26 avqust Azərbaycan tarixində mühüm və qürurverici günlərdən biridir. Bu tarix artıq dördüncü ildir ki, ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı xalqımıza verdiyi müjdə 30 ilə yaxın davam edən işğalın yaratdığı ağrı-acıların aradan qaldırılması istiqamətində növbəti tarixi mərhələ oldu.
Laçının Azərbaycan tarixində özünəməxsus yeri var. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə Laçın adı verilib və şəhər statusu alıb, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb. Rayonun mərkəzi Laçın şəhəridir. 1835 kvadratkilometr əraziyə malik Laçın zəngin təbiəti, meşələri, yaylaqları, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilir. Rayon tarixən kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, meyvəçilik, taxılçılıq, üzümçülük və digər sahələrin inkişaf etdiyi bölgələrdən biri olub.
Lakin Laçının taleyində 1992-ci il mayın 18-i ən ağrılı tarixlərdən biri kimi yadda qalıb. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salınıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, internat və orta texniki peşə məktəbləri, eləcə də müxtəlif istehsal müəssisələri dağıdılıb və talan edilib. Rayonun tarixi-mədəni irsinə də ağır zərbə vurulub, dünya və yerli əhəmiyyətli çoxsaylı tarixi abidələr vandalizmə məruz qalıb.
Laçının işğalı Azərbaycanın sonrakı ərazi itkiləri baxımından da xüsusi strateji əhəmiyyət daşıyırdı. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması Azərbaycanın təhlükəsizliyi üçün ciddi nəticələr doğurdu. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə və dövlət idarəçiliyindəki xaos hərbi cəbhədəki vəziyyətə də mənfi təsir göstərdi. Nəticədə Laçınla yanaşı digər ərazilərimiz də işğala məruz qaldı.
İşğal illərində Ermənistan tərəfindən Laçında tarixi və coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin qanunsuz istismarı və demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş məskunlaşdırma siyasəti həyata keçirildi. Bütün bunlar beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycanın tarixi və mədəni irsinə qarşı məqsədyönlü siyasətin tərkib hissəsi idi.
Lakin 30 ilə yaxın davam edən işğal dövrü əbədi olmadı. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində tarixi Zəfər qazanıldı. 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. 2020-ci il dekabrın 1-də Laçın rayonu tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Bundan əvvəl isə rayonun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Ordusu tərəfindən azad edilmişdi.
Laçın şəhərinin tam azadlığı isə 2022-ci il avqustun 26-da reallaşdı. Həmin gün Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə götürüldü. Beləliklə, Laçının azadlığı ilə bağlı proses öz məntiqi yekununa çatdı və tarixi ədalət tam bərpa edildi. Laçının azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu Qələbənin qəhrəmanlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə daha da möhkəmləndi. Bununla ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi və Qarabağda yeni reallıq yarandı.
Bu gün Laçın yalnız azad edilmiş şəhər kimi deyil, həm də Azərbaycanın sürətli bərpa və quruculuq siyasətinin parlaq nümunələrindən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə xüsusi diqqəti nəticəsində Laçında genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yaşayış məhəllələri, sosial obyektlər, yollar və digər mühüm infrastrukturlar yaradılır. Laçının yeni siması müasir şəhərsalma prinsipləri ilə tarixi-milli xüsusiyyətlərin vəhdətini əks etdirir.
Dövlət başçısının Laçına səfərləri zamanı çoxsaylı sosial və infrastruktur layihələrinin təməli qoyulub, mühüm obyektlərin açılışı keçirilib. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin və bütövlükdə regionun nəqliyyat imkanlarını genişləndirən mühüm hadisələrdən biri oldu. Laçının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə şəhərin artıq yalnız bərpa olunan yaşayış məntəqəsi deyil, Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli məkanlarından birinə çevrildiyini göstərir.
Laçının dirçəlişinin ən mühüm göstəricilərindən biri isə doğma sakinlərin öz yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların Böyük Qayıdışı başlanıb. Uzun illər doğma torpaqlarından uzaqda yaşayan ailələr yenidən öz evlərinə qayıdaraq burada yeni həyata başlayıblar. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərində 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndində 217 ailənin, yəni 823 nəfərin, Sus kəndində 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndində isə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil. Hər bir ailənin qayıdışı illərlə davam edən həsrətin sona çatması, ata-baba yurdunun yenidən canlanması və Böyük Qayıdışın real nəticələrinin göstəricisidir. İşğal dövründə viran qoyulmuş ərazilərdə bu gün yeni evlərin, məktəblərin, tibb müəssisələrinin, yolların və sosial obyektlərin inşa edilməsi Azərbaycanın öz gücü hesabına yaratdığı yeni reallığın ifadəsidir.
Laçının timsalında Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri müasir şəhərsalma yanaşmaları ilə müşayiət olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun yaradılması, ekoloji prinsiplərə üstünlük verilməsi və dayanıqlı yaşayış mühitinin formalaşdırılması bu ərazilərin gələcək inkişaf modelini müəyyənləşdirir.
Laçın bu gün həm də Azərbaycanın dünyaya təqdim etdiyi yeni inkişaf modelinin simvollarından biridir. İşğaldan azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlər, şəhərsalma forumları və yüksək səviyyəli görüşlər Qarabağ və Şərqi Zəngəzurun yalnız sürətlə bərpa olunmadığını, eyni zamanda beynəlxalq əməkdaşlıq və regional inkişaf üçün yeni imkanlar yaratdığını nümayiş etdirir.
26 avqust – Laçın Şəhəri Günü bu baxımdan yalnız bir şəhərin azadlığını qeyd edən tarix deyil. Bu gün həm şəhidlərin və qazilərin qəhrəmanlığının, həm Azərbaycan Ordusunun gücünün, həm də dövlət siyasətinin və xalq–ordu birliyinin təntənəsidir. Laçının keçdiyi yol işğaldan azadlığa, dağıntıdan quruculuğa, məcburi köçkünlükdən Böyük Qayıdışa uzanan tarixi yolun parlaq nümunəsidir.
Bu gün azad Laçının hər bir küçəsində, yeni salınan yaşayış məhəllələrində və yenidən canlanan kəndlərində Azərbaycanın Zəfərinin izləri görünür. Bir vaxtlar işğal və dağıntı ilə yadda qalan şəhər indi quruculuq, inkişaf və qayıdışın ünvanına çevrilib. Laçının timsalında bir daha təsdiq olunur ki, Azərbaycan öz tarixi torpaqlarını bərpa etməklə yanaşı, həmin ərazilərdə müasir və firavan həyat qurmaq əzmindədir.
Laçın Şəhəri Günü xalqımız üçün həm keçmişi xatırlamaq, həm qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, həm də gələcəyə inamla baxmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını, dövlətimizin gücünü və Böyük Qayıdışın davamlı xarakterini özündə əks etdirən qürur səhifəsidir.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri