"Rusiya–Ukrayna münaqişəsi hazırda əsasən əvvəlki strateji xətt üzrə davam edir. Rusiya tərəfi qarşısına qoyduğu əsas hərbi-siyasi hədəfləri reallaşdırmağa çalışır. Bu hədəflər sırasında Donetsk və Luqansk vilayətlərinə tam nəzarətin təmin olunması, Ukraynanın Qara dənizə çıxış imkanlarının maksimum məhdudlaşdırılması və liman infrastrukturuna zərbələr endirməklə ölkənin iqtisadi imkanlarının zəiflədilməsi dayanır".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, bu strategiyanın əsas məqsədi Rusiyanın qərb istiqamətində öz təhlükəsizliyi baxımından tampon zona formalaşdırmaq istəyidir:"Müharibənin ilk mərhələsində Rusiyanın məqsədi Ukraynanı qısa müddətdə tam nəzarət altına almaq və Kremlə yaxın hakimiyyət formalaşdırmaq idi. Lakin ötən müddət göstərdi ki, bu ssenarinin həyata keçirilməsi mümkün olmadı. Ukraynanın müqaviməti, Qərbin geniş hərbi və maliyyə dəstəyi, eləcə də müharibənin uzanması Rusiyanı ilkin planlarını dəyişməyə məcbur etdi. Hazırda Moskvanın əsas prioriteti nəzarət etdiyi əraziləri qorumaq və onları strateji təhlükəsizlik zolağı kimi saxlamaqdır.Ukrayna isə gözləniləndən daha uzun müddət davamlı müqavimət göstərə bildi. Müharibənin uzanacağı və Ukrayna ordusunun bu qədər davamlı müdafiə qabiliyyəti nümayiş etdirəcəyi əvvəlcədən geniş şəkildə proqnozlaşdırılmırdı. Buna baxmayaraq, ölkə həm öz hərbi potensialını qorumağa, həm də beynəlxalq tərəfdaşlarının dəstəyi hesabına müdafiə imkanlarını gücləndirməyə nail olub.Şübhəsiz ki, müharibənin ən ağır yükünü Ukrayna daşıyır. İnfrastrukturun dağıdılması, iqtisadi itkilər, enerji sisteminə endirilən zərbələr və əhali arasında yaranan humanitar problemlər ölkəyə ciddi təsir göstərir. Bununla belə, Qərb dövlətlərindən alınan hərbi, maliyyə və humanitar dəstək Ukraynanın müqavimətini davam etdirməsinə imkan yaradır.Eyni zamanda, Ukraynanın strateji hesablamalarından biri də müharibənin uzanmasının Rusiyanın iqtisadi və sosial imkanlarını zəiflədəcəyidir. Hərbi xərclərin artması, sanksiyaların təsiri, iqtisadi fəallığın azalması və sosial yükün yüksəlməsi uzunmüddətli perspektivdə Rusiya daxilində narazılıqları artıra bilər. Kiyev hesab edir ki, zaman keçdikcə bu amillər Kremlin qərarlarına təsir göstərə biləcək daxili təzyiq formalaşdıra bilər.Son aylarda Ukrayna pilotsuz uçuş aparatlarının istehsalını və istifadəsini əhəmiyyətli dərəcədə artırıb. Rusiyanın dərinliklərində yerləşən hərbi və logistika obyektlərinə endirilən zərbələr göstərir ki, Ukrayna artıq yalnız müdafiə strategiyası ilə kifayətlənmir, eyni zamanda qarşı tərəfin hərbi imkanlarını zəiflətməyə yönəlmiş əməliyyatlar həyata keçirir. Bu addımlar həm hərbi, həm də psixoloji baxımdan mühüm mesaj xarakteri daşıyır.Hazırda Ukraynanın əsas məqsədi müharibəni öz maraqlarına uyğun şərtlərlə başa çatdırmaqdır. Kiyev hesab edir ki, mövcud cəbhə xətti ilə bağlanacaq sülh ərazi itkilərinin rəsmiləşdirilməsi anlamına gələ bilər. Buna görə də Ukrayna daha çox atəşkəsə nail olmağa və bu müddətdə hərbi imkanlarını gücləndirməyə, müdafiə qabiliyyətini artırmağa, gələcəkdə isə daha əlverişli siyasi-hərbi mövqe əldə etməyə üstünlük verir.Hazırkı vəziyyət göstərir ki, münaqişə hər iki tərəfin uzunmüddətli strateji məqsədləri fonunda davam edir. Rusiya nəzarət etdiyi əraziləri qorumağa və təhlükəsizlik zolağı yaratmağa çalışdığı halda, Ukrayna beynəlxalq dəstək hesabına hərbi potensialını möhkəmləndirməyə və gələcək danışıqlarda daha əlverişli mövqe qazanmağa çalışır".
Müəllif: Günel Fərzəliyeva