PDF Oxu

Siyasət

  • 1 216

Tarixi torpaqlarımızda yeni həyatın möhkəm təməlləri yaradılır

image

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların mahiyyəti bütöv bir mərhələnin yekununu və yeni dövrün başlanğıcını ifadə edir. 20 sentyabr da məhz belə əlamətdar tarixlərdən biridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının, Qarabağda yeni həyatın başlanmasının rəmzi məna daşıyan günlərindən biri kimi xarakterizə olunur.

20 sentyabrın tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, o, 2020-ci ilin Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı olub. 44 günlük müharibə nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edilib. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulub, separatçı rejim süqut edib və sentyabrın 20-də ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa olunub. Azərbaycan dövləti öz ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə tam təmin etməklə yanaşı, Qarabağın gələcək inkişafı üçün də yeni mərhələnin əsasını qoyub.
Bu tarixi prosesin ən yaddaqalan anlarından biri 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: “Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Qarşıda yeni vəzifə – azad edilmiş torpaqların bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və Qarabağın müasir inkişaf məkanına çevrilməsi dayanır. Bu gün Azərbaycan məhz bu məqsədlər istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, müasir yol-nəqliyyat infrastrukturu yaradılır, elektrik enerjisi, içməli su, qaz və rabitə xətləri çəkilir, sosial obyektlər inşa edilir. Məktəblərin, tibb müəssisələrinin, xidmət obyektlərinin yaradılması ilə yanaşı, yeni iqtisadi imkanların formalaşdırılması da diqqət mərkəzində saxlanılır. Bütün bunlar Qarabağda insanların təhlükəsiz, rahat və layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir.
Xankəndidə Qarabağ Universitetinin yaradılması bu siyasətin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan bu ali təhsil ocağı şəhərin yalnız yaşayış məkanı deyil, həm də elm, təhsil və insan kapitalının inkişaf etdiyi mərkəz kimi formalaşmasına mühüm töhfə verir. Qarabağın iqtisadi potensialının reallaşdırılması və yeni əmək bazarının tələblərinin qarşılanması üçün yüksəkixtisaslı kadrların hazırlanması regionun gələcək inkişafında xüsusi rol oynayacaqdır.
Ağdərə rayonunun yaradılması da Qarabağda yeni idarəçilik və inkişaf mərhələsinin mühüm göstəricilərindəndir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu qərar ərazinin gələcək sosial-iqtisadi inkişafının daha səmərəli təşkili baxımından da əhəmiyyət daşıyır.
Bu gün Xocalı, Xocavənd və Ağdərədə də bərpa-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Ən mühüm məqam isə həmin ərazilərin yenidən məskunlaşdırılmasıdır. İllərlə doğma torpaqlarından uzaqda yaşayan ailələrin öz evlərinə qayıtması Böyük Qayıdışın ən mühüm nəticələrindən biridir. Xocalının kəndlərinə, Xocavəndin yaşayış məntəqələrinə, Ağdərənin kəndlərinə və Xankəndinin Kərkicahan qəsəbəsinə həyata keçirilən köçlər bu prosesin miqyasının genişləndiyini göstərir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılan Azərbaycan Bayrağı ilə yanaşı, burada qurulan yeni evlər, məktəblər, yollar, universitet və sosial obyektlər də Zəfərin davamlı nəticələrini nümayiş etdirir. Azərbaycan öz tarixi torpaqlarında yeni həyatın möhkəm təməllərini də yaradıb. Qarabağda davam edən Böyük Qayıdış bu tarixi prosesin ən mühüm ifadəsidir. İnsanların doğma yurdlarına qayıdışı ilə Qarabağın şəhər və kəndləri yenidən canlanır, tarixi yaddaşla müasir inkişaf bir məkanda qovuşur.
Beləliklə, 20 sentyabr Azərbaycan tarixində Zəfərin, suverenliyin və Böyük Qayıdışın vəhdətini ifadə edən əlamətdar gün kimi öz xüsusi yerini tutur. Qarabağda qurulan yeni həyat isə bu Zəfərin yalnız dünənin deyil, Azərbaycanın sabahının da təməlini təşkil etdiyini təsdiqləyir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Digər xəbərlər