2026-cı il 4 may tarixində Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxış həm regional siyasət, həm də Avropa ilə münasibətlər baxımından mühüm siyasi mesajlarla yadda qaldı. Çıxışda səsləndirilən fikirlər təkcə Azərbaycanın beynəlxalq nüfuzunun artmasını deyil, eyni zamanda Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığını nümayiş etdirdi. Xüsusilə Ermənistanın 2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçirilməsinə dəstək verməsi Prezident İlham Əliyev tərəfindən “sülhün real olmasının aydın göstəricisi” kimi təqdim olundu və bu fikir regional münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq platformalarda konstruktiv və balanslaşdırılmış siyasət yürütməsini vurğulaması idi. Dövlət başçısı qeyd etdi ki, bir il əvvəl Tiranada keçirilən görüş zamanı Avropa liderləri Ermənistanın 2026-cı ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünə ev sahibliyi etməsi məsələsinə münasibətini soruşduqda Azərbaycan bu təşəbbüsü dəstəkləmişdir. Bu yanaşma Azərbaycanın regional rəqabəti qarşıdurma üzərindən deyil, əməkdaşlıq və diplomatik tarazlıq üzərindən qurmaq niyyətini göstərir.
Əslində, Azərbaycanın Ermənistanın namizədliyini dəstəkləməsi beynəlxalq ictimaiyyətə mühüm bir mesaj idi. Uzun illər münaqişə və qarşıdurma şəraitində olan iki ölkə arasında belə bir diplomatik jestin nümayiş etdirilməsi Cənubi Qafqazda münasibətlərin normallaşması istiqamətində ciddi siyasi iradənin mövcudluğunu ortaya qoydu. Bunun qarşılığında Ermənistanın da Azərbaycanın 2028-ci il Zirvə görüşünə ev sahibliyi etməsini dəstəkləməsi qarşılıqlı etimadın formalaşmağa başladığını göstərən mühüm addım kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri isə çıxışın ən diqqətçəkən və siyasi baxımdan ən dərin mesajlarından biri idi. Bu ifadə həm müharibədən sonrakı reallıqları, həm də regionun keçdiyi mürəkkəb transformasiya prosesini əks etdirir. Burada əsas məqam odur ki, sülh təkcə sənədlərlə və bəyanatlarla əldə olunmur; sülh uzunmüddətli siyasi iradə, qarşılıqlı etimad və əməkdaşlıq mühiti tələb edir. Prezidentin bu yanaşması Azərbaycanın regionda qalıcı sabitlik tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.
Çıxışın digər mühüm tərəfi Azərbaycanın Avropa ilə münasibətlərində artan rolunun nümayiş etdirilməsi idi. “Avropa Siyasi Birliyi” platforması Avropa qitəsində siyasi dialoq və əməkdaşlıq üçün mühüm formatlardan biri hesab olunur. Azərbaycanın bu platformada fəal iştirak etməsi ölkənin Avropanın enerji təhlükəsizliyi, nəqliyyat layihələri və regional sabitlik məsələlərində mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir. 2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarı isə ölkənin beynəlxalq diplomatik çəkisinin artmasının göstəricisidir.
Bu qərar həm də Azərbaycanın təhlükəsizlik, logistika və beynəlxalq tədbirlərin təşkili sahəsində artan imkanlarının tanınması deməkdir. Son illərdə Bakı bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və qlobal diplomatik mərkəzlərdən birinə çevrilmək istiqamətində mühüm addımlar atıb. “Avropa Siyasi Birliyi” Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkənin Avropa ilə siyasi dialoqda daha fəal rol oynayacağını göstərir.
Prezident İlham Əliyevin çıxışında hiss olunan əsas siyasi xəttlərdən biri də qarşıdurmadan əməkdaşlığa keçid mesajı idi. Azərbaycan postmünaqişə dövründə regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və qarşılıqlı inteqrasiya təşəbbüsləri ilə çıxış edir. Ermənistanın Azərbaycanın beynəlxalq təşəbbüslərinə dəstək verməsi isə bu prosesin tam olmasa da, müəyyən nəticələr verdiyini göstərir. Bu vəziyyət gələcəkdə regionda daha geniş əməkdaşlıq platformalarının yaranması üçün də imkanlar açır.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı Azərbaycanın həm regional, həm də beynəlxalq siyasətdə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Çıxışda verilən mesajlar diplomatik balans, qarşılıqlı dəstək və sülh gündəliyinin ön plana çıxarıldığını göstərdi. Ermənistanın Azərbaycanın namizədliyini dəstəkləməsi və Azərbaycanın da eyni yanaşmanı nümayiş etdirməsi regionda münasibətlərin tədricən normallaşması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər yaradır.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı