Tarix göstərir ki, resurslara malik olmaq inkişafın zəmanəti deyil. Bir çox ölkələr enerji ehtiyatlarına baxmayaraq texnoloji və iqtisadi transformasiyada geridə qalıblar. Bu baxımdan əsas məsələ resursların necə yönləndirilməsidir. Azərbaycanın strateji yanaşması isə fərqli məntiq üzərində qurulur: Enerji gücü, infrastruktur gücü ,texnoloji güc. Enerji sektorundan əldə olunan imkanlar: Nəqliyyat və logistika infrastrukturunun qurulmasına sosial layihələrin maliyyələşdirilməsinə insan kapitalının inkişafına rəqəmsal transformasiya layihələrinə yönləndirilir.
Bu, klassik resurs iqtisadiyyatından innovasiya iqtisadiyyatına keçidin fundamental modelidir.
Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirmişdir ki, Azərbaycanın bu sahədə mühüm üstünlükləri mövcuddur. Ölkəmizin əlverişli coğrafi mövqeyi – Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində olması və formalaşmış geniş infrastruktur imkanları rəqəmsal bağlantılar üçün böyük potensial yaradır. Mövcud nəqliyyat və enerji dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Artıq Xəzər dənizinin Şərq sahilləri ilə fiber-optik kabel layihəsi icra olunur və bu, Azərbaycanın Şərq istiqamətində rəqəmsal əlaqələrini daha da gücləndirəcək.
Prezident transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsini də əsas üstünlüklərdən biri kimi qiymətləndirmişdir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə yatırılmışdır və ölkədə müsbət investisiya iqlimi formalaşmışdır. Xarici və yerli sərmayələrin qorunması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Bu təcrübə rəqəmsal sahədə aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq üçün də möhkəm zəmin yaradır.
Dövlət başçısı qlobal maliyyə fondları və aparıcı şirkətlərlə mövcud əlaqələrin də böyük üstünlük olduğunu vurğulamışdır. Azərbaycan Dövlət Neft Fondu dünyanın ən böyük maliyyə qurumları ilə əməkdaşlıq edir və bu fondlar vasitəsilə investisiyaların ölkəyə cəlb olunması istiqamətində konkret layihələr üzərində iş aparılır. ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də Avropa İttifaqına üzv 10 ölkə və Çin Xalq Respublikası ilə imzalanmış strateji sənədlər Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlığını daha da gücləndirir
Bugün Azərbaycan: Enerji təhlükəsizliyini təmin etmiş, enerji ixrac edən, güclü infrastruktur quran, rəqəmsal transformasiyaya keçən ölkə kimi yeni inkişaf mərhələsinə daxil olur. Bu transformasiya təsadüfi deyil. Bu, enerji sektorunda əldə olunan uğurların məntiqi davamı, gələcəyə yönəlmiş strateji baxışın nəticəsidir.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi