Prezident İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi növbəti – dövlət başçısı kimi artıq 17-ci – səfəri bir daha göstərdi ki, bu qədim diyara göstərilən diqqət təsadüfi xarakter daşımır. Bu münasibət illər ərzində formalaşmış ardıcıl, məqsədyönlü və uzaqgörən dövlət siyasətinin məntiqi davamıdır.
Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Naxçıvanın yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, həm də ölkəmizin strateji inkişafında mühüm rol oynayan bir məkan kimi əhəmiyyətini bir daha ortaya qoydu.
Təhlükəsizlik hər şeyin təməlidir
Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmaması bu bölgənin təhlükəsizliyinə hər zaman xüsusi həssaslıqla yanaşmağı zəruri edib. Naxçıvanda Əlahiddə Ordunun yaradılması, onun müasir hərbi texnika ilə təchiz olunması və yeni komando qüvvələrinin formalaşdırılması bölgənin müdafiə imkanlarının gücləndirilməsi baxımından mühüm addımlardır.
Bu siyasət mənim nəslim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz güclü ordunun və etibarlı dövlət təhlükəsizliyinin təmin olunduğu, sabitliyin qorunduğu bir Azərbaycanda böyüyürük. Bu isə gələcəyə inamımızı daha da artırır.
Enerji müstəqilliyindən enerji gücünə doğru
Prezidentin müsahibəsində diqqət çəkən mühüm məsələlərdən biri də Naxçıvanın enerji sahəsində əldə etdiyi nəticələrdir. On beş ildən artıqdır ki, Naxçıvanda qazlaşmanın 100 faiz təşkil etməsi regionun enerji təminatında görülən işlərin miqyasını göstərir. Vaxtilə İran İslam Respublikası ilə imzalanmış qaz mübadiləsi sazişi də bu istiqamətdə atılmış uzaqgörən addımlardan biri kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, Naxçıvan Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisi, 50 meqavatlıq Günəş elektrik stansiyalarının inşası və 600 hektardan çox ərazidə yeni Günəş enerjisi layihələrinin planlaşdırılması bölgənin enerji potensialının daha da artırılmasına xidmət edir.
Günəş enerjisi istehsalının gələcəkdə 500, hətta 1000 meqavata çatdırılması perspektivi Naxçıvanın enerji sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu proses eyni zamanda gənclər üçün yeni iş yerlərinin, müasir ixtisasların və peşə imkanlarının yaranmasına şərait yaradacaq.
Zəngəzur dəhlizi: yeni imkanların qapısı
Məni xüsusilə düşündürən və qürurlandıran məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı perspektivlərdir. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda öz əksini tapan bu məsələ uzun müddət müxtəlif səbəblərdən ləngisə də, Azərbaycanın prinsipial mövqeyi dəyişməyib.
2025-ci il 8 avqust tarixində Vaşinqtonda keçirilmiş Zirvə Görüşündə əldə olunan razılaşmalar isə regional nəqliyyat əlaqələrinin inkişafı baxımından yeni imkanlar yaradıb. Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipiallıq və səbir bir daha göstərir ki, ölkəmiz öz milli maraqlarını qorumaqla yanaşı, regional əməkdaşlığın inkişafında da maraqlıdır.
TRIPP layihəsi çərçivəsində Naxçıvan ərazisində 194 kilometrlik yeni dəmir yolunun tikintisi və 15 milyon ton yükaşırma qabiliyyətinin təmin edilməsi regionun gələcək nəqliyyat xəritəsində mühüm dəyişikliklər vəd edir.
Bu marşrut yalnız dəmir yolu ilə məhdudlaşmayacaq. Fiber-optik kabellərin, elektrik ötürücü xətlərin və zərurət yarandıqda digər enerji infrastrukturlarının da bu istiqamətdən keçməsi Naxçıvanın regional əhəmiyyətini daha da artıracaq. Beləliklə, Naxçıvan gələcəkdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrinin mühüm qovşaqlarından birinə çevrilə bilər.
Gündəlik həyatın keyfiyyəti də diqqətdədir
Strateji layihələrlə yanaşı, vətəndaşların gündəlik həyatına birbaşa təsir edən məsələlər də diqqətdən kənarda qalmır. Naxçıvan şəhərində köhnə dizel avtobusların müasir və ekoloji təmiz elektrik avtobuslarla əvəzlənməsi, rayonlararası nəqliyyat üçün 217 müasir avtobusun alınması, 420 kilometrə yaxın yolun çəkilməsi və əsaslı təmiri əhalinin rahatlığına və həyat keyfiyyətinə xidmət edən mühüm addımlardır.
Bu yanaşma göstərir ki, dövlət siyasətində yalnız böyük strateji hədəflər deyil, həm də insanların gündəlik ehtiyacları nəzərə alınır. İnkişafın əsas məqsədi isə nəticə etibarilə vətəndaşın daha rahat və təhlükəsiz həyatının təmin edilməsidir.
Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, Möminə xatun məqbərəsi ətrafında aparılan bərpa işləri və beşulduzlu mehmanxananın tikintisinə başlanılması da bölgənin iqtisadi və turizm potensialının inkişafı ilə yanaşı, tarixi-mədəni irsin qorunmasına verilən önəmin göstəricisidir.
Yekun olaraq
Naxçıvan Muxtar Respublikasına həyata keçirilən bu növbəti səfər və səfər çərçivəsində səsləndirilən fikirlər məni bir gənc fəal kimi bir daha düşündürdü. Biz – gənc nəsil – şahidik ki, vaxtilə blokada şəraitində yaşayan Naxçıvan bu gün enerji təhlükəsizliyi təmin olunan, nəqliyyat imkanları genişlənən, sənaye və turizm potensialı artırılan, tarixi-mədəni irsi qorunan müasir bir bölgəyə çevrilir.
Bu dəyişikliklərin arxasında ardıcıl, məqsədyönlü və uzaqgörən dövlət siyasəti dayanır.
Əminəm ki, Zəngəzur dəhlizinin reallaşması, Naxçıvanın enerji potensialının daha da genişləndirilməsi və turizm imkanlarının tam şəkildə həyata keçirilməsi ilə bu qədim diyar yaxın gələcəkdə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ən dinamik inkişaf edən məkanlarından birinə çevriləcək.
Bu inkişafın canlı şahidi olmaq və ona öz töhfəmizi vermək isə bizim – gənc nəslin – həm böyük şərəfi, həm də məsuliyyətidir.
Aydan Əliyeva
YAP Nərimanov Rayon Təşkilatının gənc fəalı