Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Laçın bu gün özünün yeni inkişaf və intibah dövrünü yaşayır. Əzəli və əbədi Azərbaycan torpağı olan Laçın həm zəngin tarixi, füsunkar təbiəti, strateji mövqeyi, həm də xalqımızın yaddaşında xüsusi yeri ilə seçilir. Bu gün 26 Avqust – Laçın Şəhəri Gününü qeyd edərkən keçmişin ağrılı xatirələri ilə yanaşı, Böyük Qayıdışın yaratdığı sevincə, doğma torpaqlarda qurulan yeni həyata və gələcəyə böyük inamla nəzər salırıq.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi təşkil edilməsi bu qədim yurdun tarixində mühüm mərhələlərdən olmuşdur. 1835 kvadratkilometr əraziyə malik olan rayon zəngin təbiəti, meşələri, yaylaqları, çayları və əlverişli coğrafi mövqeyi ilə Azərbaycanın ən səfalı bölgələrindən biridir.
Lakin Laçının tarixində uzun illər davam edən işğal dövrü xalqımız üçün ağır faciələrlə yadda qalmışdır. 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində rayonun dinc əhalisi doğma yurdlarından didərgin salınmış, yüzlərlə insan həlak olmuş və itkin düşmüş, yaşayış məntəqələri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələr dağıdılmışdır. İşğal illərində Laçının təbii sərvətləri talan edilmiş, tarixi və coğrafi adları dəyişdirilmiş, bölgənin demoqrafik tərkibinə qanunsuz müdaxilələr edilmişdir.
Laçının işğalı təkcə bir rayonun itirilməsi deyildi. Bu hadisə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılmasına və sonrakı işğalların genişlənməsinə imkan yaratmışdı. Məhz buna görə Laçının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası baxımından xüsusi strateji əhəmiyyət daşıyırdı.
Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər bu tarixi ədalətin bərpasına yol açdı. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçının yeni tarixinin – quruculuq, dirçəliş və Böyük Qayıdış dövrünün əsası qoyuldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri Laçının simasını kökündən dəyişir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Bu gün Laçında ucaldılan müasir binalar, salınan küçələr, parklar, yaradılan sosial və iqtisadi obyektlər həmin böyük quruculuq siyasətinin əyani nümunəsidir.
26 Avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması da xüsusi rəmzi məna daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi xalqımızın Zəfər tarixinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Laçında yalnız binalar və yollar tikilmir. Burada yeni həyat qurulur. Şəhərin gələcək inkişafını müəyyənləşdirən Baş Plan əsasında müasir yaşayış məhəllələri, məktəblər, məktəbəqədər təhsil müəssisələri, xəstəxana, peşə məktəbi, mədəniyyət və turizm obyektləri yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi əsasında planlaşdırılan infrastruktur insanların gündəlik həyatını daha rahat və əlçatan etməyə xidmət edir.
Xüsusilə məktəbəqədər təhsil müəssisələrinin yaradılması Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir. Zabux və Sus kəndlərində 50 yerlik uşaq bağçalarının inşa edilməsi, uşaqların müasir və təhlükəsiz şəraitdə böyüməsi üçün imkanların yaradılması dövlətimizin gələcək nəslə verdiyi yüksək dəyərin göstəricisidir.
Bir bağça rəhbəri kimi hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə uşaq bağçalarının yaradılması sadəcə sosial infrastrukturun qurulması deyil. Bu, həm də həyatın yenidən doğulması, ailələrin doğma torpaqlarda məskunlaşması və uşaqların öz ata-baba yurdlarında sağlam, təhlükəsiz və firavan böyüməsi deməkdir. Laçında yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılması gələcəyə qoyulan ən dəyərli investisiyalardan biridir. Çünki qurulan hər bir bağça, əslində, azad torpaqlarda böyüyəcək yeni nəslin təməl ocağıdır.
Laçının inkişafı yalnız sosial layihələrlə məhdudlaşmır. Rayonun enerji potensialının artırılması istiqamətində də mühüm işlər görülür. Yeni su elektrik stansiyalarının istifadəyə verilməsi nəticəsində Laçının elektrik tələbatının yaşıl enerji hesabına qarşılanması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” yaratmaq siyasətinin mühüm göstəricilərindəndir.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulması isə bölgənin gələcək inkişafı baxımından mühüm layihələrdəndir. Layihənin reallaşması ilə geniş ərazilərin içməli su təminatına mühüm töhfə veriləcək. Bu cür nəhəng layihələr Laçının yalnız bu gününü deyil, qarşıdakı onilliklərini də nəzərə alan dövlət siyasətinin göstəricisidir.
Rayonun nəqliyyat infrastrukturu da sürətlə yenilənir. Kəlbəcər-Laçın avtomobil yolunun, tunel və körpülərin inşası, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin ölkənin digər əraziləri və dünya ilə əlaqələrini daha da gücləndirir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanı həm strateji, həm də turizm baxımından bölgənin əhəmiyyətini artırır.
Laçının iqtisadi potensialının bərpası da diqqət mərkəzindədir. Aqro-sənaye parkının yaradılması, mebel, tikiş və ayaqqabı fabriklərinin fəaliyyətə başlaması, balıqçılıq, arıçılıq və heyvandarlığın inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına və rayonun iqtisadi həyatının canlanmasına xidmət edir.
Bütün bu işlərin əsas məqsədlərindən biri isə Laçın sakinlərinin doğma yurdlarına qayıdışını təmin etməkdir.
2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma şəhərlərinə və kəndlərinə qayıdışı Böyük Qayıdış tariximizin ən qürurlu səhifələrindən birinə çevrilib. 31 ildən sonra doğma evlərinə qayıdan insanların sevincini sözlə ifadə etmək çətindir. Vaxtilə işğal səbəbindən uşaqlığını, gəncliyini və doğma yurdunu itirən insanların bu gün öz torpaqlarında yeni həyat qurması Zəfərin ən böyük mənəvi nəticələrindəndir.
Laçın artıq keçmişin yaralarını sağaldan deyil, gələcəyə doğru inamla addımlayan şəhərdir. Burada yeni evlər, məktəblər, bağçalar, istehsal müəssisələri, istirahət və turizm obyektləri yaradılır. Həkəri çayının sahilində salınan bulvar, parklar, istirahət məkanları və digər layihələr Laçının həm sakinləri, həm də ölkəmizə gələn qonaqlar üçün cəlbedici bir məkana çevrilməsinə xidmət edir.
Laçının 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi də şəhərin mədəni potensialının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu status Laçının yalnız quruculuq və iqtisadi inkişaf baxımından deyil, mədəniyyət, incəsənət və turizm baxımından da yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Bu gün Laçına baxarkən bir həqiqəti aydın görürük: Zəfər yalnız torpaqların azad edilməsi ilə tamamlanmır. Zəfərin əsl mənası həmin torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması, uşaqların gülüş səslərinin yenidən eşidilməsi ilə daha da möhkəmlənir.
Laçının hər bir yeni tikilisi, hər bir məktəbi, hər bir uşaq bağçası, hər bir yaşayış evi Böyük Qayıdışın canlı salnaməsidir. Burada böyüyəcək uşaqlar işğalın ağrısını deyil, Zəfərin qürurunu və quruculuğun sevincini yaşayacaqlar.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edir, doğma torpaqlarımızın əbədi firavanlığına, Laçının gündən-günə daha da gözəlləşməsinə və burada böyüyən hər bir uşağın işıqlı gələcəyinə inamımızı ifadə edirik.
Laçın azaddır, Laçın dirçəlir, Laçın yaşayır!
Səriyyə Əhmədova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 10 saylı körpələr evi - uşaq bağçasının müdiri