PDF Oxu

Siyasət

  • 689

Qurtuluşdan Zəfərə: Heydər Əliyevin xilas etdiyi Azərbaycanı İlham Əliyev zirvələrə daşıdı

image

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti bütöv bir xalqın taleyi ilə ölçülür. 15 İyun – Milli Qurtuluş Günü məhz belə günlərdəndir. Bu tarix Azərbaycanın məhv olmaq təhlükəsindən xilas olduğu, dövlətçiliyinin qorunduğu, müstəqilliyinin əbədilik qazandığı gün kimi xalqımızın yaddaşına həkk olunub. Bu günün müəllifi isə öz xalqının ən ağır məqamında onun harayına yetişən, dövlətçiliyi xilas edən böyük şəxsiyyət – Ulu Öndər Heydər Əliyevdir.
1990-cı illərin əvvəllərində Azərbaycan tarixinin ən mürəkkəb və faciəli dövrlərindən birini yaşayırdı. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi xaos, idarəetmədə böhran, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması təhlükəsi hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, dövlət institutları iflic vəziyyətinə düşürdü. Ölkə faktiki olaraq parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir taleyüklü məqamda xalqın ümid yeri yalnız Heydər Əliyev idi. Azərbaycan xalqı inanırdı ki, ölkəni bu uçurumdan çıxarmağa qadir yeganə lider məhz odur. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da ölkənin xilas missiyasını öz üzərinə götürdü.
Həmin gün Azərbaycan tarixinin dönüş nöqtəsinə çevrildi. Çünki 15 İyun sadəcə hakimiyyət dəyişikliyi deyildi. Bu tarix dövlətçiliyin məhv olmaq təhlükəsindən qurtuluşu, sabitliyin bərpası, milli birliyin təmin olunması və müstəqil Azərbaycanın gələcəyinin müəyyənləşdirilməsi demək idi.
Ulu Öndər həmin gün üzərinə götürdüyü məsuliyyətin böyüklüyünü çox yaxşı anlayırdı. O, Azərbaycan xalqına müraciətində demişdi:
“Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.”
Bu sözlər sadəcə siyasi bəyanat deyildi. Bu, bir dövlət adamının xalqına verdiyi tarixi söz idi. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, Heydər Əliyev həmin vədə ömrünün son gününədək sadiq qaldı.
Onun rəhbərliyi ilə ölkədə qanunçuluq və sabitlik bərpa edildi, separatizm meyllərinin qarşısı alındı, nizami ordu quruculuğuna başlanıldı, iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldi, xarici siyasətdə balanslı və milli maraqlara söykənən kurs müəyyən edildi. Məhz həmin dövrdə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi müstəqilliyinin təməl daşına çevrildi.
Ulu Öndərin ən böyük xidmətlərindən biri isə müasir Azərbaycan dövlətinin ideoloji və institusional əsaslarını yaratması oldu. O, dövlətçiliyi təsadüflərin deyil, güclü siyasi iradənin və milli maraqların üzərində qurdu. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və ölkəni sabit inkişaf yoluna çıxardı.
Heydər Əliyev öz həyat amalını belə ifadə etmişdi:
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”
Bu sözlər onun bütün siyasi fəaliyyətinin mahiyyətini əks etdirirdi. Həqiqətən də, Ulu Öndər Azərbaycanın xilaskarı, müstəqilliyimizin memarı və yeni dövlətçiliyimizin banisi kimi tarixə adını qızıl hərflərlə yazdırdı.
Lakin tarix bununla yekunlaşmadı. Heydər Əliyevin qurduğu dövlətçilik məktəbi, müəyyən etdiyi inkişaf strategiyası sonrakı dövrdə yeni uğurların əsasına çevrildi. Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni tarixi nailiyyətlərlə zənginləşdirildi.
Əgər Heydər Əliyev müasir Azərbaycanın əsasını qoydusa, Prezident İlham Əliyev həmin Azərbaycanı yeni zirvələrə yüksəltdi. Onun rəhbərliyi ilə ölkəmiz regionun lider dövlətinə çevrildi, iqtisadi gücü dəfələrlə artdı, beynəlxalq nüfuzu yüksəldi, müstəqil siyasət yürüdən güclü dövlət kimi dünya miqyasında qəbul olundu.
Ən əsası isə Ulu Öndərin yarımçıq qalmış ən böyük arzusu reallığa çevrildi. İşğal altında olan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xankəndidə Azərbaycan Bayrağı əzəmətlə dalğalanmağa başladı.
Prezident İlham Əliyevin Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində səsləndirdiyi sözlər bu tarixi zəfərin mənəvi mahiyyətini ən dolğun şəkildə ifadə etdi:
“Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”
Bu müraciətdə təkcə bir qələbənin sevinci yox, həm də Heydər Əliyev ideyalarının təntənəsi vardı. Çünki Qarabağın və Şuşanın azad olunması məhz Ulu Öndərin yaratdığı güclü dövlətin, formalaşdırdığı ordu quruculuğu siyasətinin və müəyyən etdiyi strateji inkişaf kursunun məntiqi nəticəsi idi.
Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, yeni şəhərlər və kəndlər salınır, Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Bütün bunlar Heydər Əliyevin qurduğu dövlətin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənməsinin və inkişaf etməsinin parlaq təzahürüdür.
Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə aparan yolun başlanğıcı kimi yaşayır. Bu gün xalqımız qürur hissi ilə qeyd edir ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə əsası qoyulan müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
Milli Qurtuluşdan başlanan yol bu gün Zəfər və Qürur yoluna çevrilib. Bu yolun başlanğıcında Heydər Əliyev dayanırsa, onun möhtəşəm davamını yazan Prezident İlham Əliyevdir. Azərbaycanın dünəni Qurtuluş, bu günü Zəfər, sabahı isə daha böyük uğurlar və yeni zirvələr deməkdir.

Elnarə Akimova,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru

Digər xəbərlər