədə bütün tərəfdaşlarla effektiv münasibətlər yaratmalıdır. Bu xüsusda Azərbaycanın yanaşması nümunə kimi qiymətləndirilə bilər.
Son 6 ildə əldə edilən böyük qələbə Azərbaycanın nüfuzunu daha da möhkəmləndirib. Dövlət başçımızın verdiyi əsas mesajlardan biri də budur ki, suverenliyin və ərazi bütövlüyünün bərpa edilməsi də daxil olmaqla, Azərbaycanın son illərdəki siyasəti beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun şəkildə həyata keçirilib.
Azərbaycan üçün regionda sabitlik, proqnozlaşdırıla bilən olmaq və sülh ən böyük prioritetdir. Dövlət başçımızın da söylədiyi kimi, potensial risklərin çoxu ölkə xaricindən gəlir, buna görə qonşu ölkələrdə təhlükəsizliyin qorunması vacibdir. “Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.”
Dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafata layiq görülməsi də təsadüfi deyil. Belə ki, bu, otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında Azərbaycanın səylərinə verilən qiymətdir. Əsas məqsəd isə regionda əbədi sülhə nail olmaqdır.
Dünya enerji bazarında, eləcə də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu da dünya mediasının və beynəlxalq ictimaiyyətin diqqətindədir. Bu xüsusda cənab Prezident bildirdi ki, “Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına malik olan və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir.” Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə də ölkəmiz dünyada birinci yerdədir.
Nigar Məmmədova
Milli Məclisin deputatı