Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi tarixi çıxış postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların beynəlxalq auditoriya önündə mükəmməl təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan paytaxtında təşkil olunan nüfuzlu siyasi platformada səslənən mesajlar həm regionda sülh prosesinin mahiyyətini, həm də Avropa təsisatlarının bu prosesə münasibətini aydın şəkildə ortaya qoydu. Çıxış bütövlükdə Azərbaycanın regional əməkdaşlıq və sülh gündəliyinə sadiqliyini nümayiş etdirməklə yanaşı, bəzi beynəlxalq qurumların qərəzli yanaşmalarına qarşı prinsipial siyasi mövqeyin ifadəsi kimi yadda qaldı.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Ermənistanın “Avropa Siyasi Birliyi”nin gələcək Zirvə toplantılarından birinin 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləməsi ilə bağlı səsləndirdiyi fikir oldu. Bu detal ilk baxışda sadəcə diplomatik nəzakət kimi görünə bilər. Lakin əslində həmin məqam Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi göstəricidir. Uzun illər qarşıdurma və müharibə şəraitində yaşamış iki ölkənin artıq beynəlxalq platformalarda bir-birinin təşəbbüslərini dəstəkləməsi regionda sülh atmosferinin yaranmağa başladığını göstərir. Prezident İlham Əliyevin “biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri də bu baxımdan xüsusi siyasi məzmun kəsb edir. Bu ifadə həm postmünaqişə dövrünün həssaslığını, həm də yeni münasibətlər sisteminin tədricən formalaşdığını göstərir.
Çıxışda sülhün yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real praktiki nəticələr müstəvisində təqdim olunması xüsusilə diqqət çəkir. Azərbaycanın Ermənistan üçün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması, bu ölkəyə Azərbaycan ərazisi vasitəsilə 28 min ton yükün çatdırılması və ilk dəfə olaraq neft məhsullarının ixracına başlanılması regionda iqtisadi əməkdaşlıq modelinin qurulduğunu göstərən mühüm faktorlardır. Bu yanaşma onu göstərir ki, Bakı postmünaqişə mərhələsini revanşizm deyil, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişləndirilməsi imkanları üzərində qurmağa çalışır.
Prezident İlham Əliyevin “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi barəsində səsləndirdiyi fikirlər də regional geosiyasətin yeni istiqamətlərini nümayiş etdirdi. Azərbaycanı Naxçıvanla birləşdirəcək bu marşrutun eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevrilməsi Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika xəritəsində artan rolunu ortaya qoyur. Bu layihə həm iqtisadi, həm də siyasi baxımdan regionda qarşılıqlı münasibətlərin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm təşəbbüs kimi təqdim edilir.
Bununla yanaşı, cənab Prezidentin Avropa təsisatlarına münasibətdə səsləndirdiyi fikirlər Azərbaycanın heç bir təzyiq və qərəzli yanaşma qarşısında geri çəkilmədiyini, beynəlxalq ədalətsizliklərə qarşı isə hər zaman prinsipial və cəsarətli mövqe nümayiş etdirdiyini göstərir. İlham Əliyev Avropa Komissiyasının Ermənistan-Azərbaycan sülh prosesinə verdiyi dəstəyi müsbət qiymətləndirsə də, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətini sərt şəkildə tənqid etdi. Burada əsas diqqət ikili standartlar məsələsinə yönəldildi. Azərbaycan tərəfi hesab edir ki, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilib. Prezidentin “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir” fikri bu baxımdan çıxışın əsas tezislərindən biri kimi dəyərləndirilməlidir. İlham Əliyev vurğuladı ki, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə məşğuldur. Dövlət başçısı Avropa Parlamentinin ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya və sosial problemlər kimi fundamental məsələləri həll etmək əvəzinə, Azərbaycan əleyhinə siyasi kampaniya aparmasını ciddi şəkildə tənqid etdi. Bu fikirlər son illər Azərbaycanın Avropa institutları ilə münasibətlərində yaranmış gərginliyin siyasi mahiyyətini açıq şəkildə nümayiş etdirdi.
Çıxışın mühüm xüsusiyyətlərindən biri də sərt siyasi mesajlarla yanaşı, diplomatik balansın qorunması idi. Prezident İlham Əliyev yekunda Ermənistanın Baş naziri Nikol Paşinyanı Zirvə görüşünün keçirilməsi münasibətilə təbrik etdi və Azərbaycanın bütün maneələrə baxmayaraq sülh gündəliyinə sadiq qaldığını vurğuladı. Bu yanaşma göstərir ki, Bakı regionda uzunmüddətli sabitlik və əməkdaşlıq modelini prioritet hesab edir.
Cənab Prezidentin kifayət qədər məzmunlu nitqi bir daha göstərdi ki, Cənubi Qafqaz artıq yeni siyasi mərhələyə daxil olur. Azərbaycan bu mərhələdə özünü yalnız hərbi-siyasi qələbə əldə etmiş tərəf kimi deyil, regional əməkdaşlıq, nəqliyyat kommunikasiyaları və diplomatik dialoq təşəbbüslərinin aparıcı iştirakçısı kimi təqdim etməyə çalışır. Bütövlükdə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı Azərbaycanın postmünaqişə dövründə regional sülhə və əməkdaşlığa sadiqliyini nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisini və nüfuzunu da aydın şəkildə ortaya qoydu. Çıxış zamanı səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan artıq yalnız regionda yeni reallıq yaradan dövlət deyil, həm də bu reallıqları beynəlxalq platformalarda qətiyyətlə müdafiə edən güclü siyasi aktordur.
Dövlət başçısının beynəlxalq auditoriya qarşısında cəsarətlə səsləndirdiyi fikirlər Azərbaycanın heç bir siyasi təzyiq və qərəzli yanaşma qarşısında geri çəkilmədiyini nümayiş etdirdi. Bu siyasi qətiyyət və özünəinam isə ilk növbədə Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin, dövlətimizin regional və qlobal proseslərdə söz sahibi olmasının bariz göstəricisidir. Bu gün Azərbaycan elə bir inkişaf mərhələsinə çatıb ki, artıq beynəlxalq platformalarda hadisələrə münasibət bildirən tərəf deyil, siyasi gündəliyin formalaşmasına təsir göstərən güclü dövlət kimi çıxış edir.
Pərvin Eyvazov
Filologiya elmləri üzrə fəlsəfə doktoru,
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi