Azərbaycan–Özbəkistan münasibətləri son illərdə sürətli inkişaf dinamikası ilə seçilərək ənənəvi dostluq və qardaşlıq əlaqələrindən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlərin bugünkü məzmunu yalnız iki dövlət arasındakı siyasi dialoqla məhdudlaşmır, həm də Cənubi Qafqazla Mərkəzi Asiyanın daha sıx inteqrasiyasına, Şərq–Qərb nəqliyyat əlaqələrinin genişlənməsinə və Türk dünyasında siyasi-iqtisadi əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan əlaqələrinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının müsahibəsində də vurğuladığı kimi, Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişafının mühüm siyasi dayaqlarından biridir. Son illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və intensiv təmasların artması siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, strateji qərarların daha çevik şəkildə həyata keçirilməsinə imkan yaradıb. İki ölkə arasındakı münasibətlərin möhkəm təməlini isə yalnız müasir siyasi maraqlar deyil, ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət təşkil edir. Məhz bu mənəvi yaxınlıq dövlətlərarası münasibətlərin siyasi və iqtisadi dəyişikliklərdən asılı olmayan davamlı xarakter qazanmasına şərait yaradır. Azərbaycan və Özbəkistanın müstəqillik, suverenlik və milli maraqlara xüsusi önəm verməsi də onların beynəlxalq və regional məsələlərdə mövqelərinin bir çox hallarda uzlaşmasına imkan verir. Son illərdə qəbul edilən mühüm sənədlər Azərbaycan–Özbəkistan əlaqələrinin hüquqi və institusional əsaslarını daha da möhkəmləndirib. 2024-cü ildə Azərbaycanın Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərini yeni siyasi mərhələyə çıxarıb. Ali Dövlətlərarası Şuranın yaradılması isə qarşılıqlı əməkdaşlığın sistemli şəkildə əlaqələndirilməsi və strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm mexanizmə çevrilib. Siyasi etimadın möhkəmlənməsi iqtisadi münasibətlərin də sürətlə genişlənməsinə şərait yaradıb. Azərbaycan–Özbəkistan əməkdaşlığının hazırkı mərhələsinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, tərəflər yalnız ticarət əlaqələrinin genişləndirilməsinə deyil, investisiya, birgə istehsal və uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsinə üstünlük verirlər. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması bu dinamikanın konkret göstəricisidir. 2026-cı ilin ilk beş ayında da qarşılıqlı ticarətin artım nümayiş etdirməsi iqtisadi əlaqələrin davamlı xarakter aldığını göstərir. Bu istiqamətdə 500 milyon ABŞ dolları kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin xüsusi əhəmiyyəti vardır. Şirkət qarşılıqlı investisiyaların təşviqi, yeni istehsal sahələrinin yaradılması və birgə layihələrin maliyyələşdirilməsi üçün mühüm platformadır. Avtomobil istehsalı, sənaye, neft-kimya, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən layihələr iqtisadi əməkdaşlığın artıq ayrı-ayrı ticarət əməliyyatlarından daha geniş məzmun daşıdığını göstərir. Enerji sahəsində tərəfdaşlıq da Azərbaycan–Özbəkistan münasibətlərinin strateji istiqamətlərindən birinə çevrilib. Neft-qaz sektorunda birgə müəssisələrin fəaliyyəti, Azərbaycan və Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişlənməsi, eləcə də neft-kimya məhsullarının qarşılıqlı ixracı bu sahədə mövcud potensialın reallaşdırıldığını göstərir. Bununla yanaşı, əməkdaşlığın perspektivi yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Bərpaolunan enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında formalaşan üçtərəfli əməkdaşlıq yeni mərhələnin göstəricisidir. Yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan addımlar Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması üçün yeni imkanlar yaradır. Bu layihə enerji təhlükəsizliyi ilə yanaşı, region ölkələrinin yaşıl iqtisadiyyata keçid prosesinə də mühüm töhfə verə bilər. Azərbaycan–Özbəkistan münasibətlərində nəqliyyat və logistika istiqaməti isə iki ölkənin regional əhəmiyyətini daha da artırır. Azərbaycanın Xəzər hövzəsində və Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsi onların coğrafi üstünlüklərini bir-birini tamamlayan amilə çevirir. Bu baxımdan Orta Dəhliz yalnız yükdaşımaların həyata keçirildiyi marşrut deyil, həm də Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin dərinləşməsini təmin edən strateji platformadır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsi regionlararası nəqliyyat sisteminin imkanlarını daha da genişləndirə bilər. Belə bir inteqrasiya Mərkəzi Asiyanın şərqindən Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, oradan isə Avropaya qədər uzanan daha səmərəli logistika zəncirinin formalaşmasına şərait yaradacaq. Bu proses həm Özbəkistanın dünya bazarlarına çıxış imkanlarını genişləndirəcək, həm də Azərbaycanın Şərq–Qərb nəqliyyat əlaqələrindəki mövqeyini daha da gücləndirəcək. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirak etməsi də münasibətlərin regional məzmununun genişləndiyini göstərən mühüm hadisədir. Bu addım Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yalnız ikitərəfli formatlarla məhdudlaşmadığını nümayiş etdirir. Bakı artıq regionun çoxtərəfli siyasi dialoqunun birbaşa iştirakçısı kimi çıxış edir. Beləliklə, əvvəllər “C5” formatında təmsil olunan Mərkəzi Asiya əməkdaşlıq platformasının Azərbaycanın iştirakı ilə genişlənməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi əlaqələrin yeni mərhələyə keçməsinin əlamətidir. Bu prosesdə Özbəkistanın xüsusi rolu vardır. Daşkənd Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, Azərbaycanın regionla əlaqələrinin genişlənməsində əsas tərəfdaşlardan biridir. Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı bu mənada yalnız ikitərəfli əməkdaşlığın deyil, daha geniş regional əməkdaşlıq arxitekturasının formalaşmasına xidmət edir.
İki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan ortaq türk tarixinin, dilinin və mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə yanaşı, təşkilat daxilində iqtisadi, nəqliyyat, enerji, təhsil və humanitar əlaqələrin inkişafına mühüm töhfələr verirlər. Bakı ilə Daşkənd arasındakı əməkdaşlığın dərinləşməsi Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanına çevrilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin effektivliyini də artırır.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm dayaqlarından biri də humanitar və mədəni əməkdaşlıqdır. Qarşılıqlı mədəniyyət günləri, incəsənət tədbirləri, elmi konfranslar, təhsil proqramları, media və qeyri-hökumət təşkilatları arasında əlaqələr iki xalqın bir-birini daha yaxından tanımasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu sahədə əlaqələrin yüksək səviyyəsini nümayiş etdirir.
Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması, Bakıda “Özbəkistan” parkının salınması və müxtəlif humanitar layihələrin həyata keçirilməsi iki ölkə arasındakı dostluğun simvolik ifadələrinə çevrilib. Bu təşəbbüslər göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri yalnız prezidentlər və hökumətlər səviyyəsində deyil, cəmiyyətlər və insanlar arasında da möhkəmlənir.
Prezident İlham Əliyevin müsahibəsi də məhz bu reallığı ortaya qoyur: Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız keçmişin ortaq dəyərləri üzərində qurulan dostluq əlaqələri deyil, gələcəyin regional əməkdaşlıq modelini formalaşdıran strateji tərəfdaşlıqdır. Bakı ilə Daşkənd arasında möhkəmlənən müttəfiqlik Cənubi Qafqazla Mərkəzi Asiyanı daha sıx bağlamaqla yanaşı, Orta Dəhlizin inkişafına, enerji və logistika imkanlarının genişlənməsinə, Türk dünyasının inteqrasiyasının dərinləşməsinə və regionlararası iqtisadi əlaqələrin güclənməsinə mühüm töhfə verir.
Nəticə etibarilə, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafı yalnız iki dövlətin milli maraqları baxımından deyil, bütövlükdə regionun siyasi və iqtisadi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı etimada əsaslanan siyasi dialoq, artan iqtisadi əlaqələr, birgə enerji və nəqliyyat layihələri, humanitar yaxınlaşma və Türk dünyasının inteqrasiyasına yönəlmiş ortaq təşəbbüslər Bakı–Daşkənd xəttini regional əməkdaşlığın əsas sütunlarından birinə çevirir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında formalaşan strateji müttəfiqlik qarşıdakı illərdə həm iki ölkənin, həm də Cənubi Qafqaz və Mərkəzi Asiyanın inkişaf gündəliyinə mühüm təsir göstərəcək.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri