Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu öndər mətbuatı demokratiyanın əsas prinsipi kimi dəyərləndirmişdir. Mətbuat sahəsinin inkişafına xüsusi diqqət yetirən Heydər Əliyevin 1998ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı imzalaması ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmışdır. Məhz senzuranın ləğvini özündə ehtiva edən, mətbuatın inkişafını, vətəndaşların beynəlxalq hüquq normalarını və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edən fərman medianın uğurlu inkişafının əsasını təşkil edir. 1999-cu il dekabrın 7-də qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı öz təsdiqini tapmışdır. Ulu öndər deyirdi:"Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir".
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə, söz azadlığına, mətbuat azadlığının qorunması siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir. Milli mətbuatın yaranmasının 130 və 135 illik yubileylərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, sonrakı dövrdə, demək olar ki, hər il qəzetlərə birdəfəlik yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, Azərbaycanda mətbuatın inkişafına, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi, sonrakı dövrdə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması bu sahədə ciddi dönüşün və irəliləyişin yaranmasına gətirib çıxardı. Məhz KİVDF-nin mütəmadi olaraq keçirdiyi yazı müsabiqələri, o cümlədən, Fond tərəfindən KİV-lərə birdəfəlik yardımların ayrılması, KİV-lərin irəli sürdüyü layihələrə maddi dəstəyin verilməsi ölkəmizdə jurnalistikanın inkişafında, bu sahəyə olan marağın daha da artmasında müstəsna rol oynadı.
Məlum olduğu kimi, Prezident İlham Əliyev hər zaman jurnalistlərin sosial rifah halının yüksəldilməsi məsələsini də diqqət mərkəzində saxlayır. Bu istiqamətdə atılan addımlar media nümayəndələrinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Bu mənada 2010-cu ildə - Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan mühüm Sərəncam xüsusi vurğulanmalıdır. Sərəncamın uğurlu icrası nəticəsində 2013-cü ildə jurnalistlərə yeni evlər verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışında bu tədbirlərin davamlı xarakter daşıyacağını bəyan etdi. Elə həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzalandı və ölkə başçısı jurnalistlər üçün 240 mənzilli yeni binanın təməlqoyma mərasimində iştirak etdi.
Bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə durur. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınmış, xeyli sayda jurnalist təşkilatları və ictimai birlikləri fəaliyyət göstərir. Bütün bunlar mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.
Vüqar İsmayılov
YAP Xocalı rayon təşkilatının əməkdaşı