PDF Oxu

Siyasət

  • 533

Azərbaycan xalqının yaddaşından silinməz faciə - ŞƏRH

image

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş ən dəhşətli qətliam, Xocalı Soyqırımından 34 il ötür. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldı. Hücum zamanı keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq göstərilmişdir.Şəhəri tərk etməyə çalışan mülki əhali pusquya salınmış, qadınlar, uşaqlar və ahıllar amansızcasına qətlə yetirilmişdir. Dağlara üz tutan insanlar- uşaq, yaşlı, cavan soyuq hava şəraitində donaraq həyatlarını itirmişlər. Xocalı şəhəri tamamilə dağıdılmış, yaşayış və sosial obyektlər yerlə-yeksan edilmişdir.

Soyqırım nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63 uşaq, 106 qadın, 70 ahıl olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini itirmişdir, 130 uşaq valideynlərindən birini itirmişdir, 487 nəfər yaralanmış və ya şikəst olmuşdur, 1275 nəfər əsir götürülmüşdür, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil.Bu rəqəmlər faciənin miqyasını və dərinliyini açıq şəkildə göstərir.“Soyqırımı” anlayışı 1948-ci il 9 dekabr tarixində BMT tərəfindən qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən edilmişdir. Xocalı hadisələrinə hüquqi qiymət verilərək onun soyqırımı aktı olduğu bildirilmişdir.1994-cü il fevralın 24-də Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Hər il fevralın 26-da saat 17:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə dövrü qeyd etmişdir ki, Xocalı azad olunmadan ədalət tam bərpa olunmuş sayılmır və bu günə qədər bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanımış və müvafiq qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı da Xocalı hadisələrinə soyqırımı kimi siyasi qiymət vermişdir. 2008-ci ildə Leyla Əliyevain təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Kampaniyanın əsas məqsədi Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ədalətin bərpa olunması və faciə qurbanlarının xatirəsinin yaşadılması idi.2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də azad olundu və 15 oktyabr 2023-cü ildə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağı şəhərdə ucaldıldı.Bu hadisə Xocalı qurbanlarının ruhuna ehtiramın və tarixi ədalətin bərpasının rəmzi kimi qiymətləndirildi.

Hər il Bakıda “Ana harayı” abidəsi önündə minlərlə insan Xocalı qurbanlarının xatirəsini yad edir. Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması istiqamətində işlər aparılır. Bu memorial gələcək nəsillərə tariximizin bu acı səhifəsini unutdurmamaq məqsədi daşıyır.Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Bu faciə bizə birlik, vətənpərvərlik və tarixi yaddaşın qorunmasının vacibliyini bir daha xatırladır.Azərbaycan dövləti və xalqı bundan sonra da tarixi həqiqətlərin beynəlxalq müstəvidə tanınması, sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli mövqeyini davam etdirəcəkdir.Xocalı Soyqırmı qurbanlarının xatirəsi hər zaman anılacaq, bu faciə heç vaxt unudulmayacaqdır.

Səkinə Fərzəliyeva

YAP Culfa rayon təşkilatının fəal üzvü

Digər xəbərlər