20 avqust zəfər şəhidi Əbdülhəsən Həsənzadənin anadan olduğu gündür
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgərlərimizdən biri də Əbdülhəsən Həsənzadə Mirzə oğludur.
O, 1997-ci ilin avqust ayının 20-də Lənkəran rayonunun Havzava kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə yola düşüb və aprel döyüşlərində kəşfiyyatçı kimi iştirak edərək qəhrəmanlıq göstərib. Hərbi xidməti bitirəndən sonra Mədrəsəyə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib.
Şəhidin doğmalarının verdikləri məlumata görə, Əbdülhəsən sentyabrın 27-dən müharibədə iştirak edib:
“Bir çox istiqamətlərdə gedən döyüşlərdə olub və onlarla yaralı və şəhid yoldaşlarını döyüş meydanından çıxardıb. Orada olan zaman evə çox az zəng vurardı. Deyirdi çox vaxt olmur, tez-tez hücuma keçirik, narahat olmayın çox az qalıb, qələbə ilə qayıdacağam inşallah. Lakin müharibənin 40-cı günü, noyabr ayının 4-də Şuşanın azad edilməsi uğrunda gedən “Daşaltı” əməliyyatında yanına minaatanın mərmisi düşüb və şəhid olub. Sonuncu dəfə noyabrın 1-i zəng vurmuşdu. Dedi, narahat olmayın hər şey yaxşıdır.
Ailədə 3 uşağıydılar, atası çox əziyyətlə böyütmüşdü onları. Onunla bağlı çox arzumuz var idi. Sevdiyi qız var idi, qayıdandan sonra toy edəcəkdik. Bütün arzularımız puç oldu. Amma biz Əbdülhəsənlə fəxr edirik, o həmişə atasının başını uca tutub".
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında ölümsüzlüyə qovuşan Lənkəranın qəhrəman oğlu “Vətən uğrunda”, Qubadlının, Füzulinin və Şuşanın azadlığına görə medallarına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü