PDF Oxu

Siyasət

  • 584

Tarixi Ədalətin Bərpası: 44 Günlük Zəfərdən Tam Suverenliyə Doğru - ŞƏRH

image

​Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə mərhələlər və anlar vardır ki, onlar yalnız bir təqvim günü deyil, bütöv bir millətin taleyini, şərəfini və gələcək inkişaf istiqamətini müəyyən edir. 20 sentyabr müasir Azərbaycanın müstəqillik xronikasında məhz belə bir zirvə nöqtəsidir. 30 ildən çox davam edən torpaq işğalına, qaçqınlıq və Məcburi Köçkünlük məhrumiyyətlərinə, beynəlxalq aləmdəki ikili standartlara baxmayaraq, Azərbaycan xalqı öz müstəqillik iradəsini və dövlətçilik əzmini heç vaxt itirmədi. 2023-cü ilin 20 sentyabr tarixi isə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam, qətiyyətli bərpası günü kimi tariximizə qızıl hərflərlə yazıldı.

​30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanılması təkcə humanitar fəlakət deyil, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qaldığı bir şəraitdə, Azərbaycan dövləti öz gücünə, ordu quruculuğuna və iqtisadi potensialına arxalanaraq tarixi ədaləti bərpa etməyə hazırlaşdı. 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərlə başa çatdı. Qəhrəman ordumuz düşməni diz çökdürərək böyük zəfərə imza atdı, işğal altında olan şəhər və kəndlərimiz azad edildi. Lakin Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi azad edilsə də, Qarabağın müəyyən hissəsində separatçı rejim və Ermənistan silahlı qüvvələrinin qalıqları varlığını sürdürürdü.

​Tam suverenliyin təmin edilməsi istiqamətində atılan ilk və ən mühüm strateji addımlardan biri 2023-cü ilin aprelində Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addımla Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sınırlarını tam nəzarətə götürdü, qanunsuz silah və canlı qüvvə daşınmasının qarşısını kəsdi. Laçında dövlət bayrağımızın ucaldılması suverenliyin bərpası yolunda həlledici dönüş nöqtəsinə çevrildi.

​Buna baxmayaraq, Qarabağdakı qanunsuz xunta rejimi öz təxribatçı əməllərini, minalama siyasətini və hərbi təhdidlərini davam etdirirdi. 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin töşpürdüyü minaların partlaması nəticəsində mülki şəxslərimizin və polis əməkdaşlarımızın şəhid olması bardağı daşıran son damla oldu. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli anti-terror əməliyyatına start verildi.

​Bir gündən də az — cəmi 23 saat 43 dəqiqə davam edən bu yüksək dəqiqlikli əməliyyat nəticəsində separatçıların hərbi infrastrukturu darmadağın edildi, ağır texnikaları sıradan çıxarıldı və onlar təslim olmağa məcbur edildilər. Yalnız hərbi hədəflərin vurulduğu, mülki əhalinin zərər görmədiyi bu unikal əməliyyatla separatizmin kökü tamamilə kəsildi.

​Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündəki çıxışında bu tarixi anı belə qiymətləndirmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

​20 sentyabr əməliyyatı "Qarabağ Azərbaycandır və nida işarəsi" formulunun praktikada tam təsdiqi oldu. Bu tarixdən etibarən Azərbaycanın bütün ərazisində mərkəzi hakimiyyətin konstitusiya quruluşu, qanunlarının aliliyi və bayrağının ucalığı təmin edildi. Dövlət suverenliyinin bərpası milli ləyaqətimizin, ərazi bütövlüyümüzün və beynəlxalq hüququn təntənəsidir. Şəhidlərimizin qanı hesabına qazanılan bu Böyük Zəfər Azərbaycanın gələcək yüzilliklər üçün institusional davamlılığının və sarsılmazlığının zəmanətidir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər