Məlum olduğu kimi, avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında tarixi münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Yeri gəlmişkən, səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" sadəcə formal diplomatik sənəd deyil, iki dövlətin geosiyasi, iqtisadi və təhlükəsizlik baxımından bir-birinə nə qədər sarsılmaz tellərlə bağlandığının bariz sübutudur.
Qeyd edək ki, son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında cərəyan edən sürətli geostrateji proseslər, xüsusilə Orta dəhlizin strateji əhəmiyyətinin artması və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya meyillərinin güclənməsi Bakı ilə Daşkənd arasında münasibətlərin dərinləşməsini zərurətə çevirib. Son 4-5 il ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi, aparılan yüksəksəviyyəli danışıqlar və iqtisadi-ticari əlaqələrin dinamik artımı strateji tərəfdaşlıq modelinin artıq müttəfiqlik və əbədi dostluq səviyyəsinə yüksəlməsini təmin etdi. Bu baxımdan, imzalanan müqavilə iki ölkənin ortaq soy-kökə, dil və mədəniyyət yaxınlığına söykənən tarixi qardaşlıq bağlarını müasir beynəlxalq hüquq müstəvisində ən ali, dəyişməz və institutlaşmış formada təsbit edir. Bu yalnız cari siyasi vəziyyətin tələbi deyil, eyni zamanda gələcək nəsillərə ötürüləcək davamlı və sarsılmaz həmrəylik modelinin hüquqi təməlidir. Sənəddə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər. Bu şərtlər iki ölkənin təhlükəsizlik çətirinin birgə formalaşdırıldığını göstərməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının təhlükəsizlik arxitekturasında yeni sabitlik mərkəzinin yarandığını nümayiş etdirir. Müqavilə həm də genişmiqyaslı iqtisadi inteqrasiyanı xarakterizə edir. Sənəddə əks olunan prioritetlər göstərir ki, Bakı və Daşkənd artıq ticarət əlaqələrini sadəcə mal mübadiləsi çərçivəsində görmür, daha dərin və dayanıqlı tərəfdaşlıq modeli formalaşdırırlar. İki ölkə bərabərlik və qarşılıqlı faydalılıq prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, "yaşıl" və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə kömək göstərirlər. Bütün bunlar tərəflərin iqtisadiyyatlarını müasir geosiyasi reallıqlara uyğun olaraq diversifikasiya etmək niyyətindən xəbər verir. Birgə investisiya layihələri regionda yeni iş yerlərinin və istehsal zəncirlərinin yaranmasını təşviq edir. İki ölkə nəqliyyat sistemlərinin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət ayırır. Sənəddə əks olunub ki, yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar.
Onu da qeyd edək ki, iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli kömək göstərir, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait yaradırlar. Regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər. Göstərilənlər gələcək nəsillərin ortaq kimlik və dəyərlər ətrafında sıx birləşməsini hədəfləyir.
Xüsusilə qeyd etmək lazımdır ki, Daşkənddə keçirilən mərasimdə dövlət başçılarının bir-birini ali ordenlərlə - (Prezident İlham Əliyevin "Dostluq", Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin isə "Heydər Əliyev" ordeni ilə) təltif etməsi siyasi iradənin və şəxsi etimadın ən yüksək göstəricisidir. Daşkənddə təltifolunma mərasimində Prezident İlham Əliyev son 4-5 ildə həyata keçirilən intensiv səfər dinamikasına diqqət çəkərək, əldə olunan bu yüksək diplomatik səviyyənin əsrə söykənən ortaq köklər, mədəniyyət və dil yaxınlığı üzərində ucaldığını diqqətə çatdırdı: "...bu statistikanın arxasında, ilk növbədə, ortaq köklərimiz, xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin, dillərimizin və adət-ənənələrimizin yaxınlığı, bir-birimizə qarşı səmimi münasibət, özbək və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq dayanır. Bu, həmin təməldir - əlbəttə, qardaşlığımızın bu binasını necə möhkəmləndirdiyimiz, hansı layihələri həyata keçirdiyimiz, qarşılıqlı fəaliyyətimizə və ölkələrimizin inkişafına yönəlmiş müxtəlif təşəbbüslərdə necə birgə iştirak etdiyimiz".
Şavkat Mirziyoyevin bəyanatında "Bu gün biz Əbədi dostluq haqqında müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir", - deməsi bu tərəfdaşlığın praqmatik nəticələrə söykəndiyini bir daha təsdiq edir.
Ən əsası, Əbədi dostluq haqqında müqavilə iki dövlətin geosiyasi, iqtisadi və təhlükəsizlik baxımından bir-birinə nə qədər sarsılmaz tellərlə bağlandığını göstərir. Sənəd strateji müttəfiqlikdən əbədi dostluq mərhələsinə keçidi rəsmiləşdirərək, təkcə cari dövrün geopolitik ehtiyaclarını ödəmir, eyni zamanda gələcək nəsillər üçün sarsılmaz qardaşlıq və həmrəylik irsi formalaşdırır!
Nəbi Nəzərli,
YAP Göygöl rayon təşkilatı üzrə Nadil kənd ərazi partiya təşkilatının sədr müavini