Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın sülh gündəliyinin əsas istiqamətlərini bir daha ortaya qoydu. Dövlət başçısı regionda yaranmış yeni reallıqları diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan postmünaqişə dövründə əməkdaşlıq və sabitlik siyasətinə üstünlük verir.
İkinci Qarabağ müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi vəziyyət formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda separatizmə son qoyub. Bununla da uzun illər davam edən münaqişənin əsas səbəbi aradan qalxıb.
Azərbaycan son illərdə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə öz diplomatik imkanlarını genişləndirib. Bakı artıq qlobal və regional müzakirələrin aparıldığı əsas platformalardan birinə çevrilib. “Avropa Siyasi Birliyi” kimi nüfuzlu platformanın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq etimad qazandığını nümayiş etdirir.
Ölkə başcısı çıxışında regional sülh və təhlükəsizlik məsələlərinə də toxundu. O, bildirdi ki, Azərbaycan bölgədə davamlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində mühüm addımlar atır. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini diqqətə çatdıraraq regionda yeni əməkdaşlıq mühitinin formalaşmasının vacibliyini vurğuladı. Bu yanaşma Azərbaycanın həm region ölkələri, həm də Avropa dövlətləri ilə münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əlaqələr sahəsində Azərbaycanın oynadığı rol xüsusi qeyd olundu. Bu kontekstdə “Avropa Siyasi Birliyi” platformasının qarşılıqlı etimadın gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğu bildirildi.
Azərbaycan regionda sülhün bərqərar olunmasını əsas prioritetlərdən biri kimi irəli sürür. Buna baxmayaraq, müxtəlif siyasi maraqlardan çıxış edən bəzi qüvvələr və dairələr sülh prosesinə mane olmağa, tərəflər arasında etimadsızlığı dərinləşdirməyə çalışırlar. Lakin bütün bu cəhdlərə rəğmən, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh gündəliyinə sadiqliyini nümayiş etdirir, regional əməkdaşlığın və uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ardıcıl addımlar atır. Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın regional sülhə sadiqliyinin vurğulanması oldu. Dövlət başçısı bəyan etdi ki, sülh prosesinə mane olmaq istəyən qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz sülh gündəliyinə sadiq qalır. Bu mesaj həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm siyasi çağırış idi.
Sonda Prezident İlham Əliyev Azərbaycanın Avropa ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğulayaraq, qarşılıqlı etimad və maraqlara əsaslanan əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı Azərbaycanın çoxtərəfli beynəlxalq platformalarda fəal iştirakını davam etdirəcəyini və qlobal sülh, təhlükəsizlik və inkişaf səylərinə töhfə vermək əzmində olduğunu bəyan etdi.
Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı