PDF Oxu

Siyasət

  • 638

3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

image

Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. XX əsrin sonlarında geosiyasi xəritənin dəyişməsi, xüsusilə SSRİ-nin dağılması postsovet məkanında mürəkkəb proseslərə yol açdı. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, 1991–1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharibə məğlubiyyətləri dövrü kimi daxil oldu. Dövlətin mövcudluğu təhlükə altında idi: mərkəzi hakimiyyət zəifləmiş, orduda parçalanmalar baş vermiş, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan mürəkkəb problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

Belə bir şəraitdə 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də Milli Məclisin Sədri seçildi və oktyabrın 3-də keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti oldu. Həmin gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.

TARİXİ ZƏRURƏTDƏN YARADILAN YENİ AZƏRBAYCAN PARTİYASI

1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. YAP-ın yaradılması Azərbaycan dövlətçiliyinin formalaşması prosesinə təsirini göstərdi. YAP-ın yaradılması Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biridir. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının "91-lər" Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Tarixə məşhur "91-lərin müraciəti" kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi ilə qarşılaşacağımızı aydın dərk edirdilər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar Liderə - Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi. Həmin müraciət "Səs" qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilir.

Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm - əlamətdar hadisə oldu. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib. Əlbəttə ki, xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi. YAP yaranandan, Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın rəhbərliyində Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi Dahi Şəxsiyyət dayanırdı. YAP Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan siyasi təşkilata çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.

MİLLİ DÖVLƏTÇİLİYİN KONSEPSİYASI YARADILDI

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində müstəsna rol oynadı və Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Mürəkkəb siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Məhz 15 İyun xalqımızın tarixinə böyük əhəmiyyət daşıyan günlərdən biri - Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. O dövrə nəzər salarkən baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

"AZƏRBAYCAN XALQI AZADLIĞINI ƏLDƏ ETMİŞ XALQ KİMİ YAŞAYACAQ”

Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi: "Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi –"Əsrin müqaviləsi" imzalandı. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Heydər Əliyevin Böyük Şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Əlbəttə ki. müasir dünyada Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. İqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafı ilə yanaşı, Heydər Əliyevin həyata keçirdiyi gender siyasəti də qısa zamanda bəhrəsini verdi. O, daim qadınların irəli çəkilməsinə önəm verirdi. Onun qayğı və diqqəti ilə Azərbaycan qadını ölkənin quruculuq-abadlıq işlərində uğurlu göstəricilərlə çıxış etməklə yanaşı, siyasi aləmdə də potensialını ortalığa qoymağa müvəffəq oldu. Xanımlarımızın dünya ölkələrində - Amerikada və Avropada Azərbaycanı təmsil etmələri, haqq səslərini qaldırıb yüksək tribunalardakı çıxışları, təbii ki, Azərbaycan qadınlarına göstərilən etimad və inam hissindən yaranmışdı.

Bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Onun Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir. Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər