PDF Oxu

Siyasət

  • 2 821

Sülh və tolerantlıq nümunəsi - ŞƏRH

image

“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin qlobal miqyasda sülhə töhfə verən siyasi xadim kimi qəbul olunduğunu, nümunə yaratdığını bir daha təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc, yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh, əməkdaşlıq diplomatiyasına beynəlxalq rəğbətin ifadəsi olmaqla dövlət başçımızın strateji müdriklik və liderlik məharətinin dünya miqyasında böyük etimad qazandığını göstərən mühüm amildir. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunma mərasimi keçirilib. Prezident İlham Əliyevə mükafat təqdim olunub. Prezident mükafat mərasimində deyib: “Bugünkü mükafat mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olan, bu gün də dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etmiş böyük Liderdir. Beynəlxalq səviyyədə də Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasına, əmin-amanlığın gücləndirilməsinə töhfə kimi qiymətləndirilir. Otuz illik işğala son qoymaqla Azərbaycan regionun hüdudlarından kənarda da sülhün aktuallığını nümayiş etdirir. Bu, həmçinin beynəlxalq münasibətlər sistemində diplomatiyaya etimadı gücləndirir. Dünyanın siyasi mənzərəsi göstərir ki, sülh iradə, cəsarət və prinsipiallıq tələb edir. Bu kontekstdə Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi növbəti dəfə sülh və tolerantlıq nümunəsi nümayiş etdirir.

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər