PDF Oxu

Siyasət

  • 792

Beynəlxalq ictimaiyyətə ünvanlanan mesaj

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxışı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş faciənin siyasi-hüquqi və mənəvi qiymətləndirilməsi baxımından mühüm hadisə kimi dəyərləndirilir. Bu çıxış, təkcə anım xarakteri daşımamış, həm də tarixi ədalətin bərpası, milli həmrəyliyin möhkəmləndirilməsi və gələcək nəsillərə həqiqətlərin çatdırılması baxımından ciddi mesajlar ehtiva etmişdir.

Xocalı soyqırımı 1992-ci ilin fevral ayında baş vermiş və dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Memorialın açılışı zamanı cənab Prezident çıxışında bu faciənin beynəlxalq hüquq normalarına zidd olduğunu, mülki əhaliyə qarşı törədilən qətliamın insanlığa qarşı cinayət kimi qiymətləndirilməli olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.

Çıxışda xüsusi olaraq, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu bildirildi. Memorial kompleksinin inşası təkcə memarlıq nümunəsi deyil, həm də milli yaddaşın rəmzidir. Prezident vurğuladı ki, Xocalı qurbanlarının xatirəsi daim uca tutulacaq, onların qanı yerdə qalmayacaq və Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq.

Möhtərəm Prezident çıxışında Azərbaycan dövlətinin son illərdə qazandığı siyasi və hərbi uğurlara da toxunulmuşdur. Cənab Prezident qeyd etmişdir ki, ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar şəhidlərin ruhuna ən böyük ehtiramın ifadəsidir. O, Azərbaycanın güclü dövlət kimi regionda öz sözünü dediyini və tarixi ədalətin bərpası üçün qətiyyətli siyasət yürüdüldüyünü bildirmişdir.

Ölkə rəhbəri cənab İlham Əliyev çıxışında milli birlik və həmrəyliyin əhəmiyyətini də ön plana çəkmişdir. O, vurğulamışdır ki, Xocalı faciəsi Azərbaycan xalqını daha da birləşdirib və milli kimliyin, vətənpərvərlik ruhunun möhkəmlənməsinə səbəb olub. Dövlət başçısı gənc nəslin tarixi həqiqətləri düzgün bilməsinin vacibliyini qeyd edərək, Xocalı soyqırımının dərslərinin unudulmamasının gələcək üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir.

Memorialın açılış mərasimi həm də, beynəlxalq ictimaiyyətə ünvanlanan mesaj idi. Çıxışda bildirildi ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində fəaliyyət davam etdiriləcək və bu faciənin tanıdılması üçün diplomatik səylər gücləndiriləcəkdir. Prezident vurğuladı ki, ədalət gec-tez zəfər çalır və Azərbaycan xalqı öz tarixi həqiqətlərinin beynəlxalq səviyyədə qəbul olunmasına nail olacaq.

Nəticə etibarilə, möhtərəm Prezident Xocalı Soyqırımı Memorialının açılışında etdiyi çıxış milli yaddaşın qorunması, şəhidlərin xatirəsinin uca tutulması və tarixi ədalətin təmin olunması baxımından mühüm siyasi və mənəvi əhəmiyyət kəsb edir. Bu çıxış Azərbaycan dövlətinin prinsipial mövqeyini, xalqın sarsılmaz iradəsini və gələcəyə inamını bir daha nümayiş etdirmişdir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər