Müasir dünya çox sürətlə dəyişir, yeni texnologiyalar, yeni kəşflər meydana çıxır. Baş verən dəyişikliklərlə ayaqlaşmaq mütləqdir, əks halda inkişafdan geri qalmaq qaçılmazdır. Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsi isə məhz davamlı inkişafa nail olmaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uğurlu siyasətin qayəsini də bu təşkil edir.
Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi bir daha təsdiqləyir ki, ölkəmiz müasir çağırışlara adekvat yanaşır. Müşavirədə ölkə başçısı son 20 ildə əldə edilən uğurlardan bəhs edərək bildirdi ki, Azərbaycanın davamlı inkişafı təmin edilib, çox mühüm əhəmiyyətli neft-qaz və nəqliyyat layihələri həyata keçirilib. Ölkəmizin generasiya gücü bu dövr ərzində iki dəfə artıb. Bir sözlə, mövcud potensial rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılmasına imkan verir. Qeyd olunan mərkəzlərin yaradılması ölkəmizin uzunmüddətli və davamlı inkişafına hədəflənib. Bu istiqamətdə artıq işlərin icrasına başlanılıb. Amerika şirkətləri ilə işbirliyi qurulub.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev vurğuladı ki,rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması məsələsində dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Dövlət qurumları arasında sıx təmaslar olmalı, pərakəndəliyə yol verilməməli və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır.Ölkə başçısı bildirdi ki, dövlət xidmətləri vahid mərkəzüzərindən həyata keçirilməli, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.
Bu istiqamətdə məqsədə çatmaq üçün kadr hazırlığına xüsusi diqqət yetiriləcək, kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən ediləcək, həmçinin dünyanın aparıcı şirkətləri ilə təmaslar yaradılacaq.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi