Zəfər günündən etibarən bəzi üzdəniraqlar yeni mövzu atdılar meydana: hanı Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran? Bəs bunlar qaldı axı. Hansı Zəfərdən danışırsınız? Nə üçün müharibə yarımçıq dayandı? Bu necə müharibədir? Bu söz-söhbət o zaman danışılırdı ki, hələ Laçın, Kəlbəcər, Ağdam qarşıdakı mərhələlərdə qaytarılacaqdı. Və buna da həmin dairələrin nümayəndələri tərəfindən böyük inamsızlıq vardı.
Düşmən 44 gün ərzində tamamilə çökmüşdü. Elə bu səbəbdən də ağ bayraq qaldırıb təslim olduğunu bildirmişdi. Laçın, Kəlbəcər və Ağdamın isə boşaldılması üçün vaxt istəmişdi. Azərbaycan dövləti isə bütün dünyaya humanistliyini nümayiş etdirərək qonşu və düşmən dövlətə bütün bu olanlardan, yaşananlardan sonra yenə də insanpərvərliklə yanaşdı və onlara torpaqlarımızdan çıxmaq üçün zaman verdi.
Düşmən 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdi, torpaqlarımızı geri qaytardı. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun böyük bir hissəsi işğaldan azad edildi. Və həmin torpaqlarda dərhal bərpa işlərinə başlandı ki, 30 il yurd-yuvasından məcburi şəkildə köçkün düşən soydaşlarımız torpaqlarına qayıda bilsin, bir qərinəyə yaxın dövrün hicranın vüsal anı yetişsin.
Cəhənnəmə gedən status-kvo
Bir məsələni-“status-kvo”nun cəhənnəmə getdiyini anlamaq bu qədərmi çətin idi, yoxsa buna inamsızlıqdan doğurdu həmin söz-söhbət. Axı “Dağlıq Qarabağ Muxtar Vilayəti” artıq yox idi, dövlətimizin başçısı bu statusu ləğv etmişdi. Deməli, bu pərdə arxasında gizlənənlərin xülyaları da darmadağın edilmişdi. Qalırdı bircə onların Azərbaycan qanunlarına tabe olmaları-Azərbaycan torpaqlarında bu qanunlar çərçivəsində yaşamaları. Bunu isə təbii ki, torpaqlarımızı qurd kimi basmış separatçı-terror qruplaşmaları imkan vermir, yeni münaqişələr yaratmaqla bizim torpağımızda at oynatmaq meylində idilər. Bu, 3 il idi ki, davam edirdi: minalanmış ərazilərin xəritəsi verilmirdi, atəşkəs pozulurdu, Qarabağ və Şərqi Zəngəzurda tez-tez terror hadisələri törədilirdi. Bu hadisələrə isə içimizdən olan bəzi ünsürlər rəngarəng don geyindirir, hələ üstəlik ermənilərin tərəfində dayanaraq onların nahaq səsinə səs verirdilər.
Bir tərəfdən də Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgərana guya ki, canıyananlıq edirdilər. Anlamaq istəmirdilər ki, bu torpaqlar da azad edilən torpaqalrın içərisindədir. Sadəcə zaman lazımdır ki, o yurdlara da bayrağımız sancılsın.
Necə ki, ötən 30 ilə qədər dövrün sonlarına yaxın məqam yetişmişdi, biz torpaqlarımız azad etmək üçün hazır olduğumuzu hiss edib müharibə meydanına atılmışdıq, 44 gündə Qarabağın dastanını yazmışdıq, eləcə də zamanın yetişməsi, hadisələrin öz axarı ilə cərəyan etməsi lazım idi ki, bu torpaqlarda da bayrağımız dalğalansın. Lakin bunu anlamayan, bütün bunları hər gün müzakirə edib don geyindirənlər sakitləşmək bilmirdi. Bu barmaqla sayılacaq qədər olanların hər biri siyasətçiyə, siyasi ekspertə çevrilmişdi. Ağıllarına və ağızlarınına gələni danışmaqla guya özlərini xalqa ürəyi yanan kimi qələmə verirdilər. Lakin nə üçünsə xalqın onların kim olduğunu əsla unutmayacaqlarını yadlarından çıxarmışdılar, bunu da anlamaq bir qədər çətin idi.
Dövlətimizin başçısı nəyi nə zaman və necə etməyi özünün də vurğuladığı kimi, çox gözəl bilir. Elə bu yüksək cəhətə görə də Azərbaycan xalqı ötən altı il ərzində son 200 ildən artıq dövrdə olmayanı edə, qazana bildi: torpağını azad etdi, düşməndən torpaqlarımızı geri aldı.
Budur, Xankəndi
30 il idi ki, Qarabağdan söz düşəndə başımızı aşağı dikirdik. Çünki biz məğlub xalq idik. Süfrəmizin artığı ilə aclığını dəf edən erməni adlı qonşu yanımızdaca özünə yer edə-edə torpaqlarımıza göz dikmiş və məqamı gələndə onu bizdən qoparmışdı. Düşmən 30 il ərzində torpaqlarımızın yeraltı-yerüstü sərvətlərini də daşıyıb dünya bazarlarına çıxarmış, satıb sovmuşdu.
30 il idi ki, minlərlə soydaşımız köçkün həyatı yaşayırdı. Erməni isə onların evlərini daşıyıb dağıtmış, od vurub yandırmışdı. Soydaşlarımız yurd həsrətlisinə çevrilmişdi. Dövlət tərəfindən 30 ildə nə qədər qayğı ilə əhatə olunsalar da torpaqlarını, öz yurdlarını arzulayır, buna görə də üzlərindən kədər əskik olmurdu.
Torpaqlarımız işğaldan azad olunandan sonra isə xeyli vaxt səsi çıxmayan erməni terrorçuları torpaqlarımızda peyda olub yeni əməliyyatlara başladılar ki, artıq bunun qarşısı alınmalı idi.
Elə 2023-cü ilin 15 oktyabrda Xankəndidə Azərbaycan bayrağını qaldıran dövlətimizin başçısı da bu məsələyə münasibət bildirdi: Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.
Budur, bu da nəticə, Azərbaycan xalqı öz torpaqlarında erməni terrorçularına qarşı antiterror əməliyyatı həyata keçirdi və onları məhv etdi.
Bu gün Xankəndidə dalğalanan Azərbaycan bayrağı bu xalqın birliyinin, həmrəyliyinin, qəhrəmanlığının nümayişidir, göstəricidir.
Budur, Xocalı
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları Xocalıda dünyada bənzəri olmayan faciə törətdi. Xocalılar bir gecənin qurbanına çevrildilər. Onlar qışın dözülməz bir gecəsində öz isti ocaqlarından zorla çıxarılıb dağa-daşa salındılar, səsini çıxaran ailəsinin gözü qarşısında güllələndi, uşaqlar süngülərə keçirildi. Ən acınacaqlısı isə odur ki, səhəri gün öldürülmüş insanlara düşmən tərəfdən işgəncə verildi, onların burun-qulaqları, əl-ayaqları kəsildi, dəriləri soyuldu.
O zamandan ta ötən illərədək Xocalının haqq səsinin dünyaya yayılması uğrunda dövlətimiz yorulmadan mübarizə apardı. Ondan çox ölkə Xocalı soyqırımını tanıdı, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət aldı.
Xocalıdakı o müdhiş gecədə sağ qalan soydaşlarımız torpaq həsrəti ilə alışıb-yanırdı. Dövlətimizin başçısının Xocalıda Azərbaycan bayrağını qaldırması bütün xalqın qüruru oldu. Eyni zamanda bununla həyatlarını 1992-ci ildə faciəli şəkildə itirmiş xocalıların qisası alındı.
Budur, Ağdərə, Xocavənd, Əsgəran
Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi isə Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Dağlıq Qarabağ ətrafındakı üç rayon - Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünmüşdür.
Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşulur. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal edir.
19 sentyabr 2023-cü ildə başlanan lokal xarakterli antiterror əməliyyatlarının nəticəsində Ağdərə rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan ordusu tərəfindən azad olunub.
Xocavənd 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd şəhəri Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçdi. 26 sentyabr 2023-cü ildən şəhərə Azərbaycan silahlı qüvvələri nəzarət edir.
Xocalı rayonunun Əsgəran qəsəbəsi də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunmuşdu. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi.
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin il oktyabrın 15-də Xankəndi və Xocalı kimi, Ağdərədə, Xocavənddə və Əsgəranda da dövlət bayrağını ucaldıb.
Budur, altı ildir ki, düşmən tərəfindən dağıdılan, viran edilən, dünyanın heç bir yerində görünməmiş vəhşiliyə məruz qalan əzəli torpaqlarımızda bərpa işləri həyata keçirilir. Artıq yüzlərlə ailə, yüzlərlə soydaşımız Böyük Qayıdış Proqramı ilə ata-baba yurduna qayıdıb. Böyük Qayıdış davam edir və hələ irəlidə minlərlə soydaşımız da öz yurdlarına yola salınacaq.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda görülən hər bir iş qarafikirli insanların çoxsaylı sualına cavabdır. Həm də düşmənə.
Mətanət Məmmədova