PDF Oxu

Siyasət

  • 660

YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm mərhələnin başlanğıcını ifadə edən tarixi hadisə kimi yadda qaldı - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm mərhələnin başlanğıcını ifadə edən tarixi hadisə kimi yadda qaldı. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən qurultay yalnız partiyanın ötən dövr ərzindəki fəaliyyətinə nəzər salınması ilə məhdudlaşmadı. Bu ali toplantı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin siyasi baxımdan dəyərləndirilməsi, qarşıda duran məqsədlərin müəyyənləşdirilməsi və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin ortaya qoyulması baxımından xüsusi əhəmiyyət daşıdı.

VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi bir dövrdə keçirilməsidir. Bu reallıq ölkəmizin siyasi tarixində yeni səhifənin açıldığını göstərir. Artıq Azərbaycan qarşısında əvvəlki dövrlərin əsas strateji məqsədi olan ərazi bütövlüyünün bərpası deyil, əldə edilmiş Zəfərin nəticələrinin möhkəmləndirilməsi, davamlı sülhün təmin olunması, iqtisadi gücün artırılması və ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi kimi mühüm vəzifələr dayanır.
Qurultayda Prezident İlham Əliyevin çıxışı bu yeni mərhələnin mahiyyətini daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının nitqində Azərbaycanın son onilliklər ərzində keçdiyi yolun mühüm mərhələləri, əldə olunan nəticələrin əsasları, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyi, iqtisadi imkanlarımız və gələcək hədəflər geniş şəkildə təhlil edildi. Çıxışın mühüm cəhətlərindən biri də Azərbaycanın qarşılaşdığı çətinliklərin, müxtəlif dövrlərdə üzləşdiyi ədalətsizliklərin və beynəlxalq münasibətlərdə rast gəlinən ikili standartların açıq şəkildə diqqətə çatdırılması idi.
Bu baxımdan VIII Qurultayda səslənən fikirlər təkcə partiya üzvləri üçün deyil, Azərbaycanın müasir tarixini, dövlətçilik modelini və gələcək inkişaf perspektivlərini anlamaq baxımından bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir.
Azərbaycanın bugünkü siyasi və iqtisadi gücünün arxasında uzun illər ərzində həyata keçirilmiş ardıcıl dövlətçilik siyasəti dayanır. Bu yolun mühüm başlanğıc nöqtələrindən biri 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması idi. Həmin dövrdə ölkədə siyasi və iqtisadi böhran dərinləşir, dövlət idarəçiliyində ciddi problemlər yaşanır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəmiyyətdə sabitlik və gələcəyə inam ciddi şəkildə sarsılırdı.
Belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşən 91 nəfər ziyalının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın siyasi iradəsinin ifadəsinə çevrildi. YAP-ın meydana gəlməsi təsadüfi siyasi hadisə deyildi. Bu, dövlətin və xalqın taleyinin ciddi təhlükə qarşısında olduğu bir zamanda milli düşüncəyə, siyasi məsuliyyətə və güclü liderliyə olan ehtiyacın nəticəsi idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Dövlət idarəçiliyində sabitlik təmin edildi, ölkədə parçalanma və qarşıdurma meyillərinin qarşısı alındı, iqtisadi tənəzzülün dayandırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və ölkənin dünya siyasi sistemində layiqli yer tutması üçün fundamental əsaslar yaradıldı.
Bu siyasətin davamlılığı 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Dövlət başçısının qarşıya qoyduğu əsas strateji məqsədlərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Bu məqsəd illər ərzində həyata keçirilən hərbi, iqtisadi, diplomatik və institusional siyasətin əsas istiqamətlərindən birini təşkil etdi.
2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın qarşısında duran tarixi məsələnin həllinə aparan yolun mühüm mərhələləri oldu. 2020-ci ildə əldə olunan Zəfərlə işğal faktının böyük hissəsinə son qoyuldu, 2023-cü ildə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi.
Bu baxımdan 2021-ci ildə keçirilmiş YAP-ın VII Qurultayı ilə 2026-cı ildə baş tutan VIII Qurultay arasında mühüm tarixi fərq mövcuddur. VII Qurultay İkinci Qarabağ müharibəsində əldə edilmiş möhtəşəm Qələbədən qısa müddət sonra keçirilmişdi. VIII Qurultay isə artıq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi reallıq şəraitində baş tutdu. Bu fərq son beş ildə ölkəmizin keçdiyi yolun miqyasını aydın şəkildə göstərir.
Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Əldə edilmiş hərbi-siyasi üstünlüyün davamlı sülhə çevrilməsi, regionda təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması, azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi qarşıdakı dövrün əsas istiqamətlərindəndir.
“Böyük Qayıdış” proqramı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın yalnız müharibədə qalib gələn deyil, həm də sülh şəraitində öz ərazilərini sürətlə inkişaf etdirən dövlət olduğunu nümayiş etdirir. Yeni şəhərlərin və kəndlərin salınması, müasir infrastrukturun yaradılması, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın sosial-iqtisadi məkanına tam inteqrasiyasını sürətləndirir.
Azərbaycanın xarici siyasətində də son illərdə mühüm nəticələr əldə olunub. Ölkəmiz müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar prinsipləri əsasında münasibətlər quraraq müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və Azərbaycanın regional proseslərdə fəal iştirak etməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindəndir.
Azərbaycanın enerji siyasəti də ölkənin geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biridir. Neft və qazla yanaşı elektrik enerjisi, neft-kimya və gübrə məhsullarının istehsalı və ixracı ölkəmizin iqtisadi potensialının çoxşaxəli xarakter aldığını göstərir. Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə deyil, eyni zamanda mühüm enerji, nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və iştirakçısı kimi çıxış edir.
İqtisadi dayanıqlılıq Azərbaycanın müstəqil siyasət yürütməsi üçün mühüm təminatlardan biridir. Xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyədə olması, ölkənin maliyyə imkanlarının genişliyi və investisiya cəlbediciliyinin qorunması qarşıdakı dövr üçün ciddi imkanlar yaradır. Dünyanın aparıcı investisiya fondlarının və maliyyə institutlarının Azərbaycana marağının artması ölkəmizin iqtisadi sabitliyinə olan beynəlxalq etimadı da nümayiş etdirir.
VIII Qurultayın mühüm mesajlarından biri də ondan ibarətdir ki, Azərbaycanın qarşısında artıq tamamilə yeni inkişaf mərhələsi açılıb. Bu mərhələdə dövlətçilik ənənələrinin qorunması ilə yanaşı, innovasiyalar, rəqəmsal transformasiya, insan kapitalının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Yeni Azərbaycan Partiyası da bu proseslərdə mühüm siyasi qüvvə kimi öz məsuliyyətini dərk edir. Partiyanın qarşısında yalnız siyasi proseslərdə iştirak etmək deyil, həm də cəmiyyətlə daha sıx əlaqə qurmaq, gənclərlə işi gücləndirmək, dövlət siyasətinin mahiyyətini insanlara düzgün çatdırmaq və milli maraqlar ətrafında ictimai həmrəyliyi daha da möhkəmləndirmək vəzifəsi dayanır.
Bir YAP üzvü və yerli təşkilat rəhbəri kimi hesab edirəm ki, VIII Qurultayda müəyyənləşdirilən istiqamətlər hər bir partiya üzvü üçün həm böyük etimad, həm də ciddi məsuliyyətdir. Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər öz-özünə qazanılmayıb. Bu nəticənin arxasında güclü dövlətçilik iradəsi, xalq-iqtidar birliyi, milli həmrəylik və uzunmüddətli strateji siyasət dayanır.
Bu gün bizim əsas vəzifəmiz əldə olunan nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və yeni inkişaf mərhələsinin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə öz töhfəmizi verməkdir. Xüsusilə gənc nəslə Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolu, müstəqilliyin və suverenliyin hansı böyük mübarizə nəticəsində əldə edildiyini düzgün anlatmaq hər birimizin mənəvi və vətəndaşlıq borcudur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərdi ki, Azərbaycanın siyasi həyatında YAP-ın missiyası yalnız keçmiş nailiyyətlərlə məhdudlaşmır. Partiya bundan sonra da dövlətçilik prinsiplərinə sadiq qalaraq ölkəmizin qarşısında duran yeni strateji hədəflərin reallaşdırılmasında fəal rol oynayacaq.
Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib dövlətdir. Qarşıdakı mərhələnin əsas məqsədi isə bu Zəfəri davamlı sülhə, dayanıqlı inkişafa, güclü iqtisadiyyata və daha yüksək rifaha çevirməkdir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu məqsədlərə doğru inamla irəliləyir. Bu yol dövlətçilik yoludur, milli birlik yoludur və gələcəyə aparan Zəfər yoludur.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər