Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix milli jurnalistikamızın keçdiyi zəngin inkişaf yoluna, söz və fikir azadlığı uğrunda mübarizəyə, maarifçilik ənənələrinə və dövlətçilik tariximizdə mətbuatın oynadığı mühüm rola ehtiramın ifadəsidir. Bir əsr yarımdan artıq müddətdə Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsinə, milli özünüdərkin formalaşmasına, ictimai fikrin inkişafına və dövlətçilik dəyərlərinin möhkəmlənməsinə mühüm töhfələr verib.
22 iyul Azərbaycan milli mətbuatının yaranma günü kimi ölkəmizin ictimai-siyasi və mədəni tarixində xüsusi əhəmiyyətə malikdir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsası qoyuldu. Ana dilində nəşr olunan ilk qəzet olmaqla yanaşı, "Əkinçi" xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına, ana dilinin inkişafına və müasir ictimai fikrin təşəkkülünə xidmət edən böyük bir ideya məktəbinin başlanğıcı oldu.
Azərbaycan milli mətbuatının inkişaf tarixi xalqımızın azadlıq, milli oyanış və dövlətçilik uğrunda mübarizəsinin ayrılmaz tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Azərbaycan milli mətbuatının inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu fikir milli mətbuatın cəmiyyətin formalaşmasında və dövlətçilik düşüncəsinin möhkəmlənməsində oynadığı tarixi rolu dolğun şəkildə ifadə edir.
Cəmi 56 nömrəsi işıq üzü görən "Əkinçi" qəzeti Azərbaycan jurnalistikasının ideoloji və peşəkar təməlini yaratdı. Həsən bəy Zərdabi qəzet vasitəsilə elm və təhsili, milli-mənəvi dəyərləri, ana dilini, kənd təsərrüfatını və ictimai tərəqqini təbliğ edir, xalqı maariflənməyə və yeniliklərə açıq olmağa səsləyirdi. Sonrakı illərdə "Ziya", "Kəşkül", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad" və "Açıq söz" kimi nəşrlər bu müqəddəs missiyanı davam etdirərək milli şüurun inkişafına mühüm töhfələr verdilər.
Azərbaycan mətbuatı tarix boyu müxtəlif çətinliklərlə üzləşsə də, öz əsas missiyasına sadiq qaldı. Çar Rusiyası dövründə senzura şəraitində fəaliyyət göstərən mətbuat milli ideyaların yaşadılmasına xidmət etdi. Azərbaycan Xalq Cümhuriyyəti illərində istiqlal və demokratik dəyərlərin carçısına çevrildi. Sovet dövründə isə ideoloji məhdudiyyətlərə baxmayaraq, milli düşüncənin qorunması və maarifçilik ənənələrinin yaşadılması istiqamətində mühüm rol oynadı.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafında yeni mərhələ başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının hüquqi əsasları möhkəmləndirildi, 1998-ci ildə senzura ləğv edildi və müasir media mühitinin formalaşmasına geniş imkanlar yaradıldı. Bu qərar Azərbaycan jurnalistikasının inkişaf tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə media siyasəti dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. İnformasiya təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal medianın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması və milli informasiya məkanının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. "Media haqqında" Qanun, Medianın İnkişafı Agentliyinin fəaliyyəti, media subyektlərinə göstərilən dəstək və jurnalistlərin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə media yalnız xəbərləri çatdıran vasitə deyil, həm də milli maraqların müdafiəsində mühüm strateji resursdur.
Bu, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə aydın şəkildə özünü göstərdi. Azərbaycan mediası informasiya cəbhəsində peşəkarlıq nümayiş etdirərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarını faktlarla ifşa etdi, operativ və etibarlı məlumatlarla ictimaiyyəti məlumatlandırdı, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə verdi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və ölkəmizin sülh təşəbbüsləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da milli media fəal rol oynayır.
Azərbaycanın beynəlxalq media əməkdaşlığında artan nüfuzunun mühüm göstəricilərindən biri də Şuşa Qlobal Media Forumudur. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya gətirən forum informasiya təhlükəsizliyi, süni intellekt, rəqəmsal transformasiya, media etikası və dezinformasiyaya qarşı mübarizə kimi aktual məsələlərin müzakirə olunduğu nüfuzlu platformaya çevrilib.
Bir əsr yarımdan artıq tarixə malik Azərbaycan milli mətbuatı bu gün də "Əkinçi"nin müəyyən etdiyi maarifçilik və həqiqət yoluna sadiq qalaraq inkişaf edir. Texnologiyalar dəyişir, informasiya məkanında yeni çağırışlar yaranır, lakin milli jurnalistikanın əsas missiyası dəyişmir – cəmiyyətin obyektiv məlumatlandırılması, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və həqiqətin müdafiəsi.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, yüksək peşəkarlıq və həqiqətə xidmət yolunda davamlı nailiyyətlər arzulayırıq.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı