PDF Oxu

Siyasət

  • 1 345

Laçın: işğaldan Zəfərə, Zəfərdən dirçəlişə

image

Laçın Azərbaycanın tarixində, coğrafiyasında və milli yaddaşında xüsusi yer tutan şəhərlərdən biridir. Onun strateji mövqeyi, təbii sərvətləri, zəngin mədəni irsi və Qarabağla Azərbaycanın digər bölgələri arasında mühüm coğrafi mövqeyi Laçını hər zaman xüsusi əhəmiyyət daşıyan əraziyə çevirib. Məhz buna görə Laçının taleyi yalnız bir rayonun taleyi deyil, Azərbaycanın milli təhlükəsizliyi və ərazi bütövlüyü məsələsi kimi qiymətləndirilməlidir.

1992-ci il mayın 18-də Laçının Ermənistan tərəfindən işğal olunması Azərbaycanın müasir tarixinin ən ağır səhifələrindən biri oldu. Laçının işğalı ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında quru əlaqəsi yaradıldı. Bu baxımdan Laçının itirilməsi sonrakı işğalların və ərazi itkilərinin genişlənməsinə şərait yaradan strateji hadisələrdən biri idi. Laçının işğalı həm də həmin dövrün siyasi böhranlarının, hakimiyyət uğrunda mübarizələrin və dövlət idarəçiliyindəki zəifliklərin ağır nəticələrini nümayiş etdirdi. O dövrdə AXC-Müsavat cütlüyünün xəyanətkar siyasi davranışı, hakimiyyət uğrunda mübarizənin dövlətin müdafiə imkanlarından üstün tutulması, siyasi parçalanma və idarəçilik böhranı ölkənin təhlükəsizlik imkanlarını ciddi şəkildə zəiflətdi. Məkrli niyyətlər üzərindən Şuşa və Laçının ermənilərə peşkəş edilməsi bu böhranın ən ağır nəticələrindən oldu. Bu faciəli tarixdən çıxarılan əsas dərs isə dəyişməzdir: dövlətçilik, milli birlik və güclü ordu olmadan ərazi bütövlüyünü qorumaq mümkün deyil.
Laçının taleyində dönüş nöqtəsi 2020-ci ildə baş verdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər regionda yeni reallıq yaratdı. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri və Zabux, Sus kəndləri müəyyən müddət ərzində əvvəlki Laçın dəhlizinin marşrutu ilə bağlı vəziyyətə görə Azərbaycanın tam nəzarətində deyildi.
2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusunun şəhərə daxil olması ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, üç onillik işğaldan sonra Laçın öz sahibinə qovuşdu. Bu tarix sonradan milli təqvimdə xüsusi yer aldı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edildi və 26 avqust Laçın şəhəri günü elan olundu. Sərəncamın mahiyyəti yalnız bir tarixi hadisəni xatırlatmaqdan ibarət deyil. Bu gün həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasının, dövlət suverenliyinin möhkəmlənməsinin və Böyük Qayıdışın başlanmasının təcəssümüdür.
Bu gün Laçın artıq yalnız keçmiş işğalın ağrısını xatırladan şəhər deyil. Laçın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin ən parlaq nümunələrindən birinə çevrilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Laçında aparılan işlər bu siyasi məqsədin praktiki nəticələrini nümayiş etdirir.
Bu prosesin mühüm mərhələlərindən biri də Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiq edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2025-ci il tarixli qərarı ilə təsdiqlənən sənəd Laçının uzunmüddətli şəhərsalma inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mühüm hadisədir. 28 may 2025-ci ildə açılan aeroport işğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq hava limanıdır. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən bu obyekt Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Onun Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsində, iqtisadi və turizm potensialının artırılmasında mühüm rol oynaması nəzərdə tutulur. Beləliklə, vaxtilə işğal səbəbindən Azərbaycanın iqtisadi və nəqliyyat əlaqələrindən təcrid edilmiş Laçın bu gün regional bağlantıların gücləndirildiyi məkana çevrilir.
Laçının ən böyük üstünlüklərindən biri onun bənzərsiz təbiətidir. Dağlar, meşələr, mineral bulaqlar, çaylar və zəngin biomüxtəliflik rayonu turizm baxımından xüsusi cəlbedici edir.
Laçın şəhəri günü Azərbaycan üçün yalnız təqvimdə qeyd olunan növbəti əlamətdar tarix deyil. Laçın artıq işğalın deyil, Zəfərin, Böyük Qayıdışın və Azərbaycanın quruculuq iradəsinin simvoludur. Bu baxımdan 26 Avqust təqvimi həm keçmişi xatırlamaq, həm bu günü dəyərləndirmək, həm də gələcəyə baxmaq üçün mühüm fürsətdir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər