Azərbaycan xalqının qəlbində tarixi xidmətləri ilə əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyevin xatirəsi hər zaman hörmət və ehtiramla yad edilir. Onun həm sovet dönəmində, həm də müstəqillik illərində atdığı cəsarətli addımlar qədirbilən Azərbaycan xalqı tərəfindən minnətdarlıq hissi ilə xatırlanır, siyasi, sosial-iqtisadi, mədəni, hərbi, təhsil, gənclər və s. sahələrdə həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirir. Vətən, xalq və dövlət naminə əzmlə çalışan və bu yolda öz fiziki varlığını təhlükəyə atsa da tutduğu yoldan dönməyən siyasi lider Heydər Əliyevin dərin və əhatəli biliyi, vətənə məhəbbət hissləri, siyasi-ictimai irsi və fədakarlığı hər bir Azərbaycan gənci tərəfindən mükəmməl öyrənilməli və geniş təbliğ edilməlidir.
Məlumdur ki, hər bir xalqın mədəniyyətinin inkişafı və milli özünüdərkin formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənələr onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərir, dəyərlərin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi ilk növbədə vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir. Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də məhz milli ideya ilə bağlı irəli sürdüyü proqram idi. Tarixi təcrübə göstərir ki, milli ideyası, ideoloji xətti düzgün qurulan dövlətlərin ömrü daha uzun olur. Xalqı birləşdirən, onu həmrəy edən dəyərlər nə qədər çoxdursa həmin cəmiyyət və dövlət də bir o qədər möhkəm olur.
Bu baxımdan azərbaycançılıq ideyasını irəli sürən Ulu Öndər bununla da ölkəmizdə tarixən mövcud olan nümunəvi birgəyaşayış mədəniyyətini müasir dövrdə daha da möhkəmlənməsinə, həm Azərbaycanda, həm də ölkədən kənarda yaşayan milyonlarla azərbaycanlının vahid düşüncə ətrafında birləşməsinə, eləcə də xaricdən kənar ideoloji təsirlərə qarşı dayanıqlı olmasına töhfə verdi.
Hələ sovetlər dönəmində onun Azərbaycan dilinə və azərbaycançılıq ideyasına verdiyi töhfələr əvəzsiz olmuşdur. Belə ki, 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-nin konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi də məhz Ulu Öndərin tarixi xidmətləri sırasındadır.
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü, tarixi torpaqlarımızın bir hissəsinin işğal edilməsi, siyasi hərc-mərclik, daxili sabitliyin olmaması, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi vəziyyətin ağırlığı və s. hadisələr nəticəsində ölkəmiz çox ağır durumda idi. Yenicə müstəqilliyini bərpa edən Azərbaycanda siyasi-iqtisadi böhran, hakimiyyət savaşı, cəmiyyətdə çaşqınlıq və qeyri-müəyyənlik hökm sürürdü. Belə bir çətin vəziyyətdə xalqın və dövlətin xilası Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, onun zəngin siyasi və ictimai təcrübəsinin ətrafında sıx birləşməkdən keçirdi. Müdrik Azərbaycan xalqı qətiyyətlə və sabit gələcəyə olan inam hissi ilə Heydər Əliyevi Azərbaycanı xaosdan və daha böyük bəlalardan xilas etməyə çağırdı. Həm xarici xüsusi xidmət orqanlarının təsiri altında olan şəxslərin fəaliyyəti, həm də ideoloji işə ciddi əhəmiyyət verilməməsi ölkədə mərkəzdənqaçma kimi meyillərin yaranmasına səbəb oldu. Gəncədə Surət Hüseynovun, cənub bölgəsində Ələkrəm Hümmətovun, şimal bölgəsində “sadvalçıların” separatçı və avanturist addımlarını məhz Heydər Əliyev təcrübəsi və qətiyyəti qarşısını ala bilərdi.
Onun 1993-cü ilin iyun ayının 13-14-də Gəncəyə səfəri çərçivəsində əhalinin “Heydər baba, qurtar xalqı bu bəladan”, cənub bölgəsinin ziyalıları, ağsaqqalları ilə görüşdə, eləcə də mətbuat vasitəsil etdiyi müraciətdə bölgə əhalisinin ortaya qoyduğu aydın və birmənalı vahid dövlətçilik mövqeyi avanturist və separatçı qüvvələrin ifşa edilməsi və onların fəaliyyətinə son qoyulmasında mühüm rol oynadı. Heydər Əliyev çox yaxşı bilirdi ki, istər Gəncə, istər cənub və şimal bölgəsində bu hadisələri törədənlər bir neçə nəfərlik xaricdən idarə edilən və bölgələrin əhalisi tərəfindən dəstəklənməyən başıpozuq qüvvələrdir.
2000-ci ilin 29 dekabr tarixində yeni il, yeni əsr və yeni minillik münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində həmin hadisələri xatırlayan Heydər Əliyev fikirlərini belə bildirib: “1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meylləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı”.
Həmin dövrdə ölkədə baş verən hadisələrin təhlili qeyri-sabit siyasi-hərbi vəziyyətlə yanaşı, həm də ideoloji işlə bağlı kənar təsirlərin olduğunu, bunun üçün də bu istiqamətə xüsusi önəm verilməsini şərtləndirirdi. Azərbaycanda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev uzun illərin təcrübəsinə malik siyasi lider kimi ölkədə milli ideya ilə bağlı boşluqların aradan qaldırılmasını, milli və dini həmrəyliyin gücləndirilməsini vacib istiqamət hesab etməklə çıxışlarında və fəaliyyətində geniş yer verirdi.
Heydər Əliyev 1996-cı ilin 2 fevral tarixində Azərbaycan gənclərinin birinci forumunda geniş çıxış edərək milli-mənəvi dəyərlərin və düşüncənin önəminə diqqət çəkib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik. Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma Vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik. Mən böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda millətlər arasında olan əlaqələr mehriban dostluq əlaqələridir, bir-birinə hörmət, ehtiram əlaqələridir və biz bu əlaqələri inkişaf etdirəcəyik, bu əlaqələri yaşadacağıq, qoruyub saxlayacağıq. Ona görə də Azərbaycanın xüsusiyyətini-çoxmillətli ölkə kimi xüsusiyyətini, çoxdilli ölkə kimi xüsusiyyətini qoruyub saxlamaq bizim borcumuzdur, gənclərimizin vəzifəsidir”.
Ümummilli Lider dövlət idarəetməsinin prinsip və xüsusiyyətlərini dərindən bilən böyük siyasi xadim kimi ölkədə milli və dini birliyin, xüsusən də dövlət-din münasibətlərinin daha da gücləndirilməsinin əhəmiyyətinə xüsusi önəm verirdi. “Azərbaycan onun ərazisində yaşayan bütün xalqların doğma Vətənidir. Dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Azərbaycanın ərazi bütövlüyünü, dövlətçiliyimizi, müstəqilliyimizi qorumalıdır”. Bu fikirlərin davamı kimi O hər bir Azərbaycan vətəndaşına üzərinə düşən tarixi yükü dərk etməyi aşılayırdı: -“Azərbaycan çoxmillətli dövlətdir. Bunun böyük tarixi var və bu tarixlə biz fəxr edirik. Dinindən və milli mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır”.
Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının zaman keçdikcə, müəyyən tarixi prosesləri yaşadıqca əhəmiyyətini daha aydın görürük. Təəssüflər olsun ki, qloballaşan dünyada xalqların milli kimlikləri, milli-mənəvi dəyərlərinin aşınması prosesi gedir. Belə bir dönəmdə xalqımızın zəngin və çoxəsrlik kimliyini, milli-mənəvi dəyərlər sistemini qoruyub saxlamaq, milli ideya ətrafında sıx birləşmək, bir növ, dəyərlərimizə sarılmaq olduqca əhəmiyyətlidir.
Bu ideyanı möhkəmləndirmək, həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların birliyini gücləndirmək məqsədi ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultayda iştirak edən Heydər Əliyev Azərbaycançılıq ideyası və milli-mənəvi dəyərlərimizin qorunmasının zəruriliyi ilə bağlı fikirlərini həm ölkə vətəndaşlarına, həm də bütün dünya azərbaycanlılarına çatdıraraq gələcəyə istiqamətlənmiş proqram xarakterli çıxış etmişdir. Onun “Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir-ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar–mən azərbaycanlılar haqqında danışıram-gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir” kimi fikirləri və yanaşmaları hər bir vətəndaşın düşüncəsində dərin və məzmunlu yer tutur.
Həmin qurultayda Ümummilli Liderin tarixi kəlamı: “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”-deməsi hər bir azərbaycanlıya qürur, iftixar və mənəvi ruh vermişdir. Əslində, bu ifadə dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinə yönəlmiş şüar rolunu oynamaqdadır.
Zaman keçdikcə azərbaycançılıq ideologiyasının əhəmiyyəti ilə bağlı xalqımızda daha dolğun təsəvvürlər yaranmaqdadır. Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, Azərbaycanın bu günü və sabahı məhz bu ideologiya ətrafında sıx birləşməkdən keçir.
Tarixən sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda xalqımızın zəngin mədəniyyəti, qədim dövlətçilik ənənələri və bu ənənələrə söykənən tarixi təcrübəsi vardır. Tarixi ipək yolunun üzərində yerləşən Azərbaycan zamanın müxtəlif dönəmlərində fərqli mədəniyyətlərlə tanış olmuş, öz mədəniyyətimizi, milli kimliyimizi qoruyub saxlamağa çalışmaqla həm də zənginləşdirmək imkanı əldə etmiş, ümumdünya mədəniyyətinə töhfələr vermişik. Azərbaycan tarixən müxtəlif millətlərin və dinlərin, bir sözlə, müxtəlif mədəniyyətlərin sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olmuşdur. Tarixin heç bir mərhələsində milli və dini zəmində hər hansı narahatlığın yaşanmadığı Azərbaycanda xalqımız tərəfindən bu gün də harmoniya və vəhdət mühiti qorunub saxlanılmaqla bütün dünyaya bir nümunə kimi nümayiş etdirilir. Xalqın həyat tərzini təşkil edən səmimi birgəyaşayış elmi ədəbiyyatda multikulturalizm adlanır.
Qeyd edək ki, dünyada multikulturalizmə münasibət birmənalı deyil. Belə ki, bəzi ölkələrdə çoxmədəniyyətli və çoxkonfessiyalılığa ziddiyətli nəzərlərlə baxılsa da lakin Azərbaycanda multikulturalizmə zənginlik kimi yanaşılır. Bununla bağlı Heydər Əliyevin dediyi "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir" fikirləri Azərbaycanda milli ideyanın əsasını təşkil edən multikulturalizmin xalqın həyat tərzini təşkil etməklə yanaşı, həm də bu dəyərlərin dövlət siyasəti səviyyəsində dəstəkləndiyinin göstəricisi hesab edilir.
Ümummilli Lider Heydər Əliyevin ideya və prinsiplərinə sadiq olan Prezident İlham Əliyev tərəfindən ölkənin milli-ideoloji xətti uğurla davam etdirilir. Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinə uyğun olaraq bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlər qazanılmaqdadır.
2011-ci ildə keçirilən Dünya Azərbaycanlılarının üçüncü qurultayında çıxış edən İlham Əliyev ideoloji işlə bağlı dövlət siyasətini bir daha ifadə edib: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var-Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var-azərbaycançılıq məfkurəsi!”
25-26 oktyabr 2018-ci ildə Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumun açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda qədim ənənələrə söykənən yaşam tərzini və dövlətin məhz həmin ənənəvi dəyərlər üzərində qurulduğunu qeyd edib: “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur”.
Dövlətimizin əsas siyasi-ideoloji xəttini təşkil edən azərbaycançılıq ideologiyası istiqamətində görülən tədbirlərin nəticəsini müxtəlif tarixi hadisələrdə aydın şəkildə görmək olar. Buna parlaq nümunə kimi 2020-ci ilin sentyabrın 27-dən başlayan və erməni işğalında olan torpaqlarımızın 44 gün ərzində azad edilməsi ilə nəticələnən Vətən Müharibəsini göstərmək mümkündür. Vətən Müharibəsində ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri ön cəbhədə, arxa cəbhədə və informasiya cəbhəsində Azərbaycanın haqq işi uğrunda aparılan müqəddəs savaşda sinələrini sipər etdilər, həm də müharibə dönəmində ölkəmizdə milli və dini zəmində narazılıq yaratmağa çalışan xaricdən idarə edilən qüvvələrə layiqli yerlərini göstərdilər. Bu baxımdan Vətən Müharibəsi həm də milli ideyamız olan azərbaycançılığın, multikultural dəyərlərin təntənəsi kimi qiymətləndirilir. Göründüyü kimi, artıq Azərbaycan cəmiyyətində yad-ideoloji qüvvələrə qarşı siyasi-ideoloji və mənəvi immunitet formalaşıb.
2021-ci ilin 12-13 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri festivalın ilk günündə “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda musiqi nömrələrini təqdim ediblər. Festivalın açılışında giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev bu məqama xüsusi diqqət yetirib: “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan-Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.
Vətən Müharibəsində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir Yumruq” kimi birləşərək torpaqlarımızı düşmən tapdağından azad etdi.
Bu gün zəfərlərimizin davamlı olması üçün üzərimizə mühüm vəzifələr düşür. Xüsusən də zəfərə nail olmuş xalq kimi zəfərin zirvəsindən son iki yüz illik tariximizə baxarkən torpaqlarımızın iki yerə parçalanmasını, soyqırımlara, repressiyalara, deportasiyalara məruz qaldığımızı, həmçinin keçən əsrin 90-cı illərində torpaqlarımızın bir hissəsinin işğal edildiyini, 20 Yanvar, Xocalı Soyqırımı kimi dəhşətli hadisələri yaşayan xalq kimi yaxşı dərk edirik ki, müstəqillik və dövlətçiliyi qoruyub saxlamaq hər birimizin müqəddəs amalı olmalıdır. 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan Respublikası bu gün dünya birliyinin layiqli üzvü olmaqla, beynəlxalq təşkilatlar və dövlətlərlə xalqın milli maraqlarına uyğun siyasət həyata keçirməkdədir. Heydər Əliyevin “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir” fikrinə söykənərək müstəqilliyimizin daimi, əbədi və sarsılmazlığı naminə hər bir azərbaycanlı milli ideya-düşüncə ətrafında möhkəm olmalıdır.
Bu gün Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları yaşayır və inanırıq ki, bundan sonra da onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə vətənimiz Azərbaycan sağlam ideoloji əsaslar üzərində inkişaf edərək qarşıya qoyulan hədəfləri inamla yerinə yetirəcəkdir!
Emin Həmidli
YAP fəalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi