23-24 avqust 2026-cı il tarixi Azərbaycan – Özbəkistan münasibətlərinin salnaməsində adi diplomatik təqvim səhifəsi kimi deyil, iki qardaş ölkənin strateji tərəfdaşlığını yeni mərhələyə daşıyan mühüm siyasi hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar, Buxara şəhərində düzənlənən yüksək səviyyəli tədbirlər Bakı ilə Daşkənd arasında münasibətlərin artıq yalnız tarixi və mənəvi yaxınlıq üzərində deyil, uzunmüddətli strateji maraqlar üzərində də qurulduğunu nümayiş etdirdi.
Bu səfəri obrazlı şəkildə iki coğrafiyanı bir araya gətirən yeni siyasi körpünün inşası adlandırmaq mümkündür. Çünki Azərbaycanla Özbəkistanı birləşdirən yollar təkcə xəritələrdəki magistrallardan ibarət deyil. Bu yollar ortaq tarixdən, mədəni yaddaşdan, türk dünyasının mənəvi bağlarından və gələcəyə dair eyni strateji baxışdan keçir.
Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası münasibətlərin institusional əsaslarının daha da möhkəmləndiyini göstərdi. Liderlər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərini müzakirə etdilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səfəri tarixi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirdi. Lakin bu səfərin siyasi çəkisini müəyyən edən əsas məqam yalnız verilən bəyanatlar deyil, imzalanan sənədlərin mahiyyətidir. Ən mühüm nəticələrdən biri Əbədi Dostluq haqqında Müqavilənin imzalanması oldu. Bu sənəd iki dövlət arasında münasibətlərin sadəcə bugünkü siyasi gündəmə deyil, gələcək nəsillərə hesablandığını göstərən mühüm siyasi mesajdır. Əslində, “əbədi dostluq” ifadəsi diplomatik leksikonda sadəcə emosional bir anlayış deyil. O, siyasi etimadın, qarşılıqlı hörmətin və strateji həmrəyliyin institusional ifadəsinə çevrilir.
Daşkənd danışıqlarının iqtisadi gündəliyi də kifayət qədər geniş olub. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün xüsusi proqram qəbul ediblər. Sənaye, energetika, geologiya, kimya, tikinti, maliyyə və kənd təsərrüfatı kimi sahələrdə yeni əməkdaşlıq layihələri müəyyənləşdirilib. Bu rəqəm yalnız iqtisadi göstərici deyil. Bir milyard dollarlıq hədəf iki ölkənin iqtisadi münasibətlərinin mövcud potensialının hələ tam açılmadığını göstərən başlanğıc nöqtəsidir.
Səfər çərçivəsində Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi də iqtisadi əlaqələrin artıq real layihələr üzərində qurulduğunu nümayiş etdirdi. “Davr Bank”, gips zavodu, STEAM məktəbləri, SOCAR-ın yanacaqdoldurma məntəqələri, yaşayış kompleksləri və digər layihələr Azərbaycan kapitalının və biznesinin Özbəkistan iqtisadiyyatında iştirakının genişləndiyini göstərir. Beləliklə, siyasi münasibətlər iqtisadi layihələrlə möhkəmlənir, iqtisadi əməkdaşlıq isə öz növbəsində siyasi etimadı daha da dərinləşdirir.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri nəqliyyat və tranzitdir. Trans-Xəzər marşrutunun inkişaf etdirilməsi, logistika imkanlarının genişləndirilməsi və daşımaların səmərəliliyinin artırılması barədə razılaşmalar Bakı ilə Daşkəndin yalnız ikitərəfli deyil, daha geniş Avrasiya geosiyasi məkanında da ortaq maraqlara malik olduğunu göstərir.
Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyaya, Özbəkistanın isə Mərkəzi Asiyadan Qafqaza və Avropaya çıxışı bu iki ölkəni təbii şəkildə vahid nəqliyyat məntiqinin müxtəlif həlqələrinə çevirir. Bu mənada Bakı–Daşkənd əməkdaşlığı xəritədə iki paytaxt arasında çəkilmiş düz xətt deyil. Bu, Şərqdən Qərbə uzanan daha böyük geoiqtisadi xəttin formalaşmasında mühüm siyasi bağlantıdır. İki ölkə arasındakı münasibətlərin gücü yalnız siyasət və iqtisadiyyatla ölçülmür. Azərbaycan və Özbəkistanı birləşdirən ən möhkəm sütunlardan biri də mədəni-humanitar əlaqələrdir.
23 avqustda Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışında iştirak edilməsi, Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması bu münasibətlərin simvolik və mənəvi tərəfini daha da gücləndirdi. Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük söz ustadlarının irsi iki xalqın mədəni yaddaşında xüsusi yer tutur. Bu baxımdan onların ədəbi irsinə həsr olunacaq birgə film layihəsinin nəzərdə tutulması da təsadüfi deyil. Bu, ortaq keçmişin müasir mədəniyyət dili ilə gələcək nəsillərə çatdırılmasıdır.
23 avqust görüşlərinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə bilməz. Bu münasibətlər Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. Bakı və Daşkəndin müxtəlif istiqamətlərdə artan əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin praktiki məzmununu gücləndirən amillərdən birinə çevrilir. Bu baxımdan Daşkənd sammitinin siyasi mənzərəsini bir cümlə ilə belə ifadə etmək mümkündür: Azərbaycan və Özbəkistan tarixi yaxınlığı strateji gələcəyə çevirirlər. Ən ali dövlət mükafatları ilə qarşılıqlı təltiflər, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın qarşılanma və yolasalma mərasimlərinin yüksək səviyyəli təşkili Azərbaycan liderinin iki qardaş ölkə arasında münasibətlərin inkiafına verdiyi müstəsna töhfənin təcəssümüdür.
23 avqustun əsas mesajı da məhz budur. Əgər tarix iki xalqı bir-birinə yaxınlaşdırıbsa, bu günün siyasi iradəsi həmin yaxınlığı institutlara, layihələrə, nəqliyyat xətlərinə, investisiyalara və yeni nəsillər üçün davamlı əməkdaşlıq platformalarına çevirir.
Daşkənddə atılan addımlar göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətlərinin qarşısında artıq yalnız möhkəm təməl deyil, geniş bir yol var. Bu yol Xəzərdən başlayaraq Mərkəzi Asiyanın dərinliklərinə, oradan isə Avrasiyanın böyük iqtisadi və siyasi məkanına uzanır. Bu yolun ən güclü dayağı iki dövlətin siyasi iradəsi, iki xalqın qardaşlığıdır.
Əli Hüseynli
Milli Məclisin deputatı