Tarix göstərir ki, dövlətlərin taleyini müəyyən edən həlledici məqamlar çox zaman ən mürəkkəb mərhələlərdə meydana gəlir. Bu baxımdan, dövlətləri böhrandan sabitliyə, pərakəndəlikdən milli həmrəyliyə, tarixin məhvərindən müstəqilliyin zirvəsinə aparan yolun əsas ölçüsü milli iradəni formalaşdıran siyasi təfəkkürdür. Ötən əsrin 90-cı illərin əvvəlləri də Azərbaycan üçün məhz belə tarixi mərhələlərdən biri idi- müstəqillik tarixində taleyüklü siyasi hadisələrin bir-birini sürətlə əvəz etdiyi, köhnə siyasi sistemin artıq dağılmaqda olduğu, yeni dövlətçilik modelinin isə hələ tam formalaşmadığı mürəkkəb bir mərhələ.
Belə bir taleyüklü tarixi mərhələdə müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin milli maraqlarını vahid strateji çərçivədə formalaşdıracaq, ümummilli birliyi təmin edə biləcək və dövlət müstəqilliyini qorumağa qadir olacaq siyasi xətt milli xilasa yönəlmiş tarixi zərurət kimi meydana gəldi. Təsadüfi deyil ki, 1992-ci ildə adları tarixə “91-lər” kimi həkk olan Azərbaycanın 91 ziyalısının dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan sizin sözünüzü gözləyir!” sərlövhəli müraciəti cəmiyyətin ziyalı təbəqəsinin dövlətçilik qarşısında tarixi məsuliyyətdən irəli gələn öhdəliyi kimi ölkənin gələcəyi ilə bağlı narahatlığı siyasi müstəviyə daşıyan çağırışa çevrildi.
Həmin dövrdə Naxçıvanda milli dövlətçilik kursunun ilkin konturlarını cızan, Naxçıvanı işğal təhlükəsindən və blokadanın ağır sosial-iqtisadi və siyasi fəsadlarından qorumağa çalışan Ümummilli Lider Heydər Əliyev bu çağırışı cavabsız qoya bilməzdi. Azərbaycan qarşısında növbəti tarixi məsuliyyəti öz üzərinə götürən dahi lider dövlətçiliyi qorumaq naminə milli qüvvələrin vahid ideologiya ətrafında təşkilatlanmasını vəzifə kimi qarşıya qoydu. Beləliklə, Azərbaycanın dörd bir tərəfindən Naxçıvana- milli qurtuluşun başladığı məkana gələn ziyalılar dövlətçiliyimizin gələcəyi ilə bağlı olan ümidlərini Ulu Öndərin rəhbərliyi altında 21 noyabr 1992-ci ildə zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyasında tapdılar.
Çox keçmədi ki, Naxçıvandan başlayan bu siyasi xətt qısa müddət ərzində ölkənin siyasi sistemində öz çəkisi olan mühüm siyasi-ideoloji təsisata çevrildi. Yeni Azərbaycan Partiyasının yaradılması ilə milli dövlətçilik konsepsiyasının siyasi institut səviyyəsində sistemləşdirilməsinin başlanğıcı oldu. Belə ki, partiyanın qarşıya qoyduğu əsas məsələ siyasi təşkilatlanmanın özündən daha geniş məna daşıyırdı: siyasi sabitliyin təmin edilməsi və müstəqilliyin itirilmə təhlükəsinin aradan qaldırılması. Bu baxımdan, bu gündən həmin hadisələri xatırlayarkən bir daha görürük ki, həmin dövrdə müəyyənləşdirilən siyasi xətt təsadüfi situasiyaların məhsulu deyildi. Onun arxasında davamlı dövlətçilik təsəvvürü, siyasi məsuliyyət və uzunmüddətli inkişaf strategiyası dayanırdı.
Bu gün həmin siyasi xətt müstəqil Azərbaycanın əsas siyasi-ideoloji xətti kimi öz inkişafının yeni mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik doktrinası Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dəyişən regional və qlobal reallıqlar fonunda yeni məzmun qazanmışdır. Strateji kursun davamlılığı dövlət idarəçiliyinin institusional sabitliyini möhkəmləndirmiş, ölkəmizin iqtisadi və siyasi imkanlarını genişləndirmişdir. Xüsusilə, onilliklərlə yürüdülmüş ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan tarixi zəfər qazanaraq öz suverenliyini tam bərpa etmiş və regionda əsas söz sahibinə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının hazırkı siyasi çəkisi də məhz bu tarixi və institusional nailiyyətlər, eləcə də gələcəyə hesablanmış qətiyyətli hədəflər fonunda daha qabarıq görünür.
Partiyanın cəmiyyətdəki və siyasi sistemdəki bu aparıcı rolu, eyni zamanda, yeni dövrün strateji prioritetlərinin müəyyənləşdirilməsində mühüm həlledici amil kimi çıxış edir. Məhz bu tarixi zəminə əsaslanaraq, Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident cənab İlham Əliyevin proqram xarakterli çıxışı xüsusi aktuallıq kəsb edir. Bu nitq sadəcə keçmiş üç onilliyin siyasi yekunu deyil, həm də dövlətçilik kursunun yeni tarixi mərhələdə hansı istiqamətlər üzrə inkişaf edəcəyini açıq şəkildə ortaya qoyan konseptual yol xəritəsi idi. Çıxışın məntiqində mühüm bir ardıcıllıq vardı: əvvəlcə Azərbaycanın hansı mürəkkəb siyasi və tarixi mərhələdən keçərək bugünkü qüdrətə çatdığı göstərilir, sonra əldə olunan nəticələrin mahiyyəti açılır, ardınca isə bu nailiyyətlərin qorunması və davamlılığının təmin edilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilirdi.
Qurultay üçün səciyyəvi olan əsas məqam da elə bundan ibarət idi ki, cənab Prezident çıxışında əldə edilmiş tarixi nəticələri son məqsəd kimi deyil, dövlətçiliyin inkişafında yeni mərhələnin başlanğıcı kimi təqdim edirdi. Əgər YAP-ın VII qurultayı tarixə Zəfər qurultayı kimi düşmüşdüsə, VIII qurultay Azərbaycanın bütün ərazilərində yurisdiksiyasının təmin edilməsi fonunda birmənalı şəkildə Suverenlik qurultayı kimi yaddaşlara həkk olundu. Belə ki, əvvəlki dövrlərdə siyasi gündəliyin mərkəzində müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası və dövlət institutlarının möhkəmləndirilməsi dayanırdısa, bu gün həmin strateji məqsədlər öz yerini daha geniş təhlükəsizlik, iqtisadi dayanıqlılıq, beynəlxalq münasibətlərdə müstəqil mövqe və postmüharibə quruculuğu kimi vəzifələrə verirdi.
Nitqin ən diqqətçəkən cəhətlərindən biri tarizi Zəfərimizin uzunmüddətli siyasi strategiyanın qələbəsi kimi təqdim olunması idi. Cəanb Prezidentin çıxışında 44 günlük müharibədən 2023-cü ilin sentyabrına qədər keçən dövrə münasibəti göstərirdi ki, ərazi bütövlüyünün və suverenliyin bərpası bir hadisə ilə məhdudlaşmayan, siyasi, diplomatik və hərbi müstəvilərdə paralel şəkildə aparılan ardıcıl fəaliyyətin nəticəsi olmuşdur. Beynəlxalq müstəvidə mövqelərin möhkəmləndirilməsi, hüquqi-siyasi əsasların genişləndirilməsi, diplomatik fəaliyyətin intensivləşdirilməsi və paralel olaraq sahədə Azərbaycanın mövqelərinin gücləndirilməsi vahid strategiyanın müxtəlif istiqamətləri kimi Zəfərin arxasında dayanan dövlət siyasətinin mərhələli xarakterini daha aydın göstərirdi.
Cənab Prezidentin çıxışının mühüm mesajlarından biri də dövlətçilikdə səbr və zaman amilinin roluna dair idi. Nitqdən görünürdü ki, ayrı-ayrı siyasi qərarların mahiyyəti yalnız onların qəbul edildiyi anla deyil, hansı ümumi məqsədə xidmət etməsi ilə ölçülür. Müharibədən sonrakı mərhələdə atılan addımların hər birinin yekun məqsədlə əlaqələndirilməsi, siyasi və diplomatik imkanların hərbi imkanlarla paralel şəkildə səfərbər olunması və müəyyən məqamlarda proseslərin sürətlə deyil, nəticəyönümlü şəkildə idarə edilməsi çıxışın siyasi fəlsəfəsini tamamlayan əsas elementlər idi.
Cənab Prezidentin qarşıdakı vəzifələr sırasında hərbi gücün artırılmasını xüsusi olaraq önə çəkməsi də çıxışın ümumi məntiqindən kənarda qalmırdı. Burada əsas məqsəd kimi əldə edilmiş sülh və təhlükəsizliyin güc amili ilə qorunub saxlanması kimi müəyyən olunur, dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, beynəlxalq təhlükəsizlik mexanizmlərinin zəifləməsi və geosiyasi qeyri-müəyyənliyin artması fonunda Azərbaycan üçün güclü müdafiə imkanlarının saxlanılması dövlət siyasətinin davamlı komponenti kimi təqdim olunurdu. Bunun ardınca ideoloji təhlükəsizlik məsələsinin gündəmə gətirilməsi isə çıxışın təhlükəsizlik anlayışını daha geniş çərçivədə nəzərdə tutduğunu göstərirdi.
Məhz bu nöqtədə nitqin başqa bir mühüm istiqaməti – təhsil, vətənpərvərlik və informasiya mühiti ilə bağlı fikirlər xüsusi məna qazanırdı. Müasir dövrdə dövlətə yönələn təsirlərin yalnız siyasi və ya hərbi vasitələrlə həyata keçirilmədiyi, informasiya məkanının da mübarizənin mühüm sahəsinə çevrildiyi vurğulanırdı. Buna görə də cəmiyyətin maarifləndirilməsi, milli yaddaşın qorunması, tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması və gənc nəslin dövlətçilik dəyərlərinə bağlılığının möhkəmləndirilməsi çıxışda ideoloji məsələ ilə yanaşı, milli təhlükəsizliyin tərkib hissəsi kimi təqdim edilirdi.
Çıxışın xarici siyasətə həsr olunmuş hissəsi isə Azərbaycanın dəyişən geosiyasi sistemdə öz mövqeyini necə müəyyənləşdirdiyini nümayiş etdirən başqa bir xətt formalaşdırırdı. Müxtəlif siyasi qütblərlə münasibətlərin eyni vaxtda inkişaf etdirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması, beynəlxalq təşkilatlarda fəal iştirak və Azərbaycanın müxtəlif regional platformalarla əlaqələrinin genişləndirilməsi nitqdə müstəqil xarici siyasət konsepsiyasının tərkib hissələri kimi təqdim edilirdi. Xüsusilə ölkənin müxtəlif güc mərkəzləri arasında formalaşan rəqabət şəraitində öz maraqlarını qoruyan müstəqil aktor kimi mövqelənməsi fikri çıxışın əsas siyasi tezislərindən birinə çevrilirdi. Burada da əvvəlki mərhələdə formalaşmış xəttin yeni geosiyasi reallıqlara uyğunlaşdırılması məntiqi diqqəti cəlb edirdi: siyasi kurs dəyişmir, lakin həmin kursun həyata keçirildiyi beynəlxalq mühit dəyişir və buna uyğun olaraq vasitələr yenilənir.
Eyni yanaşma iqtisadi məsələlərə münasibətdə də özünü göstərirdi. Cənab Prezidentin çıxışında iqtisadi müstəqillik dövlətin siyasi sərbəstliyini təmin edən əsas dayaqlardan biri kimi nəzərdən keçirilirdi. Xarici investisiyaların cəlb edilməsi, valyuta ehtiyatlarının artırılması, xarici borcun aşağı səviyyədə saxlanılması, enerji sektorunda mövcud imkanların yeni layihələrlə genişləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi eyni strateji xəttin müxtəlif istiqamətləri kimi təqdim olunurdu. Bu baxımdan, enerji və nəqliyyat məsələlərinin çıxışda xüsusi qeyd olunması da diqqətəlayiq idi. Azərbaycanın enerji resurslarına malik olması qədər, həmin resursları hasil etmək, emal etmək, ixrac etmək və müxtəlif bazarlara çıxarmaq imkanlarının genişləndirilməsi qətiyyətlə vurğulanır, eyni zamanda, Orta Dəhliz və Şimal-Cənub marşrutlarının inkişafı ölkənin coğrafi mövqeyini iqtisadi və geosiyasi üstünlüyə çevirən uzunmüddətli strategiyanın tərkib hissəsi kimi müəyyən olunurdu.
Bütün bu istiqamətləri birləşdirən əsas məsələ isə Qarabağ və Şərqi Zəngəzurun bərpası idi. Nitqin bu hissəsində Zəfərin nəticələri ilə gələcək inkişaf arasında üzvi bağlılıq görünürdü. Ərazi bütövlüyünün bərpası ilə başa çatan mərhələnin davamında həmin torpaqlarda həyatın yenidən qurulması, keçmiş məcburi köçkünlərin qayıdışı, infrastrukturun formalaşdırılması və iqtisadi fəaliyyətin bərpa edilməsi dövlət siyasətinin yeni məzmununu müəyyənləşdirirdi. Bu prosesin miqyası göstərirdi ki, Zəfərin siyasi nəticəsini dövlət quruculuğunun sosial və iqtisadi nəticəsinə çevirmək qarşıdakı mərhələnin əsas məsələlərindən biridir. Başqa sözlə, torpaqların azad edilməsi ilə başlayan yeni tarix həmin torpaqlarda həyatın yenidən qurulması ilə davam edəcəkdir.
Prezidentin VIII qurultaydakı çıxışının bütövlüyü də məhz burada üzə çıxırdı. Müharibə, təhlükəsizlik, ideoloji dayanıqlılıq, xarici siyasət, iqtisadi inkişaf, enerji, nəqliyyat və Böyük Qayıdış ilk baxışda bir-birindən nisbətən fərqli istiqamətlər təsiri bağışlasa da, nitqin məntiqində bunların hamısı vahid dövlətçilik strategiyasının ayrı-ayrı sütunları kimi birləşdirilirdi. Belə ki, güclü ordu təhlükəsizliyi təmin edir, təhlükəsizlik siyasi sabitliyə zəmin yaradır, siyasi sabitlik iqtisadi inkişaf üçün imkan formalaşdırır, iqtisadi imkanlar isə dövlətin beynəlxalq siyasətdə və postmüharibə quruculuğunda daha geniş manevr imkanlarına çevrilir.
YAP-ın VIII Qurultayı bir daha göstərdi ki, Azərbaycanın müasir dövlətçilik tarixi ardıcıl varislik, düşünülmüş strategiya və sarsılmaz xalq-iqtidar birliyinin təntənəsidir. Heydər Əliyev ideologiyası əsasında formalaşan və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəyə çatan bu inkişaf yolu keçmişin nailiyyətlərini qorumaqla yanaşı, həm də ölkəmizi regionda qlobal çağırışlara hazır olan güclü, innovativ və suveren mərkəzə çevirir. Sözsüz ki, Yeni Azərbaycan Partiyası bu tarixi prosesin əsas hərəkətverici qüvvəsi və əsas ideoloji sütunudur. Əldə olunan nailiyyətlər deməyə əsas verir ki, qarşıdakı illərdə də qalib Azərbaycanın əsas hədəfi regional gücünü qlobal miqyasda daha da möhkəmləndirmək və ərazi bütövlüyü tam bərpa edilmiş dövlətin yeni milli intibahını təmin etmək olacaqdır. Çünki əldə olunan qələbələr sübut edir ki, dövlətçilik kursunun təməli nə qədər möhkəm, hədəfi nə qədər aydın, məramı nə qədər alidirsə, onun şərtləndirəcəyi gələcək də bir o qədər parlaqdır.
Yusif Mirzəzadə
YAP Naxçıvan şəhər təşkilatının “Universitet şəhərciyi” ərazi partiya təşkilatının fəal üzvü, Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, VIII Qurultayın iştirakçısı