Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan-BƏƏ arasında formalaşmış strateji münasibətlərin inkişafında mühüm siyasi mərhələdir. Bu səfər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıqlara, uzunmüddətli əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan xətti ardıcıl şəkildə davam etdirir. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.Deputat qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dövlətlərin suverenliyinə hörmət prinsipləri üzərində qurulub: “Bu gün bu əlaqələr həm diplomatik münasibətlər çərçivəsində, həmdə iqtisadiyyat, investisiya, enerji, bərpa olunan enerji, nəqliyyat-logistika, humanitar və mədəni sahələr üzrə sürətlə inkişaf edir. Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan–BƏƏ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir”.F.Yıldırım vurğulayıb ki, Azərbaycan–BƏƏ parlamentlərarası dostluq qrupu üzvü kimi də qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığında xüsusi rolu vardır: “Parlamentlər arasında qarşılıqlı səfərlər, təcrübə və fikir mübadiləsi, beynəlxalq parlament platformalarında koordinasiyalı fəaliyyət iki ölkə arasında siyasi etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin dərinləşməsinə real töhfə verir. Parlament diplomatiyası bu strateji münasibətlərin dayanıqlı və uzunmüddətli xarakter almasına xidmət edən mühüm mexanizmdir”.Fatma Yıldırım, həmçinin bildirib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq yeni bir inkişaf mərhələsinə daxil olur: “Prezident İlham Əliyevin liderliyi ilə qurulan bu möhkəm siyasi xətt qarşıdakı illərdə də dost ölkə ilə strateji tərəfdaşlığın daha da genişlənməsinə, əməkdaşlığın yeni sahələr üzrə dərinləşməsinə və hər iki ölkənin milli maraqlarına xidmət edən davamlı nəticələrin əldə olunmasına imkan yaradacaq”.