151 il bundan əvvəl milli mətbuatın təməl daşını qoyan, böyük sözə böyük önəm verən Həsən bəy Zərdabi deyirdi ki, insanlar beşikdən başlayıb ömrünün sonuna qədər sözlə danışır, bir-birini başa düşür, mütərəqqi ideyalara, əməllərə qədəm qoyurlar. Ona görə də söz müqəddəs olmalıdır, onun nizamı gərək heç zaman pozulmasın. Həsən bəy Zərdabi istəyirdi ki, arzusunda olub nəşr edəcəyi "Əkinçi" qəzeti yalnız insanların ana qucağında eşitdiyi dildə çıxsın, hamı onu anlasın. Məhz belə bir müqəddəs istəyə 1875-ci ildə çata bildi.
Həsən bəy Zərdabinin ağıllı, müdrik, halal, söz dünyasından işıq üzü görən “Əkinçi” xalqı cəhalət yuxusundan oyatdığı üçün, insanları elmlə tərəqqi yoluna dəvət etdiyinə görə əbədi olaraq yaşamağa qadirdir. Odur ki, Həsən bəy Zərdabinin xatirəsi hər il iyulun 22-də yad edilir və ənənə yenə qalır, bundan sonra da əbədi qalacaq. Respublikamızın hər yerində olduğu kimi, dünən Xəzər rayonunun Binə qəsəbəsindəki "Səda" adlı məkanda Milli Mətbuat Günü qeyd olunub.
Əməkdar jurnalist İdris Şükürlü bütün həmkarlarını bayram münasibətilə təbrik edib , daha sonra Həsən bəy Zərdabinin çoxcəhətli fəaliyyəti barədə geniş məlumat verərək deyib:- Həsən bəy Zərdabi millət yolunda çox fədakar insan idi. O, bütün varlığı ilə buna nail olmaq istəyirdi ki, ana dilində çıxan qəzet millətin inkişafına hərtərəfli təsir etsin. "Əkinçi" qəzetin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız müxbiri Həsən bəy Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və demişdir: "Siz həqiqi qəhrəmansınız! Bizdə belə bir kasıb qəzetdə işlənməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz."
Əlbəttə, fransız müxbirinin müşahidələrinin ciddi əsasları vardı. Və şübhəsiz ki, Zərdabini hərəkətə gətirən milli təşəbbüskarlıq hissi idi.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü