PDF Oxu

Siyasət

  • 1 259

Azərbaycan-Özbəkistan münasibətləri əbədi dostluq mərhələsinə yüksəlib

image

Azərbaycan və Özbəkistan münasibətləri keçmişin ortaq dəyərləri və gələcəyin ortaq layihələri üzərində qurulur. Prezident İlham Əliyevin Özbəkistana üçüncü dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və yeni layihələrin təqdimatı Azərbaycan–Özbəkistan münasibətlərinin yeni yüksək mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi. Son illərdə formalaşan əməkdaşlıq modeli siyasi etimadı konkret hüquqi sənədlər, institusional mexanizmlər, investisiya alətləri, ticarət proqramları, nəqliyyat layihələri və humanitar təşəbbüslərlə genişləndirir. Münasibətlərin bu qədər sürətlə inkişaf etməsində iki dövlət başçısının siyasi iradəsi xüsusi rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək şəxsi etimad artıq dövlətlərarası münasibətlərin mühüm hərəkətverici qüvvəsinə çevrilib.Bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Onun sözlərinə görə, münasibətlərin bugünkü səviyyəsini anlamaq üçün 2024-cü il avqustun 23-də Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqaviləni xatırlamaq kifayətdir. Sənəd əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Eyni səfərdə Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi münasibətlərin institusional əsaslarını gücləndirdi. 2026-cı il avqustun 23-də isə bu xətt daha yüksək mərhələyə keçdi. Prezidentlərin iştirakı ilə Əbədi dostluq haqqında Müqavilə imzalandı. Ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması proqramı və investisiya-ticarət layihələri üzrə yol xəritəsi qəbul edildi. Beləliklə, münasibətlərin inkişafı qardaşlıqdan strateji tərəfdaşlığa, müttəfiqlikdən bədi dostluğa doğru ardıcıl xarakter daşıyır.“Əbədi dostluq haqqında Müqavilənin əsas siyasi əhəmiyyəti iki ölkə arasında münasibətlərin uzunmüddətli xarakterini təsbit etməsidir. Sənəd yüksək siyasi etimadın hüquqi ifadəsi olmaqla, dəyişən geosiyasi şəraitdə qarşılıqlı münasibətlərin sabitliyini gücləndirir. Müqavilə gələcək onilliklər üçün ikitərəfli münasibətlərin siyasi əsaslarını müəyyən edən mühüm sənəddir. Azərbaycan–Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyətlərindən biri Ali Dövlətlərarası Şuranın fəaliyyətidir. 2023-cü ildə yaradılmış bu mexanizm iki dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərir. 2024-cü ildə ilk iclası keçirilən Şuranın 2026-cı ildə üçüncü toplantısının keçirilməsi platformanın davamlılığını təsdiqləyir”, - deyə deputat əlavə edib.N.Məmmədova bildirib ki, münasibətlərin yeni mərhələsinin mühüm göstəricilərindən biri iqtisadi əməkdaşlığın genişlənməsidir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 795 milyon dollar təşkil edib ki, bu da üç dəfədən çox artım deməkdir. 2026-cı ilin yanvar–may aylarında isə göstərici 144 milyon dollara çataraq illik müqayisədə 33 faiz artıb. Sənaye, kənd təsərrüfatı, enerji, tikinti, nəqliyyat və turizm sahəsində əməkdaşlıq imkanları mövcuddur. Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bu dəstəyin mühüm nümunəsidir.“Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindəndir. Bu iki ölkənin yaxınlaşması regionlararası əlaqələrin dərinləşməsinə təsir göstərir. Əsas istiqamətlərdən biri Orta Dəhlizdir. Nəqliyyat dəhlizləri ilə yanaşı, limanların, dəmir yollarının, logistika xidmətlərinin və rəqəmsal həllərin əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyacaq.Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa da əlavə impuls verir. İki ölkənin iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi Türk dünyasının şərq və qərb hissələri arasında bağlantıların möhkəmlənməsinə xidmət edir. Bakı ilə Daşkənd arasında formalaşan əməkdaşlıq türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından nümunəvi xarakter daşıyır”, - deyə deputat fikrini sonlandırıb.

Digər xəbərlər