PDF Oxu

Siyasət

  • 649

Azərbaycanın yeni inkişaf mərhələsi: investisiya, bağlantı və dayanıqlı iqtisadiyyat - ŞƏRH

image

Müasir dünyada iqtisadi inkişaf yalnız maliyyə resurslarının mövcudluğu ilə ölçülmür. Qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, geosiyasi risklərin artdığı, ənənəvi təchizat zəncirlərinin yenidən formalaşdığı bir dövrdə investisiya üçün sabitlik, etibarlı tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və insan kapitalı kimi amillər getdikcə daha böyük əhəmiyyət qazanır. Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə Prezident İlham Əliyevin iştirakı və moderator Adebayo Oqunlesinin suallarını cavablandırması da məhz bu məsələlərin geniş müzakirəsi ilə yadda qaldı.
Tədbirin diqqətçəkən cəhətlərindən biri Azərbaycanın iqtisadi inkişafının yalnız əldə edilmiş nəticələr baxımından deyil, qarşıdakı dövr üçün nəzərdə tutulan istiqamətlər kontekstində təqdim olunması idi. Moderatorun çıxışında son iyirmi ildən artıq dövrdə Azərbaycanın iqtisadi göstəricilərində baş verən dəyişikliklərə diqqət yetirildi. Onun təqdim etdiyi məlumatlara əsasən, ÜDM-in 7 milyard dollardan 76 milyard dollara yüksəlməsi, adambaşına düşən ÜDM-in 900 dollardan 7500 dollara çatması, yoxsulluq səviyyəsinin 45 faizdən 5 faizə enməsi və Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli dərəcədə artması ölkənin iqtisadi transformasiyasının əsas göstəriciləri kimi təqdim edildi. Eyni zamanda, qeyri-neft-qaz sektorunun genişlənməsi və 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının ÜDM-də 71 faiz paya malik olması da vurğulandı.
Prezident İlham Əliyev çıxışının başlanğıcında qeyd etdi ki, son illərdə görülən işlər gələcək inkişaf üçün ilkin şərtlər yaradıb. Onun fikrincə, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem formalaşmadan gələcək haqqında danışmaq çətin olardı. Bu yanaşma Azərbaycanın investisiya siyasətində mühüm məqamı ön plana çıxarır: investisiya yalnız kapital cəlb etmək deyil, uzunmüddətli inkişaf üçün etibarlı və proqnozlaşdırıla bilən mühit yaratmaq məsələsidir. Prezidentin təqdim etdiyi məlumata görə, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşüb.
Çıxışın əsas xəttlərindən biri iqtisadiyyatın daha da şaxələndirilməsi məsələsi idi. Prezident xüsusilə neft-qaz sektorundan kənar sahələrin potensialından istifadəni uzunmüddətli və dayanıqlı iqtisadi artım baxımından vacib istiqamət kimi qeyd etdi. Bu kontekstdə bərpaolunan enerji, logistika, nəqliyyat və bağlantılar, mədənçilik, rəqəmsal iqtisadiyyat və ərzaq təhlükəsizliyi ön plana çıxarıldı. Bununla yanaşı, neft-qaz sektorunun yaxın perspektivdə Azərbaycan iqtisadiyyatında mühüm rolunu qoruyacağı bildirildi. Beləliklə, çıxışda iqtisadi şaxələndirmə enerji sektorundan imtina kimi deyil, mövcud enerji imkanlarından əldə olunan gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi ilə paralel gedən proses kimi təqdim olunur.
Bərpaolunan enerji Azərbaycanın gələcək iqtisadi inkişaf modelində xüsusi yer tutur. Prezidentin sözlərinə görə, Azərbaycanın Xəzər dənizindəki sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi də bu istiqamətdə görülən işlərin tərkib hissəsi kimi qeyd edildi. Qarşıdakı beş il ərzində ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin olacağı bildirildi. Burada məqsəd yalnız yeni enerji istehsalı güclərinin yaradılması deyil, təbii qazdan elektrik enerjisi istehsalında istifadəni minimuma endirməklə qaz ehtiyatlarının ixrac üçün daha çox yönəldilməsi kimi təqdim edilir.
Azərbaycanın gələcək inkişafında logistika və nəqliyyat bağlantıları da mühüm istiqamət kimi təqdim edildi. Prezident bildirdi ki, ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün əvvəlcə fiziki infrastrukturun yaradılması vacib idi. Bu məqsədlə dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil yollarına investisiyalar yatırılıb. Çıxışda dəmir yollarının 60 faizinin elektrikləşdirildiyi və bu prosesin davam etdiyi, ölkənin bütün qonşuları ilə dəmir yolu əlaqələrinin mövcud olduğu qeyd edildi.
Azərbaycanın coğrafi mövqeyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşir. Prezidentin təqdim etdiyi məlumata əsasən, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi sürətlə artır və 2026-cı ildə bu göstəricinin 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona və ya daha yüksək səviyyəyə çatdırmaqdır. Bu hədəfin reallaşdırılması qonşu dövlətlərlə əməkdaşlıq, nəqliyyat infrastrukturu, rəqəmsallaşma və gömrük idarəçiliyinin inkişafı ilə əlaqələndirilir.
Burada diqqətçəkən məqamlardan biri Azərbaycanın nəqliyyat imkanlarına yalnız coğrafi üstünlük kimi yanaşılmamasıdır. Prezidentin çıxışında vurğulandığı kimi, tranzit ölkəyə çevrilmək üçün yalnız yol və dəmir yolu xətlərinin mövcudluğu kifayət etmir. Təchizatçıların həmin marşrutları seçməsi üçün həm fiziki, həm də inzibati mühit formalaşdırılmalıdır. Rəqəmsal gömrük idarəçiliyi, yüklərin daha sürətli və asan idarə olunması, multimodal daşımaların inkişafı bu sistemin mühüm hissələridir. Bu baxımdan Azərbaycanın tranzit potensialının gələcək inkişafı nəqliyyat infrastrukturu ilə yanaşı, idarəetmə texnologiyalarından da asılı olacaq.
İnvestisiya mühitinin əsas komponentlərindən biri kimi siyasi və iqtisadi sabitlik də çıxışda xüsusi yer aldı. Prezident Azərbaycanın son onilliklərdə ciddi sosial, iqtisadi və siyasi sınaqlardan keçdiyini xatırlatdı və hazırkı maliyyə göstəricilərini investisiya mühiti baxımından əhəmiyyətli amil kimi təqdim etdi. Çıxışda dövlət borcunun ÜDM-ə nisbətinin 20 faiz, xarici borcun isə 5,6 faiz olduğu, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyi bildirildi. Həmçinin manatın 2017-ci ilin aprelindən dollara münasibətdə 1,7 məzənnəsində dəyişmədiyi qeyd edildi.
Prezidentin fikirlərində investisiya mühitinin daha bir mühüm elementi uzunmüddətli müqavilələrə münasibətdə etibarlılıq məsələsi idi. O, 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin parametrlərinə toxunulmadığını və bunun investorlar üçün etibarlı tərəfdaşlıq baxımından əhəmiyyət daşıdığını bildirdi. Bu məqam investisiya münasibətlərində yalnız iqtisadi gəlirliliyin deyil, müqavilə öhdəliklərinin davamlılığının da mühüm faktor olduğunu göstərən nümunə kimi təqdim edildi.
Növbəti onillik üçün investisiya imkanlarından danışarkən enerji sektoru yenə ön sırada yer aldı. Prezident neft və qaz sahəsində yeni layihələrin həyata keçiriləcəyini, “Exxon” və “TotalEnergies” ilə əməkdaşlıq çərçivəsində yeni imkanların yarandığını bildirdi. Abşeron yatağının işlənilməsinin ikinci mərhələsi üzrə layihənin qaz hasilatını növbəti illərdə artıracağı qeyd edildi. Bununla yanaşı, elektrik enerjisi, xüsusilə bərpaolunan enerji, ötürmə və enerji saxlanc sistemləri ayrıca perspektivli istiqamət kimi göstərildi.
Enerji sahəsində Azərbaycanın rolunun genişləndirilməsi yalnız daxili istehsalla məhdudlaşmır. Çıxışda Mərkəzi Asiya ilə Avropa arasında enerji bağlantılarının qurulmasına yönəlmiş layihələrdən bəhs edildi. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Azərbaycandan Gürcüstana və oradan Rumıniyaya uzanacaq Qara dəniz kabeli bu istiqamətdə mühüm layihələr kimi təqdim olundu. Qara dəniz kabelinin 4 giqavat gücə malik olması nəzərdə tutulur. Enerjisaxlanc sistemlərinin inkişafı da bu layihələrin mühüm komponenti kimi göstərildi.
Rəqəmsal iqtisadiyyat isə çıxışın digər mühüm istiqamətlərindən biri oldu. Azərbaycanın rəqəmsal transformasiya və data mərkəzləri üçün potensialı coğrafi mövqe, enerji imkanları və fiber-optik bağlantılarla əlaqələndirildi. Lakin Prezident bu istiqamətdə yalnız texniki infrastrukturun deyil, insan kapitalının da əsas şərt olduğunu vurğuladı. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, təhsil sahəsində görülən işlər və xaricdə təhsil proqramları peşəkar kadr potensialının formalaşdırılması baxımından qeyd edildi.
Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, rəqəmsal inkişaf yalnız texnologiyanın ölkəyə gətirilməsi kimi nəzərdən keçirilmir. Burada texnologiya ilə yanaşı, həmin texnologiyadan istifadə edə biləcək mütəxəssislərin hazırlanması da ön plana çəkilir. Prezidentin çıxışında neft-qaz sektorunda 1994-cü ildən etibarən formalaşmış yerli kadr potensialı nümunə kimi göstərildi. Həmin dövrdə Qərbin enerji şirkətlərində çalışan əməkdaşların böyük hissəsinin əcnəbilər olduğu, hazırda isə onların payının təxminən 5 faizə endiyi bildirildi. Bu nümunə insan kapitalının uzunmüddətli investisiyanın nəticələrindən biri kimi təqdim edildi.
Çıxışda Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm bir məqam da ixrac strukturunun dəyişdirilməsi zərurəti idi. Prezident bildirdi ki, ÜDM-in 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixracın 90 faizindən çoxu hələ də neft və qazın payına düşür. Bu fərq gələcək iqtisadi siyasətin əsas çağırışlarından birini ortaya qoyur: qeyri-neft sektorunun yalnız daxili iqtisadiyyatda deyil, xarici ticarətdə də çəkisini artırmaq.
Ərzaq təhlükəsizliyi də gələcək investisiya istiqamətlərindən biri kimi diqqətə çatdırıldı. İqlim dəyişiklikləri, su qıtlığı, quraqlıq, yanacaq və təchizat zəncirlərində yarana biləcək problemlər kənd təsərrüfatı və ərzaq istehsalının strateji əhəmiyyətini artıran amillər kimi təqdim edildi. Bu baxımdan kənd təsərrüfatına investisiyalar yalnız iqtisadi gəlir məsələsi deyil, həm də daxili tələbatın təmin olunması və idxaldan asılılığın azaldılması kontekstində nəzərdən keçirilir.
Forumda infrastruktur investisiyaları məsələsi də yeni müstəvidə qoyuldu. Prezidentin fikrincə, daxili infrastrukturun əsas hissəsi artıq formalaşdırılıb: ölkənin qazlaşdırılması, elektrik enerjisi, genişzolaqlı internet, dəmir yolları və hava limanları ilə bağlı genişmiqyaslı layihələr həyata keçirilib. Bu mərhələdən sonra əsas diqqətin beynəlxalq və çoxmilli maraqlara xidmət edən infrastruktur layihələrinə yönəldilməsi mümkün hesab olunur. Nəqliyyat-logistika sistemləri, rəqəmsal infrastruktur, elektrikötürücü xətlər və enerji saxlanc sistemləri bu istiqamətdə fərqləndirilən sahələrdir.
Forumda səslənən mesajların mahiyyətində uzunmüddətli əməkdaşlıq və qarşılıqlı fayda ideyası dayanır. Azərbaycanın təqdim etdiyi investisiya imkanları enerji və nəqliyyatdan tutmuş rəqəmsal texnologiyalara və ərzaq təhlükəsizliyinə qədər geniş sahələri əhatə edir. Qarşıdakı mərhələdə bu imkanların konkret layihələrə, yeni istehsal sahələrinə, ixrac imkanlarına və yüksək ixtisaslı iş yerlərinə çevrilməsi əsas məsələlərdən biri olacaq.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbir Azərbaycanın bugünkü iqtisadi imkanlarını və gələcək inkişaf istiqamətlərini birlikdə nəzərdən keçirməyə imkan verdi. Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırılan əsas məqam ondan ibarət idi ki, dəyişən qlobal iqtisadi şəraitdə ölkənin rəqabət qabiliyyətinin qorunması yalnız mövcud resurslardan istifadə ilə deyil, yeni texnologiyaların, insan kapitalının, enerji və nəqliyyat bağlantılarının inkişafı ilə bağlıdır. Bu baxımdan investisiya məsələsi həm iqtisadi artımın, həm də Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrinin gələcək strukturunun formalaşmasında mühüm amil kimi təqdim edildi.

Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər