Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız dövlətlərarası əməkdaşlığın klassik çərçivələri ilə izah oluna bilməz. Bu əlaqələrin siyasi mahiyyətini müəyyən edən əsas amillərdən biri xalqlarımızı birləşdirən ortaq tarixi yaddaş, mədəni yaxınlıq, dil və mənəvi dəyərlərdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan–Özbəkistan münasibətlərinin təməlində əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət, birlik və həmrəylik dayanır. Məhz bu sosial-mədəni baza son illərdə siyasi iradə ilə tamamlanaraq münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldib.
Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoq xüsusi əhəmiyyət daşıyır. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin və çoxsaylı təmasların keçirilməsi iki ölkə arasında münasibətlərin epizodik deyil, ardıcıl və uzunmüddətli siyasi kursa çevrildiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin gücü ilk növbədə onların yalnız cari siyasi maraqlara söykənməməsindən irəli gəlir. Azərbaycan və özbək xalqları eyni tarixi-mədəni məkanın müxtəlif qolları kimi əsrlər boyu bir-birinin mədəni inkişafına təsir göstərib. Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük şəxsiyyətlərin irsi bu ortaq mənəvi məkanın simvollarındandır. Bu baxımdan, iki ölkə arasında münasibətlərdə mədəniyyət yalnız humanitar əməkdaşlıq istiqaməti deyil, həm də siyasi yaxınlığın sosial dayağı kimi çıxış edir.
Son illərdə bu tarixi və mənəvi yaxınlıq dövlətlərarası münasibətlərin institusional mexanizmləri ilə möhkəmləndirilib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura bunun ən mühüm nümunələrindən biridir. Şura iki ölkənin strateji prioritetlərini birbaşa dövlət başçıları səviyyəsində müzakirə etməyə, qəbul edilmiş qərarların icrasını əlaqələndirməyə və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirməyə imkan verir. 2026-cı il avqustun 23-də Daşkənddə keçirilən üçüncü iclas isə bu mexanizmin artıq ikitərəfli münasibətlərin əsas siyasi platformalarından birinə çevrildiyini nümayiş etdirdi.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan münasibətlərində siyasi yaxınlıq iqtisadi və institusional mexanizmlərlə müşayiət olunur. Ticarət, sənaye kooperasiyası, energetika, geologiya, kimya, tikinti, maliyyə və kənd təsərrüfatı kimi sahələrdə layihələr portfelinin formalaşması münasibətlərin real iqtisadi məzmununu genişləndirir. Dövlət başçıları ikitərəfli əmtəə dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması üçün konkret proqramın qəbul edildiyini açıqlayıblar. Bununla yanaşı, bu rəqəm son hədd kimi deyil, daha böyük iqtisadi potensialın başlanğıc mərhələsi kimi qiymətləndirilir.
Bu yanaşma Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan imkanlarından istifadə baxımından xüsusilə əhəmiyyətlidir. Azərbaycan Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa istiqamətində nəqliyyat və logistika imkanlarına malik olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın ən böyük iqtisadi və demoqrafik mərkəzlərindən biri kimi regiondaxili istehsal, ticarət və nəqliyyat əlaqələrində mühüm mövqeyə sahibdir. Bu potensialların birləşdirilməsi ikitərəfli əməkdaşlığı yalnız iki ölkənin bazarları ilə məhdudlaşdırmır, onu daha geniş Avrasiya iqtisadi məkanına çıxarır.
2026-cı il avqustun 23–24-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında xüsusi mərhələ kimi qiymətləndirilə bilər. Səfərin əsas siyasi nəticələrindən biri Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi ilə bağlı qərarların qəbul edilməsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səfəri tarixi hadisə kimi qiymətləndirərək, bu çərçivədə Əbədi dostluq haqqında Müqavilənin imzalanmasını münasibətlərin yeni siyasi məzmununun mühüm göstəricisi adlandırıb.
Əbədi dostluq haqqında Müqavilənin siyasi əhəmiyyəti onun adından daha geniş məna daşıyır. Sənəd iki dövlət arasında artıq yüksək səviyyəyə çatmış qarşılıqlı etimadın uzunmüddətli siyasi çərçivəyə salınmasını ifadə edir. Başqa sözlə, Azərbaycan və Özbəkistan münasibətlərinin gələcək inkişafı yalnız ayrı-ayrı hökumətlərin və ya konkret layihələrin gündəliyindən asılı olmayaraq, daha davamlı və strateji əsaslara söykənir. Bu isə müttəfiqliyin institusional və hüquqi bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda, “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması münasibətlərin simvolik tərəfini daha da gücləndirir. Bu kimi layihələr diplomatik münasibətlərin yalnız dövlət qurumları arasında deyil, xalqların gündəlik həyatında da görünən və hiss olunan məzmun qazanmasına xidmət edir.
Səfər zamanı nəqliyyat və tranzit əməkdaşlığı da xüsusi diqqət mərkəzində olub. Azərbaycan və Özbəkistan Trans-Xəzər nəqliyyat dəhlizinin potensialından daha səmərəli istifadə etmək, logistika infrastrukturunu inkişaf etdirmək və daşımaların həcmini artırmaq niyyətlərini ifadə ediblər. Xəzər dənizində birgə donanmanın yaradılması istiqamətində işlərin sürətləndirilməsi də bu kontekstdə diqqətəlayiqdir.
Bu istiqamət Azərbaycanın regional nəqliyyat strategiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Özbəkistan üçün isə Azərbaycan üzərindən Qərb istiqamətində alternativ və daha səmərəli nəqliyyat bağlantılarının inkişaf etdirilməsi Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarının genişlənməsi deməkdir. Beləliklə, nəqliyyat əməkdaşlığı iki ölkənin ikitərəfli münasibətlərini aşaraq daha geniş regional inteqrasiya prosesinə çevrilə bilər.
Səfərin digər mühüm nəticəsi iqtisadi əməkdaşlığın yeni mərhələyə keçirilməsi üçün müəyyən edilmiş konkret istiqamətlərdir. Energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, maliyyə, kimya və tikinti sahələrində mövcud layihələrin genişləndirilməsi iki ölkənin iqtisadiyyatlarının qarşılıqlı tamamlayıcılığından istifadə etməyə imkan verir. Regionlararası əlaqələrin gücləndirilməsi də bu prosesin mühüm hissəsidir. Daşkənd, Buxara və Namanqan kimi Özbəkistanın regionlarının Azərbaycanla birbaşa əməkdaşlığının genişləndirilməsi iqtisadi münasibətlərin yalnız paytaxtlar səviyyəsində deyil, regional müstəvidə də dərinləşdiyini göstərir.
Humanitar istiqamət isə bu əməkdaşlığın uzunmüddətli xarakterini təmin edən əsas amillərdəndir. Azərbaycan Mədəniyyəti Günlərinin Özbəkistanda keçirilməsi, ali məktəb rektorlarının forumlarının təşkili, gənclər arasında əlaqələrin genişləndirilməsi və Nizami Gəncəvi ilə Əlişir Nəvainin ədəbi irsinə həsr olunan birgə filmin hazırlanması kimi təşəbbüslər xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Gələcəkdə bu əlaqələrin təhsil, elm, kino, ədəbiyyat, turizm və gənclər siyasəti sahələrində genişlənməsi siyasi müttəfiqliyin ictimai dayaqlarını daha da möhkəmləndirə bilər.
Nəticə etibarilə, Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı mərhələsi təsadüfi siyasi yaxınlaşma deyil, tarixi-mədəni bağların, qarşılıqlı iqtisadi maraqların və yüksək səviyyəli siyasi iradənin bir-birini tamamlamasının nəticəsidir. İlham Əliyevin Özbəkistana son dövlət səfəri isə bu münasibətlərin yeni mərhələyə keçidini konkret sənədlər, layihələr və institusional qərarlarla təsdiqlədi. Əbədi dostluq haqqında Müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, iqtisadi dövriyyənin artırılması məqsədi və Trans-Xəzər dəhlizi üzrə əməkdaşlığın dərinləşdirilməsi göstərir ki, Azərbaycan və Özbəkistan artıq yalnız tarixi və mədəni baxımdan yaxın iki dövlət deyil, Avrasiya məkanında ortaq maraqları olan strateji müttəfiqlərdir.
Bu baxımdan, qarşıdakı dövrdə əsas məsələ əldə olunmuş siyasi razılaşmaları daha çox iqtisadi layihəyə, nəqliyyat marşrutuna, investisiyaya, birgə istehsala və humanitar təşəbbüsə çevirməkdir. Hazırkı siyasi etimad və qarşılıqlı rəğbət qorunduğu təqdirdə Azərbaycan–Özbəkistan müttəfiqliyi həm iki ölkənin milli maraqlarına, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verə bilər.
Cəlal Həsənli
YAP Culfa rayon təşkilatının sədr müavini