Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) dəstəyi ilə keçirilən Ümumdünya Şəhər Forumu (WUF) qlobal urbanizasiya problemlərini müzakirə etmək üçün ən mühüm platformalardan biridir. Bu mötəbər tədbirin 13-cü sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və şəhərsalma sahəsindəki nailiyyətlərinin bariz göstəricisidir. Prezident İlham Əliyevin WUF 13-lə bağlı çıxışları bu möhtəşəm tədbirin ölkəmiz üçün əhəmiyyətini və Bakının qlobal müzakirələrə qatqısını açıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyev öz çıxışlarında Bakının tarixi irsini və sürətli inkişafını vurğulayaraq, şəhərin urbanizasiya təcrübəsinin dünya üçün maraqlı olacağını bildirir. Doğrudan da, Bakı qədim Şərq ənənələri ilə müasir Qərb arxitekturasını özündə birləşdirən unikal bir məkandır. Son onilliklərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış kompleksləri, ictimai məkanlar və nəqliyyat sisteminin yenidən qurulması şəhərin simasını köklü şəkildə dəyişmişdir.
Bakının WUF 13-ə ev sahibliyi etməsi, bu transformasiya prosesini beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm fürsətdir. Forum iştirakçıları Azərbaycanın şəhərsalma təcrübəsini yaxından öyrənmək, tarixi abidələrin qorunması ilə yanaşı, müasir və ağıllı şəhər texnologiyalarının tətbiqi sahəsindəki nailiyyətlərlə tanış olmaq imkanı əldə edəcəklər.
Prezidentin çıxışlarında xüsusi diqqət çəkdiyi mühüm məqamlardan biri də işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasıdır. Uzun illər davam edən işğal nəticəsində dağıdılmış şəhər və kəndlərin bərpası Azərbaycan dövlətinin qarşısında duran ən başlıca prioritetlərdən biridir. Bu proses "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında həyata keçirilir, ən müasir texnologiyalar və ekoloji cəhətdən təmiz həllər tətbiq olunur.
Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi artıq öz bəhrəsini vermiş və ilk sakinlərini qəbul etmişdir. Eyni zamanda, Ağdam, Füzuli, Cəbrayıl və digər işğaldan azad edilmiş şəhərlərin Baş planları təsdiqlənmiş və genişmiqyaslı tikinti-quruculuq işləri davam edir. WUF 13 çərçivəsində bu nəhəng bərpa prosesi barədə məlumatların paylaşılması, "post-münaqişə" dövründə şəhərlərin yenidən qurulması üzrə Azərbaycan təcrübəsinin beynəlxalq ictimaiyyət tərəfindən öyrənilməsinə şərait yaradacaqdır.
Ümumdünya Şəhər Forumu iqlim dəyişikliyi, sosial bərabərsizlik, miqrasiya və iqtisadi böhranlar kimi qlobal çağırışların şəhərlərə təsirini müzakirə etmək üçün də vacib platformadır. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini və bu qlobal problemlərin həllində fəal iştirak etmək əzmində olduğunu vurğulayır.
Bakının WUF 13-ə ev sahibliyi etməsi, Azərbaycanın bu sahədəki təşəbbüslərini və nailiyyətlərini beynəlxalq arenada təqdim etmək üçün bir fürsətdir. Forum çərçivəsində dayanıqlı şəhər inkişafı, ekoloji problemlərin həlli, sosial inklüzivlik və ədalətli mənzil təminatı kimi məsələlər ətrafında geniş müzakirələr aparılacaq və yeni qərarlar qəbul ediləcəkdir.
Prezident İlham Əliyevin WUF 13-lə bağlı çıxışları Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini nümayiş etdirir. Forum, Azərbaycanın şəhərsalma təcrübəsini, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpası prosesini dünya ilə bölüşmək, qlobal urbanizasiya çağırışlarına cavab axtarmaq və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək üçün unikal bir platforma olacaqdır.
Rizvan Məmmədov
YAP Şahbuz rayon təşkilatının sədri