PDF Oxu

Siyasət

  • 626

Azərbaycanla Özbəkistan arasında strateji münasibətlər yeni məzmun qazanır - ŞƏRH

image

Zamanın elə dönüş nöqtələri var ki, onların əhəmiyyətini yalnız bir sənəd, bir görüş və ya qəbul edilən qərarla izah etmək mümkün olmur. Belə dəyişikliklərin əsl miqyası zaman keçdikcə daha aydın görünür. Dövlətlərarası münasibətlər də mərhələli şəkildə formalaşır: əvvəl qarşılıqlı yaxınlaşma başlayır, sonra etimad möhkəmlənir, iqtisadi maraqlar uzlaşır, xalqlar arasında əlaqələr genişlənir və nəticədə bütün bunlar yeni siyasi-geosiyasi reallıq yaradır. Azərbaycanla Özbəkistan arasında münasibətlərdə də məhz belə bir prosesin şahidiyik. Bu gün Bakı ilə Daşkəndin əlaqələrini yalnız klassik diplomatik münasibətlər çərçivəsində qiymətləndirmək kifayət etmir. Çünki burada iki dövlətin siyasi maraqlarının yaxınlaşmasından daha böyük bir mənzərə mövcuddur. Söhbət iki qardaş xalqın, iki tarixi yaddaşın və böyük Türk dünyasının gələcəyə dair baxışlarının getdikcə daha çox uzlaşmasından gedir.

Azərbaycan və Özbəkistan xalqları arasındakı bağlılığın tarixi müasir diplomatik münasibətlərin qurulmasından çox-çox əvvələ gedib çıxır. Ortaq tarixi keçmiş, bənzər mədəni dəyərlər, mənəvi bağlar, dil və ədəbiyyat sahəsindəki yaxınlıq hər iki xalqı əsrlər boyu bir-birinə doğma edib. Lakin dövlətlərarası münasibətlər baxımından yalnız xalqların bir-birinə rəğbət bəsləməsi kifayət deyil. Əsas məsələ bu mənəvi bağlılığın konkret dövlət siyasətinə, uzunmüddətli strateji tərəfdaşlığa və ortaq gələcək strategiyasına çevrilməsidir. Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində də qeyd etdiyi kimi, son illər ərzində iki ölkə arasındakı münasibətlər ən yüksək mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlib. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud olan səmimi münasibətlər, qarşılıqlı hörmət və etimad bu yüksəlişin mühüm siyasi təməllərindən biridir. Burada xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, liderlər arasındakı dostluq dövlətlərarası etimada, bu etimad isə strateji müttəfiqliyə çevrilib. Diplomatik münasibətlərdə belə ardıcıl və təbii inkişaf xüsusi əhəmiyyət daşıyır. Dövlətləri bəzən yollar, dəmir yolları, avtomobil magistralları və enerji infrastrukturu birləşdirir. Azərbaycanla Özbəkistanı isə bütün bunlardan əvvəl birləşdirən mənəvi bağ mövcuddur. Bu bağ Bakının həyatından Daşkəndin küçələrinə, Şuşadan Xivəyə, Nizami Gəncəvidən Mirzə Uluqbəyə, Azərbaycan muğamından Özbəkistanın zəngin musiqi irsinə qədər uzanan böyük mədəni körpüdür. Buna görə də mədəniyyət iki ölkənin münasibətlərində heç vaxt ikinci dərəcəli sahə olmayıb. Əksinə, siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsinə mənəvi əsas verən mühüm istiqamət olub. Xivədə təşkil olunan “Şuşa Günləri”, qarşılıqlı mədəniyyət günləri, Nizami Gəncəvinin adını daşıyan Özbəkistan Milli Pedaqoji Universiteti, Bakıda yaradılmış “Özbəkistan” parkı iki xalq arasındakı əlaqələrin yalnız rəsmi sənədlərdə deyil, gündəlik ictimai yaddaşda da möhkəmləndiyini göstərən nümunələrdir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması isə bu qardaşlığın xüsusi məna daşıyan nümunələrindəndir. İşğaldan azad edilmiş ərazidə məktəb tikilməsi sadəcə bir təhsil müəssisəsinin yaradılması anlamına gəlmir. Bu addım gələcəyə yönəlmiş inamın, həmrəyliyin və yenidənqurmanın ifadəsidir. Özbəkistanın bu təşəbbüsü sübut edir ki, qardaşlıq yalnız ifadə olunan xoş münasibətlərdən ibarət deyil. Əsl qardaşlıq ağır günlərdə dəstək göstərmək, quruculuq mərhələsində isə məsuliyyəti bölüşməkdir.

Azərbaycan–Özbəkistan əlaqələrinin mühüm xüsusiyyətlərindən biri də onların artıq iki paytaxtın siyasi gündəliyi ilə məhdudlaşmamasıdır. Bakı Cənubi Qafqazın, Daşkənd isə Mərkəzi Asiyanın əsas siyasi və iqtisadi mərkəzlərindən biridir. Bu iki mərkəzin yaxınlaşması iki region arasında yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına şərait yaradır. Əvvəllər coğrafi məsafə ölkələr arasında müəyyən məhdudiyyətlər yaradırdısa, dəyişən geosiyasi və iqtisadi şərait həmin coğrafi mövqeləri artıq üstünlüyə çevirir. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya, Özbəkistan isə öz əlverişli yerləşməsindən istifadə etməklə daha geniş Avrasiya məkanına çıxış imkanlarını artırır. Orta Dəhliz bu yeni yanaşmanın ən mühüm nümunələrindən biridir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP layihəsi ilə gələcək inteqrasiyası isə əməkdaşlığın coğrafiyasını daha da genişləndirə bilər. Burada əsas məsələ yalnız daşınan yüklərin həcminin artması deyil. Əsas məsələ Avrasiyanın nəqliyyat və iqtisadi əlaqələrinin yeni prinsiplər əsasında formalaşdırılmasıdır. Bu baxımdan Bakı ilə Daşkənd arasında əməkdaşlıq genişləndikcə Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi və iqtisadi əlaqələrin əhəmiyyəti də artır. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşması da məhz bu proseslə bağlıdır.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakına dair qərar yalnız formal və protokol xarakterli hadisə kimi qiymətləndirilə bilməz. Bu qərar regionda yaranan yeni siyasi reallıqların nəticəsidir. “C5” formatının faktiki olaraq “C6” istiqamətində genişlənməsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin artıq keyfiyyətcə fərqli səviyyəyə çatdığını göstərir. Bu, həm də mühüm siyasi mesajdır. Azərbaycan artıq Mərkəzi Asiyaya yalnız kənardan maraq göstərən ölkə deyil. O, region dövlətləri ilə siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində sıx əlaqələr yaradan, birgə layihələr həyata keçirən və regional dialoqun inkişafında fəal iştirak edən dövlətdir. Başqa sözlə, Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında getdikcə daha mühüm siyasi və iqtisadi əlaqələndirici rolunu gücləndirir.

Azərbaycan–Özbəkistan münasibətlərinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindən ayrı şəkildə nəzərdən keçirilməsi də artıq mümkün deyil. Çünki iki ölkə arasında münasibətlərin dərinləşməsi Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın ümumi prosesinə mühüm töhfə verir. Müasir mərhələdə türk dövlətlərini yalnız ortaq tarix, dil və mədəniyyət bağlamır. Onların qarşılıqlı əlaqələrini nəqliyyat dəhlizləri, enerji infrastrukturu, investisiya layihələri, təhsil proqramları, media əməkdaşlığı və siyasi həmrəylik də möhkəmləndirir. Bu, əvvəlki dövrlərlə müqayisədə mühüm keyfiyyət dəyişiklikdir. TDT çərçivəsində siyasi məsləhətləşmələrin, iqtisadi münasibətlərin, logistika və nəqliyyat imkanlarının, elm, təhsil və mədəni əlaqələrin inkişaf etdirilməsi türk dövlətləri arasında daha sıx əməkdaşlıq mühiti yaradır. Bu prosesin mühüm üstünlüyü ondadır ki, onun əsasında süni şəkildə yaradılmış yaxınlıq deyil, əsrlər boyu formalaşmış ortaq mənəvi və tarixi irs dayanır.

Qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı olması üçün onların iqtisadi dayaqları da möhkəm olmalıdır. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında həyata keçirilən birgə investisiya layihələri, sənaye əməkdaşlığı, avtomobil sənayesi, kənd təsərrüfatı, enerji, turizm və tikinti sahəsində təşəbbüslər artıq ikitərəfli münasibətlərin praktiki məzmununu təşkil edir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması qarşılıqlı iqtisadi etimadın mühüm institusional göstəricisinə çevrilib. Burada ən mühüm məqam iki ölkənin bir-birini rəqib kimi deyil, qarşılıqlı imkanları tamamlayan tərəfdaş kimi qəbul etməsidir. Məhz belə yanaşma uzunmüddətli və dayanıqlı iqtisadi əməkdaşlığın ən düzgün əsaslarından biridir. Azərbaycanın Özbəkistanda, Özbəkistanın isə Azərbaycanda həyata keçirdiyi layihələr qarşılıqlı investisiyaların artıq münasibətlərin yeni iqtisadi modelinə çevrildiyini göstərir.

İki ölkə arasındakı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri də enerji sahəsidir. Ənənəvi enerji münasibətləri artıq yeni məzmun qazanır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü bunun aydın göstəricisidir. Bu təşəbbüsü yalnız elektrik enerjisinin ixracı və ötürülməsi layihəsi kimi dəyərləndirmək doğru olmaz. Burada regionun gələcək iqtisadi inkişaf modelinə dair daha geniş baxış ortaya qoyulur. Xəzər dənizi bu prosesdə ayrılıq yaradan coğrafi maneə deyil, əksinə, müxtəlif regionları birləşdirən mühüm məkan funksiyasını daşıyır. Bir neçə il əvvəl Xəzərin o biri sahilində yerləşən ölkələr coğrafi baxımdan daha uzaq görünə bilərdi. Bu gün isə enerji sistemləri, nəqliyyat dəhlizləri, investisiya layihələri, rəqəmsal imkanlar və siyasi təmaslar həmin məsafəni əhəmiyyətli dərəcədə azaldır. Bu da yeni geosiyasi dövrün əsas xüsusiyyətlərindən biridir.

Azərbaycan–Özbəkistan münasibətlərinin gücünü yalnız statistik göstəricilərdə və imzalanmış sənədlərdə axtarmaq düzgün olmazdı. Bu münasibətlərin canlı tərəfini bir ölkədən digərinə səfər edən tələbələr, turistlər, alimlər, jurnalistlər, sənət adamları, sahibkarlar və müəllimlər formalaşdırır. Onların hər biri iki ölkə arasında humanitar və ictimai əlaqələrin daşıyıcısına çevrilir. Media forumlarının keçirilməsi, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın genişlənməsi, təhsil mübadiləsi, turizm əlaqələrinin inkişafı və şəhərlər arasında qardaşlıq münasibətlərinin qurulması göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri artıq yalnız prezidentlər və hökumətlər səviyyəsində inkişaf etmir. Bu münasibətlər cəmiyyətlərin daxilinə də nüfuz edir. Bakı ilə Daşkənd arasında ən etibarlı və davamlı körpülərdən biri məhz xalqlar arasında qurulan bu qarşılıqlı etimaddır. Çünki siyasi münasibətlər zamanla dəyişə, iqtisadi göstəricilər müəyyən dövrlərdə yüksələ və ya azala bilər. Lakin xalqlar arasında yaranmış səmimi dostluq və qarşılıqlı inam daha uzunömürlü olur.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm üstünlüyü ondadır ki, bu əlaqələr yalnız keçmişin ortaq irsinə əsaslanmır, eyni zamanda gələcəyin birgə qurulmasını hədəfləyir. Ortaq tarix münasibətlərin başlanğıc nöqtəsidir, lakin onların son məqsədi deyil. Bu gün əsas məsələ gələcəkdə ortaq imkanların daha da genişləndirilməsidir. Qarşıdakı dövrdə iki ölkə arasında ticarətin artması, investisiya layihələrinin çoxalması, nəqliyyat əlaqələrinin genişlənməsi, enerji əməkdaşlığının dərinləşməsi, tələbə və turist mübadiləsinin yüksəlməsi mümkündür. Lakin bütün bu istiqamətlərin üzərində daha böyük bir məqsəd dayanır: milli maraqlarını qoruyan, eyni zamanda regional əməkdaşlığı genişləndirən, qarşılıqlı etimada əsaslanan və Türk dünyasının ümumi gücünü artıran dövlətlər birliyinin möhkəmləndirilməsi.

Müasir dünya sürətli dəyişikliklər dövrünü yaşayır. Yeni iqtisadi güc mərkəzləri meydana çıxır, ənənəvi nəqliyyat marşrutları yenidən şəkillənir, enerji bazarlarının coğrafiyası dəyişir və regional əməkdaşlıq mexanizmləri yeni məzmun qazanır. Belə bir şəraitdə təkcə güclü dövlət olmaq kifayət etmir. Dövlətlərin etibarlı və uzunmüddətli tərəfdaşlara ehtiyacı var. Azərbaycan və Özbəkistan bir-birində məhz belə strateji tərəfdaş görür. Onları yaxınlaşdıran yalnız cari siyasi və iqtisadi maraqlar deyil. Bu münasibətlərin təməlində ortaq keçmiş, mənəvi bağlılıq və gələcəyə dair ümumi baxış dayanır. Buna görə də Azərbaycan–Özbəkistan münasibətləri artıq iki dövlətin xarici siyasət gündəliyindəki adi istiqamətlərdən biri olmaqdan çıxıb və yeni regional düzənin formalaşmasına təsir edən mühüm siyasi amilə çevrilib.

Bakı ilə Daşkənd arasında əlaqələrin güclənməsi Cənubi Qafqazla Mərkəzi Asiyanın daha sıx inteqrasiyasına şərait yaradır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi Türk dünyasının siyasi və iqtisadi potensialını artırır. Orta Dəhlizin inkişafı Şərqlə Qərb arasında yeni nəqliyyat və ticarət imkanları yaradır. Yaşıl enerji təşəbbüsləri gələcəyin enerji sisteminin formalaşmasına təsir göstərə bilər. Mədəni və humanitar əlaqələrin dərinləşməsi isə bütün bu proseslərin yalnız iqtisadi və siyasi maraqlar üzərində deyil, insan amili və mənəvi dəyərlər üzərində də qurulmasını təmin edir.

Azərbaycan və Özbəkistan arasında bu gün müşahidə olunan yaxınlaşma əslində daha geniş bir tarixi prosesin göstəricisidir. Bir zamanlar ortaq tarix və mədəniyyətin yaxınlaşdırdığı iki qardaş xalq indi öz gələcəyini də qarşılıqlı əməkdaşlıq və etimad əsasında formalaşdırmağa başlayır. Azərbaycan–Özbəkistan münasibətlərinin əsl tarixi və siyasi əhəmiyyəti də məhz bundan ibarətdir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər