Cənub mirvarisi Lənkəranda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Sağlam və dayanıqlı şəhər naminə” adlı növbəti ağacəkmə aksiyası şəhərin Heydər Əliyev prospektində baş tutub.
Rayonun idarə və müəssisələrinin, xidmət sahələrinin, ictimaiyyətin nümayəndələrinin, 1saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran Regional “Asan xidmət” mərkəzinin və Lənkəran Gənclər evi Sosial Xidmət Müəssisəsinin, könüllülərin qatıldığı ətraf mühitin qorunması, eləcə təbii resursların səmərəli istifadəsini təşviq etmək məqsədilə təşkil olunan ekoloji aksiyada 1 hektar ərazidə 600 həmişəyaşıl Eldar şamı ağacı əkilib, onlar suvarılıb və küləkdən qorumaq üçün dayaqlara bərkidilib.
Aksiyada iştirak edən 1saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Habil Əliyev söhbət zamanı bildirdi ki, dövlət başçısı İlham Əliyevin 2026-ci ilin “Şəhərsalma və memarlıq ili” elan etməsi lənkəranlılar tərəfindən də razılıqla qarşılanıb. Bununla əlaqədar rayonun bütün ərazisi əhatə olunmaqla vaxtaşırı tədbirlər görülür. Hazırki ağacəkmə aksiyanın əhəmiyyəti daha böyükdür. Bu cür aksiyalar insanların ekoloji problemlər barədə məlumatını artırmaqla yanaşı, onları təbiətə qarşı daha məsuliyyətli olmağı, təbiətin yetirdiyi hər bir əvəzsiz nemətə sevə-sevə yanaşmağı təşviq edir, həmçinin cəmiyyətin ekoloji şüurunun sağlam yöndə dəyişməsinə yaxşı təsir göstərir. Bu da yaşıl gələcəyin daha parlaq olmasına yol açır.
O da məlum olsun ki, “Şəhərsalma və memarlıq” ili çərçivəsində Lənkəran şəhərinin bir sıra park və küçələri əsaslı şəkildə yenilənir, çoxmənzilli yaşayış binalarının fasadları rənglənir. Görülən işlərdən sonra şəhərin yeni görünüşü, sözün əsl mənasında buraya yolu düşənin zövqünü oxşayacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü