Sentyabrın 15-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhid Quliyev Fərid Vahid oğlunun əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidin ildönümü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov və Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, şəhid ailələri, qazilər ailəsi ilə birlikdə şəhidin məzarını ziyarət edərək, məzarı üzərinə gül dəstələri qoymuşlar.
Mərasimdə çıxış edənlər Qaradağ rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Səbinə Xasayeva və Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirmişlər. Ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğı göstərdiyi və bunun davamlı olacağı ziyarət iştirakçılarının diqqətinə çatdırılıb.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə, həmçinin şəhid adının daimi uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişdir.
Qeyd edək ki, Quliyev Fərid Vahid oğlu 7 noyabr 2003-cü ildə Bakı şəhərinin Lökbatan qəsəbəsində anadan olub. Orta təhsilini Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli liseydə alıb. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlayıb.
Fərid Quliyev 14 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
O, hərbi xidmət zamanı yüksək peşəkarlıq, şücaət və mərdlik nümayiş etdirib, üzərinə düşən xidməti vəzifələri və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib.
Şəhid Quliyev Fərid Vahid oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Fərid Quliyevin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.