PDF Oxu

Siyasət

  • 730

22 İyul – Milli Mətbuat Günü: milli sözün və azad fikrin şərəfli salnaməsi - ŞƏRH

image

Hər il iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1875-ci ildə böyük maarifçi, görkəmli ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”nin nəşrə başlaması ilə bağlıdır. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında və ana dilinin inkişafında müstəsna rol oynadı. Məhz buna görə də iyulun 22-si Azərbaycan milli mətbuatının yaranma günü kimi tarixə həkk olunmuşdur.
Milli mətbuatın yaranması xalqımızın ictimai-siyasi və mədəni inkişafında yeni bir mərhələnin əsasını qoydu. Həsən bəy Zərdabi çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, cəmiyyətin tərəqqisini yalnız elm, təhsil və maarif yolu ilə mümkün hesab edir, qəzeti xalqın maariflənməsi üçün ən təsirli vasitə kimi dəyərləndirirdi. Onun əsas məqsədi xalqı savadlanmağa, milli dəyərləri qorumağa, cəmiyyətin problemlərinə biganə qalmamağa çağırmaq idi.
“Əkinçi”dən sonra Azərbaycan mətbuatında yeni mərhələ başladı. “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Açıq söz” kimi nəşrlər milli mətbuatın inkişafına mühüm töhfələr verdilər. Bu qəzet və jurnallar təkcə xəbərləri oxuculara çatdırmır, eyni zamanda milli düşüncənin formalaşmasına, azərbaycançılıq ideyasının möhkəmlənməsinə və cəmiyyətin maariflənməsinə xidmət edirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı üçün geniş imkanlar yarandı. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində tarixi addım oldu. Bu qərar müstəqil medianın inkişafına yeni nəfəs verdi, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün hüquqi və demokratik mühit formalaşdırdı.
Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, azad mətbuat demokratik cəmiyyətin əsas göstəricilərindən biridir. Onun rəhbərliyi dövründə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial problemlərinin həlli və informasiya mühitinin inkişafı istiqamətində mühüm qərarlar qəbul edildi.
Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasətinin müasir tələblərə uyğunlaşdırılması, medianın inkişafı, rəqəmsal informasiya mühitinin genişləndirilməsi və jurnalist peşəsinin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Medianın institusional inkişafı, peşəkarlığın yüksəldilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və sağlam media mühitinin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Son illər media sahəsində həyata keçirilən islahatlar, xüsusilə yeni hüquqi mexanizmlərin tətbiqi, informasiya məkanında məsuliyyətin və peşəkarlığın artırılmasına xidmət edir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların peşə fəaliyyətinin dəstəklənməsi və müasir texnologiyalarla işləmək imkanlarının genişləndirilməsi milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Azərbaycan mətbuatı Vətən müharibəsi dövründə də üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirdi. Yerli media orqanları və jurnalistlər cəbhədə baş verən hadisələri operativ şəkildə işıqlandıraraq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar. Ermənistanın uzun illər ərzində yaydığı dezinformasiyalara qarşı mübarizədə Azərbaycan mediası peşəkarlıq nümayiş etdirdi, dövlətimizin haqlı mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verdi.
Postmüharibə dövründə isə media azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini, Böyük Qayıdış proqramının icrasını, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişini mütəmadi olaraq ictimaiyyətə təqdim edir. Bu materiallar cəmiyyətin dövlət quruculuğu prosesləri barədə obyektiv məlumatlandırılmasına xidmət edir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı medianın fəaliyyətinə yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də gətirib. Sosial şəbəkələrin və rəqəmsal platformaların geniş yayılması informasiyanın sürətlə yayılmasını təmin etsə də, dezinformasiya və saxta xəbərlərin artması peşəkar jurnalistikanın əhəmiyyətini daha da artırır. Bu baxımdan operativliklə yanaşı, obyektivlik, dəqiqlik və peşə etikası prinsiplərinə sadiqlik hər bir jurnalistin əsas vəzifəsidir.
Milli mətbuat cəmiyyətlə dövlət arasında etibarlı körpü rolunu oynayır. O, ictimai rəyin formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə, vətənpərvərlik ruhunun gücləndirilməsinə və gənc nəslin düzgün informasiya ilə təmin olunmasına mühüm töhfə verir. Peşəkar jurnalistika cəmiyyətin inkişafına xidmət edən ən vacib institutlardan biri olaraq öz aktuallığını qoruyur.
Bu gün Azərbaycan mediası zəngin tarixi ənənələrə söykənərək müasir dövrün çağırışlarına uyğun inkişaf edir. Milli mətbuatımız həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın milli maraqlarını qorumaq, dövlətimizin uğurlarını və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq kimi məsuliyyətli missiyanı şərəflə yerinə yetirir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, fotojurnalistləri və informasiya sahəsində çalışan hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, peşə fəaliyyətlərində obyektivlik, prinsipiallıq və yeni nailiyyətlər arzulayırıq. Əminik ki, Azərbaycan milli mətbuatı gələcəkdə də dövlətimizin inkişafına, cəmiyyətimizin maariflənməsinə və milli maraqlarımızın qorunmasına layiqli töhfələr verməyə davam edəcək.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri

Digər xəbərlər