Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin sürətli inkişafını bir daha nümayiş etdirir. Daşkənddə keçirilən Ali Dövlətlərarası Şuranın üçüncü iclası, çoxsaylı sənədlərin imzalanması, yeni layihələrin təməlinin qoyulması, prezidentlərin qarşılıqlı olaraq ali dövlət təltifləri ilə təltif edilməsi və “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Bakı–Daşkənd münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə keçdiyinin göstəricisidir. Tarixi və mədəni yaxınlıq, qarşılıqlı hörmət, liderlər arasında yüksək etimad, iqtisadi maraqlar və regional baxış bir-birini tamamlayır. Nəticədə Azərbaycan və Özbəkistan arasında formalaşan əməkdaşlıq modeli geniş geosiyasi və geoiqtisadi proseslərə təsir göstərən amilə çevrilir.2022-ci ildə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması, 2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin bağlanması bu inkişafın əsas mərhələlərini təşkil edir. 2026-cı il avqustun 23-də imzalanan “Əbədi dostluq haqqında Müqavilə” isə münasibətlərin uzunmüddətli siyasi çərçivəsini daha da möhkəmləndirir. Burada mühüm məqam odur ki, siyasi sənədlərin sayı artdıqca onların məzmunu da daha konkret xarakter alır. Artıq söhbət konkret iqtisadi, investisiya, nəqliyyat, enerji, humanitar və regional layihələrdən gedir. Bu baxımdan Bakı–Daşkənd münasibətləri siyasi etimadın praktiki əməkdaşlığa çevrilməsinin uğurlu nümunəsidir. Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir”.
Azərbaycan və Özbəkistan münasibətlərində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri mühüm rol oynayır. Dövlətimizin başçısı Daşkənddə Şavkat Mirziyoyevin Özbəkistanın inkişafında gördüyü işləri yüksək qiymətləndirməsi iki lider arasındakı qarşılıqlı hörmətin ifadəsidir.
Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələsini xarakterizə edən əsas mexanizmlərdən biridir. Fondun 500 milyon dollarlıq kapitalı genişmiqyaslı layihələrin maliyyələşdirilməsi üçün ciddi imkan yaradır. Fondun vəsaitlərinin konkret layihələrə yönəldilməsi investisiya əməkdaşlığının praktiki nəticələr verməyə başladığının göstəricisidir. Bu fond gələcəkdə iki ölkənin şirkətlərinin üçüncü ölkələrin bazarlarına çıxması üçün də platformaya çevriləcəkdir. Belə perspektiv Bakı–Daşkənd əməkdaşlığının regional və qlobal iqtisadi əhəmiyyətini daha da artırır.
Dövlətlərarası münasibətlərin əlamətdar xüsusiyyətlərindən biri Özbəkistanın Qarabağın bərpasında fəal iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi qardaş ölkənin Azərbaycanın bərpa prosesinə verdiyi ilk mühüm töhfələrdən biri olub. Xankəndidə tikiş fabrikinin yaradılması isə bu əməkdaşlığın yeni mərhələyə keçdiyini bir daha təsdiqləyir. Burada artıq təhsil və sosial layihələrlə yanaşı, istehsal və məşğulluq məsələləri də ön plana çıxır. Azərbaycan–Özbəkistan tərəfdaşlığı ölkənin regionlarına, xüsusilə işğaldan azad edilmiş ərazilərə də yayılır. Bu faktorlar qardaşlığın konkret iqtisadi və sosial məzmun qazanmasının ən parlaq nümunələrindən biridir.
Azərbaycan və Özbəkistanın əməkdaşlığında nəqliyyat-logistika sahəsinin xüsusi çəkisi getdikcə artır. Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərində yerləşməsi onun beynəlxalq bazarlara çıxışında alternativ marşrutların əhəmiyyətini artırır. Azərbaycanın Xəzər dənizindəki mövqeyi və Avropa istiqamətində nəqliyyat infrastrukturu isə bu baxımdan böyük üstünlük yaradır. Orta Dəhlizin inkişafı iki ölkənin iqtisadi maraqlarını birləşdirən əsas layihələrdən biridir.
Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolu infrastrukturu və Xəzər üzərindən daşımalar üçün imkanları Özbəkistanın Avropa istiqamətində yük axınlarının artmasına şərait yarada bilər. Eyni zamanda Özbəkistanın Mərkəzi Asiya daxilindəki nəqliyyat şəbəkəsi bu dəhlizin yük bazasının genişləndirilməsinə xidmət edir. Nəticədə Bakı–Daşkənd münasibətləri Avrasiya nəqliyyat xəritəsində daha mühüm mövqeyə çevrilir.
Azərbaycan Xəzərin qərb sahilində yerləşməklə Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu oynayır. Bu coğrafi reallıq iki ölkənin nəqliyyat əməkdaşlığını zərurətə çevirir. Xəzər üzərindən daşımaların artırılması, gəmiçilik imkanlarının genişləndirilməsi və logistika xidmətlərinin inkişaf etdirilməsi Azərbaycan və Özbəkistanın qarşılıqlı iqtisadi maraqlarına cavab verir. Azərbaycanın gəmiqayırma imkanları və Özbəkistanın artan ixrac potensialı bir-birini tamamlayan amillərdir. Bu əməkdaşlığın inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına daha sürətli və təhlükəsiz çıxışını da dəstəkləyə bilər.
Dövlətimizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsində Özbəkistanın xüsusi rolu var. Prezident İlham Əliyev Daşkənddə Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşləri formatına qoşulmasında Şavkat Mirziyoyevin rolunu xüsusi qeyd edib. Bu hadisə siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan artıq regionun çoxtərəfli əməkdaşlıq mexanizmlərində də iştirak edən aktora çevrilir. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat bağlantısı daha da güclənir. Bu prosesdə Özbəkistanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünki Daşkənd Mərkəzi Asiyanın ən böyük əhali və mühüm iqtisadi mərkəzlərindən biridir. Prezident İlham Əliyev vurğulayıb: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının perspektivləri genişdir. Neft və qaz kəşfiyyatı üzrə layihələrin yeni mərhələyə keçməsi iki ölkənin enerji şirkətləri arasında əməkdaşlığın dərinləşdiyini nümayiş etdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində artan imkanları, xüsusilə Xəzər dənizinin külək potensialının mənimsənilməsi istiqamətində atılan addımlar, Özbəkistanın isə günəş və külək enerjisi üzrə böyük potensialı yeni əməkdaşlıq imkanları yaradır. Yaşıl enerji texnologiyaları, enerji səmərəliliyi, enerji sistemlərinin modernləşdirilməsi və kadr hazırlığı gələcək əməkdaşlığın yeni istiqamətlərinə çevrilə bilər.
İqtisadi inteqrasiyanın mühüm şərtlərindən biri maliyyə əlaqələrinin inkişafıdır. Azərbaycan banklarının Özbəkistan bazarında fəaliyyətə başlaması biznes əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu faktorlar sahibkarlar arasında maliyyə əməliyyatlarının asanlaşdırılması, investisiya layihələrinin maliyyələşdirilməsi və iki ölkənin biznes dairələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. SOCAR-ın Özbəkistan bazarındakı fəaliyyəti də Azərbaycanın özəl və dövlət şirkətlərinin bu ölkədə fəaliyyət imkanlarının genişləndiyinin göstəricisidir. Beləliklə, siyasi münasibətlər getdikcə daha çox biznes əlaqələri ilə möhkəmlənir.
23 avqust tarixində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı olaraq ali dövlət ordenləri ilə təltif olunması səfərin ən mühüm siyasi hadisələrindən biri olub. Özbəkistan Prezidentinin Azərbaycan Prezidentinə “Dostluq” ordenini təqdim etməsi, Azərbaycan Prezidentinin isə Şavkat Mirziyoyevə “Heydər Əliyev” ordenini verməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin simvolik ifadəsidir.
Asif Əsgərov
Milli Məclisin deputatı