Hərb tariximizin şanlı səhifəsi olan 44 günlük haqq savaşımızda vətənpərvərlik, rəşadət göstərib əbədiyyətə qovuşan qəhrəmanlardan biri də Elvin Tərlan oğlu Məmmədovdur. 12 dekabr 1992-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya göz açan Elvin həyatı dərk edəndən Vətənini ruhunda, canında yaşatmaqla ürəkdən ona bağlanıb. Şəhidlik zirvəsinə gedən yolun ilk başlanğıcı elə bu ilahi sevgi ilə qoyulub. Qanı bahasına Vətəni alınmaz qalaya çevirən Elvin 28 yaşında ölməzlik qazanıb. Onun qısa ömür yolu xalqın yaddaşına qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvolu kimi yazılıb.
Nəyin bahasına olursa-olsun düşmənə əsir düşən Qarabağımızı azad görmək istəyi 2011-ci ildə Elvin Məmmədovu ordu sıralarına aparıb. Döyüş bölgəsində hər qarışını özünə əziz bildiyi doğma Azərbaycanın keşiyində durub. Bütün çətinliklərə sinə gəlməklə nümunəvi xidməti ona hörmət qazandırıb. Vətənə sevgisini sözdə deyil, ən çətin təlimlərdə əldə etdiyi uğurları ilə bildirib. Hərbi nizamnamənin tələblərini vaxtında və dəqiq yerinə yetirdiyini, yorulmadan çalışdığını görən hərbi hissə rəhbərliyi onu müxtəlif vaxtlarda təltif edib.
Bir qayda olaraq Elvinin qəlbi düşməndən qisas almaqla alışıb- yanıb. 2012-ci ildə əsgərliyi başa vurub. Lakin Vətən sevgisi Elvini yenidən orduya qayıtmağa sövq edib. 2013-cü il tarixindən o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Qərargahının” N” saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yağıdan alacağı öcə hazırlaşıb. Döyüş əmrini gözləməklə gözünü qırmadan, isti-soyuq bilmədən səngərlərdə durub. Nəzəri biliklərlə bərabər, həm də keçdiyi təlimlərdə mükəmməl olaraq hərbin sirlərinə yiyələnib. Zabitlərin, əsgərlərin yanında düşmənlə sona qədər vuruşub qisas alacağına and içib.
Köksündə qəhrəman ürəyi döyünən Elvin Məmmədovun illərlə arzuladığı an- 2020-ci ilin 27 sentyabrı yetişib. Ali Baş Komandan tərəfindən düşmənin təxribatına cavab olaraq əks-hücum əmri verilib. Azərbaycan əsgərləri Elvin də onların arasında tərəddüd etmədən odun-alovun içinə düşmənə qarşı vuruşa giriblər. Özü də qalib gəlmək əzmi ilə...
İlk gündən ağır müharibə meydanında Elvin sərrast atəşlə erməni dığalarına ciddi itki verib. Düşmənlə üz-üzə, mərmi yağışı altında irəli getməklə onunla çiyin-çiyinə vuruşan əsgərləri də yalnız qələbəyə doğru aparıb. Döyüşlərdən hər dəfə zəfərlə çıxanda yağıya qarşi bir daha qəddar olub, Vətən eşqli ürəyi qəzəb, nifrət hayqırıb. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə odlar yurdu, adına can dediyi Azərbaycana olan halal sevgisini torpağa axıtdığı qızıl qanı ilə möhürləyib. Müharibə meydanında ölümcül yaralansa da, erməni dığalarına təslim olmayıb, son nəfəsinə qədər cəsarətlə vuruşub. İntiqam almayınca can vermək istəməyib. Oktyabrın 3-də döyüşə-döyüşə şəhadətə yüksəlib. Beləcə, şərəfli ölümü bir ailənin övladını böyük bir millətin qürur yerinə çevirib. Dövlətdə öz qəhrəman oğlunu-Elvin Məmmədovu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın və Füzulinin azadlığına görə medallarına layiq görüb.
Zəfər Orucoğlu ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü