Tarix sübut etmişdir ki, müəyyən böhranlı mərhələlərdə xalqların və dövlətlərin taleyi müstəsna tarixi şəxsiyyətlərin fəaliyyəti, onların siyasi iradəsi və uzaqgörənliyi ilə şərtlənir. Müasir müstəqil Azərbaycan Respublikasının təşəkkülü, milli dövlətçilik sütunlarının möhkəmləndirilməsi, parçalanmaq təhlükəsindən qurtularaq regional və qlobal miqyasda söz sahibinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir tarixində sadəcə növbəti siyasi kampaniya deyil, xalqımızın milli varlığını, müstəqilliyini və gələcəyini xilas edən taleyüklü dönüş nöqtəsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini edərək Ulu Öndər Heydər Əliyevi Prezident seçdi və bununla da bugünki qüdrətli Azərbaycan dövlətinin sarsılmaz təməli qoyuldu.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası xalqımızın tarixi nailiyyəti olsa da, müstəqilliyin ilk illəri — 1991–1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, dərin siyasi-iqtisadi böhran və səriştəsiz idarəetmə dövrü kimi daxil oldu.
Əvvəlcə Vəzirov-Mütəllibov rejiminin, daha sonra isə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində dövlət idarəçiliyi tamamilə iflic vəziyyətinə düşmüşdü. Siyasi naşılıq və səriştəsizlik nəticəsində dövlətin suverenliyi və ərazi bütövlüyü birbaşa təhdid altına düşmüş, torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən ardıcıl olaraq işğal edilmiş, 20 Yanvar, Xocalı faciələri yaşanmış, Laçın və Şuşa kimi strateji məntəqələrimiz xəyanətlərin qurbanı olmuşdur. Bu itkilərlə yanaşı ölkə daxilində qeyri-qanuni silahlı dəstələr baş qaldırmış, mərkəzi hakimiyyətin nüfuzu sıfıra enmiş və ölkə vətəndaş müharibəsi həddinə çatdırılmışdır.
Əgər müstəqilliyin ilk illərində heç bir idarəçilik təcrübəsi olmayan, dövlətçilik anlayışından bixəbər şəxslər əvəzinə zəngin siyasi təcrübəyə malik Heydər Əliyev rəhbərliyə gətirilsəydi, Azərbaycan bu dəhşətli faciələri yaşamaz, torpaqlarımızın 20 faizi işğal edilməzdi. Yaradılmış bu fəlakətli vəziyyətdən çıxış yolunu tapmaqda aciz qalan həmin dövrün iqtidarı nəticədə ölkəni uçuruma aparıb qoydu və çıxış yolunu yalnız Ulu Öndərdən imdad istəməkdə gördü.
Azərbaycan xalqı öz qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunub saxlanması üçün 1992-ci ilin oktyabrında “91-lər” adlanan ziyalıların müraciəti ilə Ümummilli Lideri hakimiyyətə çağırdı. 1993-cü il iyunun 9-da xalqın və respublikanın rəhbər dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya gələn Heydər Əliyev dərhal tarixi xilaskarlıq missiyasına başladı.
Bakıda hakimiyyət davasının getdiyi, ölkənin parçalanma təhlükəsinin pik həddə çatdığı bir vaxtda dahi rəhbər öz həyatını birbaşa təhlükə altına qoyaraq Gəncəyə yollandı. Bölgədə davam edən qiyamın qarşısını təmkinlə, yüksək siyasi uzaqgörənliklə aldı, vətəndaş müharibəsinin alovlanmasına imkan vermədi.
1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər dövlətə və xalqa sədaqət andı içərək öz tarixi bəyanatını verdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bu and, sadəcə ritual bir söz yığıncağı deyil, Azərbaycanın tərəqqi, sabitlik və qüdrətlənmə yolunun xəritəsi oldu.
Ulu Öndərin hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması sürətləndi. Daxili sabitliyin bərqərar olunması istiqamətində qətiyyətli addımlar atıldı. Qeyri-qanuni silahlı birəşmələr zərərsizləşdirildi, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə edilən cəhdlərin qarşısı qətiyyətlə alındı. Pərakəndə və siyasiləşmiş silahlı dəstələr ləğv edildi, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. 1994-cü ilin əvvəlində uğurla həyata keçirilən Horadiz əməliyyatı ilə düşmənə ağır zərbə vuruldu və ölkəmizin gələcək hərbi qüdrətinin təməli qoyuldu, həmçinin mütəşəkkil cinayətkarlıq, korrupsiya, terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı barışmaz mübarizə elan edildi, “qanunun aliliyi” prinsipi bərqərar olundu.
Ulu Öndər Heydər Əliyev yaxşı anlayırdı ki, siyasi müstəqillik sağlam iqtisadi təməllər üzərində qurulmalıdır. Hələ müharibə şəraitinin və daxili çətinliklərin davam etdiyi bir vaxtda dahi rəhbər cəsarətli addım ataraq xarici investisiyaların ölkəyə cəlb edilməsi strategiyasını işləyib hazırladı.
1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 nəhəng neft şirkəti ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Bu saziş sonrakı illərdə 19 ölkənin 41 şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Bakı-Novorossiysk, Bakı-Supsa və xüsusilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması antiazərbaycan forceslərin müqavimətinə baxmayaraq, məhz Heydər Əliyevin dəmir iradəsi sayəsində baş tutdu. Bazar iqtisadiyyatına keçid, sahibkarlığın dəstəklənməsi və sosialyönümlü iqtisadiyyat modeli ölkənin dayanıqlı yüksəlişinə zəmin yaratdı.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə kabul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini və dünyəvi dövlət quruculuğunun hüquqi bazasını qoydu.
Ümummilli Liderin rəhbərliyi ilə hüquqi sahədə böyük islahatlar həyata keçirildi. Mətbuat üzərində senzura ləğv edildi, söz və məlumat azadlığı təmin olundu, Şərqdə ilk dəfə olaraq ölüm hökmü ləğv edildi, Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı yaradıldı, məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı.
Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın ideoloji sütunu olan azərbaycançılıq ideologiyasının müəllifidir. Bu məfkurə təkcə ölkə hüdudlarında yaşayan vətəndaşları deyil, bütün dünyada məskunlaşan milyonlarla azərbaycanlını vahid məqsəd ətrafında birləşdirdi.
Heydər Əliyev gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi uzaqgörənlik, dərin zəka və ensiklopedik biliyi sayəsində beynəlxalq aləmdə “siyasət nəhəngi”, “siyasət qrosmeysteri” və “siyasət patriarxı” kimi qəbul olunurdu. O, dərin məntiqli nitqi, universal biliyi və mükəmməl diplomatiya bacarığı ilə ən nüfuzlu dünya liderlərini belə təəccübləndirməyi bacarırdı.
Həyata keçirilən tarazlaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq təşkilatların bərabərhüquqlu və nüfuzlu üzvünə çevrildi, Ermənistanın işğalçılıq tərkibi və torpaqlarımızın zəbt olunması gerçəkliyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı, dünyanın aparıcı dövlətləri və sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işğalı pisləyən sənədlərin qəbul edilməsinə nail olundu.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və sarsılmaz dövlətçilik təməlləri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və böyük əzmlə sürdürülür.
Heydər Əliyevin qurduğu güclü iqtisadiyyat, müasir standartlara cavab verən ordu və formalaşdırdığı milli həmrəylik 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərində öz tarixi təntənəsini yaşadı. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz ölkəmizin bütün ərazisində tam təmin edildi. Şuşada, Xankəndidə və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız Heydər Əliyev ideyalarının zəfəridir.
Ulu Öndər Heydər Əliyevin illər öncə böyük qürurla bəyan etdiyi fikirlər bu gün real həyatda öz təsdiqini tapmışdır: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”.
Anar Məmmədov
Milli Məclisin deputatı