Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Xüsusilə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfinin artıq uzaq perspektiv kimi deyil, yaxın illərdə reallaşa biləcək konkret nəticə kimi qiymətləndirilməsi diqqəti cəlb edir.Əslində, bu hədəfin arxasında son illərdə formalaşmış ciddi iqtisadi baza dayanır. Azərbaycan və Özbəkistan arasında münasibətlərin əvvəlki dövrləri ilə müqayisədə bu gün əməkdaşlıq sahələrinin sayı dəfələrlə artıb. Əgər əvvəllər əlaqələr əsasən siyasi və humanitar istiqamətlərlə məhdudlaşırdısa, hazırda enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, bankçılıq, investisiya və digər sahələrdə konkret layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, iqtisadi əlaqələrin belə sürətlə inkişaf etməsi hər iki ölkədə həyata keçirilən genişmiqyaslı islahatlarla birbaşa bağlıdır. Azərbaycan və Özbəkistanın paralel şəkildə inkişaf etməsi onların iqtisadi potensiallarının bir-birini tamamlamasına imkan yaradır.
Bu baxımdan investisiya əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. İnvestor üçün ən mühüm amillərdən biri sabitlik və əlverişli biznes mühitidir. Özbəkistanda həyata keçirilən islahatlar ölkənin investisiya imkanlarını genişləndirib. Azərbaycan da öz növbəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm nəticələr əldə edib.
İki ölkənin iqtisadi potensiallarının birləşdirilməsi yeni imkanlar yaradır. Azərbaycanın enerji, logistika və nəqliyyat imkanları ilə Özbəkistanın sənaye və istehsal potensialının uzlaşdırılması regional və beynəlxalq bazarlara çıxış baxımından mühüm üstünlüklər formalaşdıra bilər.
Avtomobil sənayesində əməkdaşlıq bunun konkret nümunələrindən biridir. Eyni zamanda Azərbaycanın turizm infrastrukturuna Özbəkistan tərəfindən investisiyaların yatırılması qarşılıqlı kapital axınının yeni istiqamətlərinin yarandığını göstərir.
Bankçılıq sahəsində əməkdaşlığın genişlənməsi də iqtisadi əlaqələrin institusional bazasının möhkəmləndiyini göstərən amillərdəndir. Azərbaycanın aparıcı banklarından birinin Özbəkistan bazarına daxil olması iqtisadi münasibətlərin daha uzunmüddətli və sistemli xarakter aldığını göstərir.
Enerji sahəsində əməkdaşlıq isə xüsusi perspektiv vəd edir. Özbəkistanda neft-qaz kəşfiyyatı ilə bağlı layihələrin həyata keçirilməsi iki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu layihələrin uğurlu nəticələri gələcəkdə daha geniş enerji əməkdaşlığı üçün imkanlar aça bilər.
Digər mühüm istiqamət Qarabağın bərpasında Özbəkistan sərmayələrinin iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması qardaş ölkənin Azərbaycanın postmüharibə dövründəki quruculuq prosesinə verdiyi töhfənin simvoluna çevrilib.
Burada diqqət çəkən məqam odur ki, Azərbaycan və Özbəkistanın iqtisadi əməkdaşlığı yalnız iki paytaxtla məhdudlaşmır. Regionlararası əməkdaşlıq forumlarının keçirilməsi və müxtəlif bölgələrdə layihələrin reallaşdırılması iqtisadi tərəfdaşlığın daha geniş coğrafiya üzrə inkişaf etdiyini göstərir.
Bu prosesin növbəti mərhələsində investisiya fondunun imkanlarının genişləndirilməsi, yeni sənaye layihələrinin reallaşdırılması və qarşılıqlı sərmayələrin artırılması mühüm rol oynaya bilər.
Nəticə etibarilə, Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər sadəcə ticarət statistikasının artımından ibarət deyil. Burada yeni istehsal sahələrinin yaradılması, qarşılıqlı investisiyaların artırılması, texnologiya və təcrübə mübadiləsi, nəqliyyat və logistika imkanlarının birləşdirilməsi kimi daha geniş proses gedir.
Bu baxımdan 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi son nəticə deyil, daha böyük iqtisadi tərəfdaşlığın başlanğıc mərhələsi kimi qiymətləndirilə bilər. Qarşıdakı illərdə Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının milyardlarla ölçülən investisiya və layihələrlə daha da genişlənməsi üçün ciddi potensial mövcuddur.
Millət Vəkili Jalə Əliyeva