PDF Oxu

Siyasət

  • 1 401

İnformasiya təxribatının klassik ssenarisi - MƏQALƏ

image

Qapının açıq qalması oğrunu və ya sadəcə məsuliyyət hissindən məhrum olmuş insanı cinayətə qədər təhrik edə biləcək güclü amildir. Açıq qapılar, hətta təsadüfən oradan keçən istənilən şəxsin də diqqətini cəlb edə bilər. Bu baxımdan indi sosial şəbəkələr sayəsində şəxsi həyatımızın şərti qapıları ümumiyyətlə kökündən çıxardılıb. Şəxsi həyatımız hər an istənilən təxribatçının manipulyasiya obyektinə çevrilə bilər. Süni zəka sayəsində isə hətta şəxsi həyatımız belə modelləşdirilə bilər. Bu cür təxribatlardan artıq heç kim sığortalı deyil. Öncə müxtəlif tətbiqlərlə həyatımıza daxil olan süni zəka indi artıq bizim real həyatımızı əsarətə alıb. Siyasi münasibətlər müstəvisində olan informasiya təxribatları isə ümumiyyətlə dərhal insanların diqqətini çəkir.Müasir dövrün bu xüsusiyyətlərini nəzərə alaraq, daim asan pul axtarışında olan dələduzlar indi də informasiya təxribatlarına üz tutublar. Bəli, dələduzluğun məqsəd və mahiyyəti bütün dövrlərdə olduğu kimi dəyişməz olaraq qalsa da, bu növ cinayətkar fəaliyyətin metodları durmadan təkmilləşir. Mövcud kontekstdə prinsipial olaraq nəzərə almalı olduğumuz vacib bir həqiqət var: siyasi münasibətlər müstəvisində aparılan manipulyasiyalar təxribatçıya daha çox vəsait qazandırır, çünki bu növ təxribatların sifarişçilərinin sayı da çox olur. Odur ki, fərasətli “işgüzarlar” indi kütləvi şəkildə informasiya təxribatlarına üz tutublar. Müasir “demokratiya” və “aşkarlığın” saxta rəmzinə çevrilmiş internet də təxribatların kütləvi şəkildə yayılması üçün unikal şərait yaradır. Digər sözlərlə, şəxsi həyatımızın qapılarını daim açıq qoyan “internet” hətta təsadüfən yoldan keçəni ilk baxışdan ziyansız görünən cinayət və məsuliyyətsiz davranışa təhrik edə bilir.

Siyasi partiyalar üzərindən manipulyasiya qarşısağlam siyasi dialoq
Heç kim üçün sirr deyil ki, uzun illər ərzində mənfur qüvvələr tərəfindən təxribat aləti kimi məhz siyasi partiyalar istifadə olunurdu. Elə onların bu cür canfəşanlığı nəticəsində siyasi partiyalar işlək demokratik institut kimi formalaşa bilmədi. Partiya sədrlərinin adları isə əsasən müxtəlif qalmaqallarda hallanırdı. Əlbəttə ki, bu cür mühitdə partiyaların institusional inkişafı mümkünsüz idi. Vəziyyətdən məharətlə istifadə edən radikal düşərgə müxalifətçiliyi sözün əsl mənasında inhisara almışdı və ölkədə müxalifətçilik fəaliyyəti ifrat dərəcəyə qədər eybəcərləşmişdi. Nəticədə, siyasi partiyalar xarici qüvvələr üçün ölkənin daxili məsələlərinə müdaxilə etmək və iqtidara dolayı təzyiqlər göstərmək alətinə çevrilmişdir.Yalnız son 5-6 il ərzində aktiv şəkildə təşviq olunan sağlam dialoq mühitinin sayəsində siyasi partiyalar cəmiyyət tərəfindən sivil siyasi institut kimi qəbul olunmağa başlandı, partiya sədrləri isə sözün əsl mənasında siyasi diskussiyaların əsas iştirakçılarına çevrildilər. Dünənə qədər adları yalnız intriqalarda çəkilən partiyalar siyasi dialoq sayəsində hətta 700 mindən artıq üzvü olan nəhəng Yeni Azərbaycan Partiyası ilə bir arada ölkənin siyasi sisteminin vacib elementi kimi çıxış edirlər. Müxalifət bu gün mətbuatdadır, Milli Məclisdədir, açıq diskussiyalardadır, müxtəlif təşəbbüslərdədir və dövlətçilik naminə vətənpərvər qüvvələri öz ətrafında toplayan mühüm siyasi layihələrdə iştirak edir.
İnternet məkanında yeni təxribat dalğası
Bütün bunları görən düşmən qüvvələr, üstəgəl partiyaları təxribat aləti kimi itirdikləri üçün indi də üz tutublar informasiya təxribatlarına. Nəzarətsiz qalmış və inzibati resursların lazımi təsir göstərə bilmədiyi internet məkanına kütləvi şəkildə axışan siyasi dələduzlar maraqlar müqabilində informasiya təxribatları ilə məşğul olur və təhrif olunmuş “dəyərləri” təbliğ edir. Bu cür “haqq” və “ədalət” carçılarının məşğul olduqları fəaliyyətin adı siyasət deyil, məhz şarlatanlıqdır. Bütün şarlatanlar kimi siyasətə pənah gətirmiş dələduzlar da öz fəaliyyətində emosiya, demaqogiya və təxribatlara üstünlük verirlər.Bu cür fərasətli siyasətciklər müraciət etdikləri informasiya təxribatlarının klassik ssenariləri müasir siyasi elmdə artıq çoxdan müəyyən olunub. Belə ki, çirkli məqsədləri həyata keçirtmək üçün öncə hədəf müəyyən olunur. Əlbəttə ki, hədəfi müəyyən edən əsas meyar əsla əqidə və ya hansısa siyasi baxışlar deyil, konkret hədəfi sifarişçi müəyyən edir. Şərti hədəf nə qədər “böyükdürsə” bir o qədər də sifarişin qiyməti böyük olur. Söhbət siyasi sifarişlərdən gedirsə, burada sifariş edən tərəf maliyyə ilə yanaşı müxtəlif vədləri də (vəzifə, xarici ölkədə vətəndaşlıq və s.) dövriyyəyə buraxır. Təxribatçıların adətən konkret xarici dövlətin qarşısında hüquqi məsuliyyətləri də olur və törədikləri təxribatın müqabilində onlar həmin məsuliyyəti daşımaqdan azad olunurlar.Təxribatın hədəfi müəyyən olunandan sonra intriqa yaradılmalıdır. Bu mərhələdə internet vasitəsilə cəmiyyətə müxtəlif məlumatlar ilə bağlı gizlin və ya açıq şəkildə fərqli anonslar verilir. Təxribat ssenarilərinin “anonslar” adlı şərti mərhələsi zamanı geniş kütlənin diqqətini cəlb edə biləcək emosiyalara müraciət olunur və hətta açıq təhqirlərə də yer ayrılır. Bununla da ortalıqda konkret heç bir real fakt olmadan təxribatçı informasiya məkanını zəbt etmiş olur. Daha sonra internet məkanı müxtəlif şayiələr ilə doldurulur. Sosial şəbəkələrin istifadəçiləri olan sıravi vətəndaşlar bilərəkdən və ya düşünmədən həmin mərhələnin inkişafı üçün öz töhfələrini vermiş olur. Vətəndaşların sosial məsuliyyət hissi məhz sözügedən mərhələdə xüsusi olaraq aktuallaşır.
Manipulyativ final
Klassik informasiya təxribatlarının ssenarilərinə əsasən bəzən intriqa mərhələsi süni şəkildə zaman baxımından uzadılır. Sözügedən taktiki gedişatın məqsədi təxribatçının “qəhrəmanlaşdırılması” və onun “mübariz” obrazının formalaşdırılmasıdır. Sanki təxribatçı hansısa prinsip və dəyərlər uğrunda mübarizə aparırmış və bu mübarizədə o ölümə belə hazırdır. Saxta “qəhrəman”ın keçmişdə çəkdiyi əziyyətlər haqqında məlumatlar tirajlanır və beləliklə də, çirkli informasiya təxribatı internet vasitəsilə interaktiv tok-şou kimi inkişaf etməyə başlayır. Sözügedən texnologiya izləyici auditoriyasının artmasına hesablanıb. Mövcud məsələdə diqqət çəkən incə məqam odur ki, informasiya təxribatlarının hədəfi olan tərəf özünə bəraət qazanmaq üçün çalışmağa başlayan kimi onun addımları cəmiyyətə uduzan tərəfin davranışı kimi təsvir olunur. Konkret situasiyanın hansı ssenari üzərindən inkişaf etdirilməsindən asılı olmayaraq dəqiq olan odur ki, manipulyatorların informasiya təxribatlarında həqiqət və ədalət axtarışından söhbət belə gedə bilməz.

Politoloq Asif Adil

Digər xəbərlər