Keçən əsrin sonlarından Sovet İttifaqının dağılma prosesinin başlanması bir tərəfdən ittifaqın tərkibinə daxil olan xalqlar üçün yeni ümid pəncərəsi yaratsa da, digər tərəfdən də, meydana çıxan yeni radikal və millətçi ideologiyalar hesabına bir çox xalqlar həm də ciddi sınaqlar və təhdidlər ilə üz-üzə qaldı. Proses bir tərəfdən ölkələrə azadlıq vəd etsə də, digər tərəfdən də müstəqilliyə can atan respublikalarda etnik münaqişələrin, separatizmin də baş qaldırmasına geniş imkanlar açdı. Tarixən qorxulu ideyalarını sovet qardaşlığı pərdəsi altında gizlədən millətçi erməni ideologiyası da tezliklə bu imkandan istifadə edərək Azərbaycana qarşı geniş şəkildə torpaq iddiaları ilə hücuma keçdi. Fakt budur ki, 1988-ci ildən etibarən Qarabağ bölgəsində separatçı meyllərin güclənməsi, Ermənistanın açıq və gizli dəstəyi ilə Azərbaycan torpaqlarına qarşı ərazi iddialarının irəli sürülməsi, silahlı toqquşmaların tədricən artması işi erməni ideoloqları və terrorçularının həyat amalına çevrildi. Təbii ki, sonradan məlum olacaqdı ki, bu işdə Ermənistana beynəlxalq təşkilatlar yardım pərdəsi altında, məhz erməni diaspor təşkilatları başda olmaqla çox ciddi maliyyə yardımları həyata keçirtmiş və bütövlükdə Qarabağın Azərbaycandan zorla qopardılaraq Ermənistana birləşdirməsini başlıca hədəf kimi qarşılarına qoymuşlar. Ermənistan rəhbərliyi və Qarabağda yerləşən ermənilər Kilsə və digər erməni təşkilatlarının köməyi ilə həmin illərdə ən müxtəlif qətliamlar, soyqırımı aktları törətmiş və nəticədə yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından köçürülməsinə, on minlərlə insanın isə məhv edilməsinıə nail olmuşlar. Bu qətliamlardan biri də Xocalı soyqırımıdır, təəssüf ki, həmin illərdə Azərbaycanın harayına, Xocalıda qətl edilən günahsız uşaqların, qocaların, silahsız insanların məhvinə sadəcə, dünyada adekvat yanaşmalar olmadı.
Təbii ki, işğal uzun müddət davam etsə də, əbədi olaraq, sona kimi davam edə bilməzdi. Mütəmadi olaraq – otuz ilə yaxın böyük strategiya ilə Azərbaycan həm Xocalıya ədalət prosesini, həm də bütövlükdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal faktını ən müxtəlif tribunalarda fakt kimi tanıtdırırdı. Beləliklə, bütövlükdə işğalın aradan qaldırılmasını nəticə olaraq Azərbaycan ordusu, Azərbaycanın Ali Baş Komandanı məhz beynəlxalq hüququn, ədalətin bərpasını öz üzərinə götürərək Ordumuzun qəhrəmanlığı sayəsində Qarabağımızı işğaldan azad etdi. Bu da bir danılmaz həqiqətdir ki, hazırda həmin qətliamın ideoloqlarının, iştirakçılarının bir çoxu ədalət məhkəməsi qarşısında cavab verməkdədir.
“Böyük Ermənistan” yaratmaq xülyası ilə ermənilərin 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda törətdikləri insanlığa sığışmayan, misli görünməmiş qəddarlıq və vəhşilik, bütövlükdə, bəşəriyyətə qarşı bir cinayətdir. Bu mənfur, qanlı cinaət nəticəsində minlərlə azərbaycanlı kütləvi şəkildə məhv edildi və ya əsir götürüldü, Xocalı şəhəri isə tamamilə yerlə-yeksan edildi. Rəsmi məlumatlara görə, həmin gecə 613-dən artıq insan qoca, uşaq, qadın amansızcasına qətlə yetirilmiş, yüzlərlə sakin isə yaralanmış, 1000-dən çox şəxs erməni terrorçuları tərəfdən girov götürülmüş, sonradan bir çoxları işgəncələr nəticəsində məhv edilmişdir. Bütün bu faktlar isə hadisənin sırf hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı yönəlmiş zorakılıq aktı olduğunu göstərdi və əslində bir çox təşkilatlar da sonradan bunu etiraf etmək məcburiyyətində qaldı. Prosesin dinamikasına nəzər saldıqda görürük ki, 1991-ci ilin sonlarından etibarən Xocalı şəhəri faktiki olaraq mühasirəyə alınmış, əhali blokada şəraitində yaşamaqda idi. Bu blokadanın nəticəsi olaraq şəhərin və ətraf kəndlərin elektrik enerjisi kəsilmiş, əhalinin isə ərzaq və tibbi təminatı ciddi şəkildə məhdudlaşdırılmışdı. Azərbaycanın zəif durumu və hakimiyyət böhranından istifadə edərək fevralın 25-dən 26-na keçən gecə isə erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum etdi və nəticədə minlərlə insan öz ata-baba mülkündən məhrum oldu, məhv edildi. Lakin Azərbaycan dövləti, onun siyasi rəhbərliyi Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə güclənərək baş verən prosesin qarşısını almaqda israrlı idi və bunu təbii ki, etdi də.
2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümündə xalqa müraciətində Ulu Öndərimiz Heydər Əliyev Xocalı qətliamının əsl qiymətini belə vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Faktların statistikası göstərir ki, həmin zaman doğma torpağının müdafiəsinə qalxmış xalqımızın mübarizə əzmini sarsıtmaq məqsədi ilə planlı şəkildə törədilmiş bu kütləvi, amansız qırğın aktı burada yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etməyə yönəlmişdir. Erməni-sovet hərbi birləşmələri qarşısında mərdliklə dayanan Xocalı uğrunda vuruşanlar bu qeyri-bərabər döyüşdə son nəfəslərinədək qəhrəmancasına əliyalın mübarizə apararaq şəhid oldular. Həmin zaman, bəla ondadır ki, erməni cəlladları şəhərdən qaçıb xilas olmaq istəyən insanlara da aman verməmiş, dinc sakinləri, qadın, uşaq, qoca, xəstə olmasından asılı olmayaraq, kütləvi olaraq yollarda, meşələrdə pusquya salaraq xüsusi qəddarlıqla qətlə yetirmişlər.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ədalətin bərpası yolunda ciddi işlər həyata keçirilməyə başladı. Dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni xalqı obrazı yaratmağa müvəffəq olmuş erməni şovinizminə qarşı mütəşəkkil mübarizə cəbhəsi yaradıldı. Ermənilərin iç üzü açılaraq tarixi həqiqətlər bir-bir üzə çıxmağa başladı və dünya ictimaiyyətinə çatdırılmaq üçün ardıcıl və məqsədyönlü tədbirlərə təkan verildi.
Hazırda Ulu Öndərin adını daşıyan Heydər Əliyev fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları hakimiyyət orqanları ilə birgə səmərəli fəaliyyət göstərirlər. 44 günlük Vətən müharibəsində beynəlxalq miqyasda tanınmış tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoymuş, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş şanlı Zəfərimiz erməni şovinizminə sarsıdıcı zərbə endirdi. Xocalı soqırımı qurbanlarına qarşı cinayət törədənlərin cavabı döyüş meydanında “Dəmir yumruq”la verildi. Düşmən işğal etdiyi torpaqlardan qovuldu, soyqırımı qurbanlarının qisası alındı. Bu tarixi bir qələbə və ədalətin bərpası idi. Hazırda Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev Xocalı həqiqətlərini beynəlxalq kürsülərdən dünyaya çatdırılması, bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı addımlar ataraq, bir çox beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlərdə Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail olmuşdur. Bu da ədalətli bir hadisədir ki, bu siyasət nəticəsində Xocalı faciəsi dünyanın bir sıra dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən qətliam və ya insanlığa qarşı cinayət kimi tanınmışdır. Bu işdə ən geniş formada Azərbaycan dövləti hadisələrin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl diplomatik fəaliyyət həyata keçirmişdir.
Ermənistan törətdiyi cinayət faktlarını saxtalaşdırmaqla və uydurma versiyalar irəli sürməklə, reallıqdan tamamilə uzaq olan, həm də sadə məntiqə sığmayan şərhlər verməklə öz iştiraklarını inkar etsələr də, real vəziyyəti əks etdirən faktlar, fotosənədlər, video çəkilişləri, şahidlərin verdiyi dəhşətli ifadələr qarşısında aciz qaldı.
İllər ötdükcə, dünya birliyinin gözü qarşısında baş vermiş bu qanlı hadisə yaddaşımızda daha dərin izlər buraxır. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi iz qoyan Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir cərgədə dayanır bizim Xocalımız. Bu faciə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri kimi yaşayacaq. Biz faciənin acı nəticələrindən dərs alaraq onu gələcək nəsillərə ötürməliyik. Artıq dünya da Azərbaycan dövlətinin atdığı bütün zəruri addımlar nəticəsində erməni yalanlarından, erməni qəddarlığından xəbərdardır. Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatlarının qərar və qətnamələrində öz əksini tapıb. Fakt budur ki, Beynəlxalq humanitar hüququn – xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının – normalarına əsasən, mülki şəxslərə qarşı zor tətbiqi, girov götürmə və qeyri-insani rəftar müharibə cinayəti hesab olunur. Torpaqlarımız işğaldan azad olunsa da, indi xalqlar arasında sülhün bərpa işinə start verilmə prosesi getsə də, tarixdə bir daha faciələrin baş verməməsi üçün Xocalı hadisələri bu baxımdan ciddi hüquqi və siyasi qiymətləndirmə predmetidir.
İndi regionda sülhdən danışıldığı zamanda da, təəssüflə qeyd etmək lazımdır ki, Xocalı soyqırımı kimi faciəyə gətirib çıxarmış Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik ideologiyası erməni cəmiyyətinin bəzi təbəqələrində hələ də qalmaqdadır. Bununla belə, heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidentinin apardığı uzaqgörən, uğurlu siyasət Ermənistanı, nəhayət, böyük sülh masasına əyləşdirəcək, dövlətimizin ərazi bütövlüyünü tanımağa, beynəlxalq hüquq prinsip və normalarına uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında Azərbaycan Respublikası ilə normal qonşuluq münasibətləri qurmaqla torpaq iddiasından əl çəkməyə məcbur edəcəkdir. Bütün bunlar isə tezliklə Cənubi Qafqazda yaşayan bütün xalqların firavanlıq şəraitində yaşayacağını vəd etməklə yanaşı regionu sülh, sabitlik, inkişaf məkanına çevirəcəkdir.“Xocalıya ədalət!” çağırışı beynəlxalq kürsülərdən dünyanı haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa, işğala qarşı mübarizəyə səsləyir. Bundan məqsəd belə hadisələrin bir daha təkrarlanmasına yol verməmək, Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını tanıtmaq, ikili standart mövqe tutan dövlətləri, bir sıra beynəlxalq təşkilatları ədalətli olmağa, haqqın səsinə cavab verməyə dəvət etməkdir.
Bu gün bir qrup erməni cəlladı Azərbaycanın ədalət məhkəməsi qarşısında törətdikləri vəhşi əməllərinə görə cavab verir. Ümidvarıq ki. digər cinayətkarlar da tezliklə ələ keçirilərək məsuliyyətə cəlb olunacaq, heç bir cinayət cəzasız qalmayacaq!
Nuray Əliəskərova
YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini