PDF Oxu

Siyasət

  • 440

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

image

Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini hələ də yaşayır. Terrorizm haqqında birmənalı tərif olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi oluruq. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. İnsanların həlak olması, onların sağlamlığına zərərin və əmlaka əhəmiyyətli ziyanın vurulması əlbəttə ki, terror olaraq hər zaman cəmiyyət tərəfindən nifrətlə qarşılanıb. İctimai təhlükələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər insanlarin ömürlərini yarımcıq qoymuşdur. Terrorun ən çox rast gəlinən formaları terrorla hədələmə, sui-qəsd, girov götürmə, eləcə də partlayıcı qurğulardan, kimyəvi, bioloji, nüvə və radioloji silahlardan istifadədir. Müasir dünya inkişaf etsə də, yenə də terror hadisələrinə rast gəlirik. Bu gün baş verən hadisələrə, cəmiyyətə yanaşma da fərqlidir. Bəşər sivilizasiyasının yüksək nöqtəsində ağıl və idrakın sivil bir nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi əlbəttə ki, heç bir məntiqə sığa bilməz. Dünya inkişaf etsə də bu gün ağıla sığmayan terrorların, faciələrin baş verdiyinin şahidi oluruq. Nə qədər müasirləşsək belə insan qanının tökülməsinə susayan, bunu törətməkdən usanmayanlarla hələ də bir zamanda yaşayırıq. İnsanlıq əleyhinə çevrilmiş terrorların günahsız qurbanları olanların faciəli ölümlər hər kəsdə bir nifrət, qəzəb hissini oyadır. Qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması insanlığa qarşı əməldir. Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 30 aprel, 2009-cu il tarixində baş vermiş faciənin törədildiyi gündən 17 il ötür. Həmin günü o zamanı yaşayan insanlar olduğu kimi yaxşı xatırlayır. Səhər saatlarında 9:30 radələrində keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsində qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan cinayətkarın birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər arasında təhsil ocağının professorları, müəllimləri, laborantları və tələbələri olublar. Yaralıların 3-ü xarici vətəndaşı idi: ikisi Sudan, biri isə Suriya. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayəti törətmiş 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlunun üstündən ona məxsus şəxsiyyət vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.

Aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrıldı.

17 il əvvəl baş vermiş dəhşətli terror hadisə hər kəsin qəlbində dərin iz buraxıb. Belə terror aktları neçə-neçə insan ömrünü yarımçıq qoyur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində faciə qurbanlarının xatirəsinə barelyef qoyulub. Hər il 30 aprel terror qurbanlarının xatirəsi yad edilir.

QAN DONDURAN TARİXİ FAKTLAR

Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Dünyanın ən tanınmış terror təşkilatları sırasında Ermənistanın ASALA terror təşkilatının da yer aldığı hamıya bəllidir. ASALA, MAQ, "Erməni İttifaqı", "Erməni Azadlıq Cəbhəsi" terror təşkilatları ilə yanaşı, "Armenakan", "Hnçak", "Daşnaksütun" partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir. XIX əsrin sonları və XX əsrdə bu və digər erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetirmiş və ya ömürlük şikəst qalmalarına səbəb olmuşlar.

Azərbaycanın tarixində belə hadisələrin sayı kifayət qədərdir. 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmasında cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. Tarixi mənbələrə hər dəfə nəzər saldıqda dəhşətli faktlar insanı susdurur. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. İllər uzunu ölkəmizin demək olar ki, hər bir yerində ermənilər tərəfindən törədilən bu və ya digər faciələri, qətliamlar yaşamışıq.

Onu da xüsusi olaraq vurğulayaq ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Çox təssüf ki. sivil dünyamızda terrorçuluq əməllərinin şahidi olmuşuq. Özü də tarixi, dini, mədəniyyəti, dili olmayan ermənilər tərəfindən törədilən terrorun.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər