PDF Oxu

Siyasət

  • 544

Azadlığın, qayıdışın, gələcəyə inamın rəmzi – Laçın - ŞƏRH

image

Laçın Azərbaycanın tarixində özünəməxsus yeri olan, zəngin təbiəti, strateji mövqeyi və qədim yaşayış məskənləri ilə seçilən bölgələrimizdəndir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılmış, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi formalaşdırılması ilə şəhər rayonun mərkəzinə çevrilmişdir. Dağları, meşələri, zəngin su ehtiyatları və əlverişli coğrafi mövqeyi Laçını Azərbaycanın mühüm bölgələrindən birinə çevirmişdir.
Laçının tarixində ən ağrılı səhifələrdən biri 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurdlarından didərgin salınmış, yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur. Yüzlərlə hərbi və mülki şəxs həyatını itirmiş, məktəblər, mədəniyyət müəssisələri, inzibati binalar və digər sosial obyektlər dağıdılmışdır. Laçının işğalı təkcə bir rayonun itirilməsi deyil, Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfər Laçının taleyində də dönüş nöqtəsi olmuşdur. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarılmış və bununla da uzun illər davam edən işğala son qoyulmuşdur. Laçının azadlığı xalqımızın yaddaşında tarixi ədalətin bərpası kimi əbədi yaşayacaqdır.
Bu tarixi qələbədən sonra Laçının bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanmışdır. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə şəhər Azərbaycanın nəzarətinə qaytarılmışdır. Bununla da Laçın şəhərində Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalanmış, şəhərin yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Həmin tarix sonradan Laçın Şəhəri Günü kimi təsis edilərək şəhərin yeni tarixində xüsusi əhəmiyyət qazanmışdır.
Bu gün Laçın artıq dağıntı və köçkünlük simvolu deyil, Şərqi Zəngəzurun dirçələn, müasir və sürətlə inkişaf edən şəhərlərindən biridir. Burada yaşayış kompleksləri, sosial obyektlər, yollar, məktəblər və digər infrastruktur layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı təmin olunur, Laçının həyatına yeni nəfəs gətirilir.
Laçının inkişafında onun zəngin enerji potensialından istifadə də mühüm yer tutur. Rayonda su elektrik stansiyalarının yaradılması və mövcud enerji imkanlarının genişləndirilməsi həm bölgənin enerji təminatına, həm də Azərbaycanın yaşıl enerji siyasətinə töhfə verir. Bununla yanaşı, Laçının turizm potensialının inkişafı, təbii sərvətlərindən səmərəli istifadə və müasir infrastrukturun qurulması rayonun gələcək inkişaf perspektivlərini daha da genişləndirir.
Prezident İlham Əliyevin Laçının gələcəyi ilə bağlı həyata keçirdiyi ardıcıl siyasət bu qədim yurdun yenidən dirçəldilməsinə xidmət edir. Bu gün burada tikilən hər yeni ev, salınan hər yol, fəaliyyətə başlayan hər bir sosial obyekt doğma torpaqlara qayıdışın real mənzərəsini yaradır. Laçın yalnız yenidən qurulmur, həm də müasir Azərbaycanın inkişaf modelinə uyğun şəkildə yenilənir.
Dünən işğalın ağrısını yaşayan Laçın bu gün Azərbaycanın Böyük Qayıdış siyasətinin ən parlaq nümunələrindən birinə çevrilmişdir. Doğma yurda qayıdan insanların üzündəki sevinc, yenidən canlanan küçələr, abadlaşan yaşayış məntəqələri Laçının yeni həyatının ən böyük göstəricisidir. Laçın həm də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm simvollarından biridir.
Laçının dünəndən bu günə keçən yolu xalqımızın iradəsinin, dövlətimizin gücünün və tarixi ədalətin təntənəsinin ifadəsidir. Bu gün Laçın azadlığın, qayıdışın və gələcəyə inamın rəmzi kimi öz yeni tarixini yazır. Onun dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil, Azərbaycanın azad edilmiş ərazilərində yaratdığı yeni həyatın parlaq təcəssümüdür.

Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri

Digər xəbərlər