PDF Oxu

Siyasət

  • 1 358

Sabit iqtisadiyyat və müstəqil maliyyə siyasəti gələcək inkişafın təməlini təşkil edir

image

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkənin qarşıdakı dövrdə investisiya siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadda qalıb. Dövlət başçısı ənənəvi enerji sahələri ilə yanaşı, elektrik enerjisi, ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal infrastruktur, süni intellekt, insan kapitalı və enerjiötürücü layihələrin də geniş investisiya imkanları yaratdığını diqqətə çatdırıb.

Elektrik enerjisi bu baxımdan xüsusi potensiala malik sahələrdən biri kimi təqdim olunur. Daha geniş regional coğrafiyada əlavə enerji gücünə malik ölkələrin sayı məhduddur. Bir sıra dövlətlərin enerji çatışmazlığı ilə üzləşməsi, enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan əldə etməsi mövcud imkanların əhəmiyyətini artırır. Ölkədə artıq 250 meqavatlıq ehtiyat gücün olması isə başlanğıc mərhələ kimi qiymətləndirilir. Qarşıdakı dövrdə məqsəd elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilməkdir. Bu istiqamətdə bərpaolunan enerji yalnız yeni generasiya güclərinin yaradılması ilə məhdudlaşmır. Ötürücü şəbəkələrin genişləndirilməsi, enerjisaxlanc sistemlərinin qurulması, elektrik enerjisinin xarici bazarlara çıxarılması da mühüm investisiya istiqamətləridir. Xüsusilə Avropanın yüksək gəlirli enerji bazarlarına elektrik ixracının genişləndirilməsi enerji təhlükəsizliyi ilə yanaşı, ölkələr arasında qarşılıqlı bağlılığı da artıra bilər. Xəzərin dibi ilə Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropaya birləşdirəcək elektrik kabeli, həmçinin Qara dəniz kabeli layihəsi bu baxımdan geniş regional əhəmiyyət daşıyır.
Dövlət başçısının çıxışında ərzaq təhlükəsizliyi də yeni investisiya imkanlarından biri kimi diqqətə çatdırılıb. Su qıtlığı, quraqlıq, enerji daşıyıcılarının təminatında mümkün çətinliklər və təchizat zəncirlərində yaranan risklər aqrar sektorun strateji əhəmiyyətini artırır. Bu şəraitdə əsas məqsədlərdən biri idxaldan asılılığın azaldılması, daxili istehsal imkanlarının genişləndirilməsi və ərzaq təminatının etibarlı əsaslar üzərində qurulmasıdır. Bu istiqamətdə qəbul edilən dövlət proqramı aqrar sahədə investisiya fəallığı üçün yeni imkanlar yarada bilər.
Ölkədə əsas daxili infrastrukturun formalaşdırılması istiqamətində görülən işlər də investisiya mühitinin mühüm dayaqlarından biridir. Ölkənin 96 faizinin qazlaşdırılması, elektrik enerjisi və genişzolaqlı internetlə tam əhatə olunması, dəmir yolu şəbəkəsinin yenilənməsi, doqquz beynəlxalq hava limanının fəaliyyəti, dəniz limanının genişləndirilməsi iqtisadi fəaliyyət üçün geniş infrastruktur bazası yaradır. Növbəti mərhələdə diqqətin daha çox çoxmilli maraqlara xidmət edən nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktura yönəldilməsi nəzərdə tutulur. Burada rəqəmsallaşma və gömrük inzibatçılığı xüsusi əhəmiyyət daşıyır. Müasir nəqliyyat sistemində yalnız yol, körpü, liman və terminal tikmək kifayət etmir. Yüklərin idarə olunmasının sürətli, çevik və rəqəmsal mexanizmlərlə həyata keçirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, təchizat zəncirinin bütün mərhələlərinin əlaqələndirilməsi ölkənin tranzit rəqabət qabiliyyətinə birbaşa təsir göstərir. Bu baxımdan fiziki infrastrukturla rəqəmsal imkanların paralel inkişafı investisiya siyasətinin mühüm istiqamətinə çevrilir.
Rəqəmsal transformasiya isə daha geniş iqtisadi perspektivlər yaradır. Regionda rəqəmsal fəaliyyət və texnologiya mərkəzinə çevrilmək üçün əsas şərtlərdən biri peşəkar kadr potensialının formalaşdırılmasıdır. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti bu istiqamətdə atılan mühüm addımlardan biridir. Yüksək ixtisaslı insan kapitalı olmadan rəqəmsal iqtisadiyyat, süni intellekt və yeni texnologiyalar sahəsində qarşıya qoyulan hədəflərə çatmaq mümkün deyil.
Ölkənin əlverişli coğrafi mövqeyi, əlavə enerji imkanları, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi və geniş fiber-optik şəbəkəsi rəqəmsal investisiyaların cəlb edilməsi üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, qlobal rəqəmsal infrastruktur şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi data mərkəzlərinin yaradılması, süni intellekt texnologiyalarının tətbiqi və digər yüksək texnoloji istiqamətlərə sərmayələrin yönəldilməsi üçün yeni imkanlar yaradır. Bu amillərin bir araya gəlməsi ölkənin regional rəqəmsal infrastruktur mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə və texnologiya əsaslı yeni investisiya layihələrinin reallaşdırılmasına şərait yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, digər bir sahə elektrikötürücü xətlərdir: “Bu sahədə nəhəng potensial var. Çünki bu gün Azərbaycan təkcə Avropa üçün enerji mənbəyi deyil. İki ildən də az müddət əvvəl biz Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə keçəcək, Mərkəzi Asiyanı əvvəlcə Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirəcək sualtı elektrik kabel xəttinin çəkilməsi ilə bağlı müqavilə imzalamışıq. Beləliklə, bütün bu işlər həm də böyük həcmdə maliyyələşmə deməkdir”.
Beləliklə, enerji, nəqliyyat, logistika, aqrar sektor, rəqəmsal infrastruktur, data mərkəzləri və insan kapitalı bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Təhlükəsizlik, sabitlik, proqnozlaşdırılan vergi sistemi və əlverişli iqtisadi mühit isə bu sahələr üzrə uzunmüddətli investisiyaların əsas şərtləri sırasında yer alır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Bakıda keçirilməsi də bu baxımdan xüsusi məna daşıyır. İnvestorların ölkəni, onun infrastrukturunu və mövcud imkanlarını birbaşa görməsi investisiya qərarlarının daha dolğun informasiya əsasında formalaşmasına şərait yaradır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Digər xəbərlər