“26 İyun – Ümumdünya Narkotiklərlə Mübarizə Günü” çərçivəsində Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşkilatçılığı sayəsində baş tutan tədbiri açan icra başçısının birinci müavini, Rayon Komissiyasının sədri Tohid Hüseynov çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verib. Natiq bildirib ki, proqramın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə edilərək sağlam həyata qaytarılmasının təmin olunmasıdır. Ötən əsrin ortalarından etibarən narkomaniya müxtəlif xalqların genofonduna ciddi zərbə vuran, qarşısıalınmaz təhlükəyə, ümumbəşəri bəlaya çevrilmişdir. Azərbaycan dövləti bu ümumbəşəri problemin qarşısının alınması məqsədilə ardıcıl tədbirlər həyata keçirir, beynəlxalq təşkilatlar və dünya ölkələri ilə birgə mübarizə aparır.
“ Cəmiyyət həyatının bütün sahələrində əldə olunan nailiyyətlərlə yanaşı, insanların sosial, iqtisadi və mənəvi dəyərlərinə ciddi zərbə vuran narkomaniya və narkobiznes problemi xüsusi narahatlıq doğurur”- deyən Masallı Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi, Rayon Komissiyasının katibi Azər Bəhmənov daha sonra vurğulayıb ki, Dövlət Proqramına uyğun olaraq 2026-cı il ərzində Rayon Komissiyası tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilib. “Narkomaniya yer üzünün cəhənnəmidir” adlı sənədli filmlər, marixuana və psixotrop maddələr haqqında bukletlər və digər maarifləndirici materiallar təhsil müəssisələrinə, idman və gənclər təşkilatlarına təqdim olunmuş, məktəbli və gənclər vaxtaşırı narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu zərərlər barədə məlumatlandırılır.
Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov çıxışında deyib:- Rayon polis şöbəsi tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparılır. Cari ilin ötən dövrü ərzində qanunsuz dövriyyədən ümumilikdə 63 kiloqram narkotik vasitə götürülüb. Narkomaniyanın qarşısını almaq üçün hamı fəal olmalıdır. Natiq, həmçinin yetkinlik yaşına çatmayan şəxslər arasında narkotiklərlə bağlı hüquqpozmalara qarşı profilaktik tədbirlərin gücləndirildiyini, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları, təhsil müəssisələri, əmək kollektivləri və aidiyyəti komissiyalar arasında əməkdaşlığın genişləndirildiyini diqqətə çatdırıb.
Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev öz çıxışında qeyd edib ki, təhsil müəssisələri uşaqların, yeniyetmələrin və gənclərin maariflənməsində, şəxsiyyətlərinin formalaşmasında və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır. Buna görə də ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları və narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilir. 2026-cı ilin ötən dövrü ərzində təhsilalanlara narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə, onları neqativ hallardan çəkindirmək, məktəblilərin təhsilə, elmə və idmana marağını artırmaq məqsədilə keçirilən müxtəlif tədbirlərdə hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən ətraflı məlumat verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü