Azərbaycanın müasir tarixində elə siyasi hadisələr var ki, onların əhəmiyyəti yalnız keçirildiyi günlə məhdudlaşmır, gələcək inkişafın istiqamətlərini də müəyyənləşdirir. 2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı belə mühüm hadisələrdən biri oldu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olması toplantıya xüsusi siyasi və tarixi məzmun qazandırdı.
Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin geniş çıxışı Azərbaycanın keçdiyi tarixi yolu, əldə olunan Zəfərləri və qarşıdakı strateji hədəfləri əhatə etdi. Dövlət başçısının çıxışında səslənən fikirlərdən aydın oldu ki, Azərbaycan artıq yeni mərhələyə qədəm qoyub. Əsas məqsəd əldə olunmuş nəticələri qorumaqla yanaşı, ölkənin siyasi, iqtisadi və hərbi gücünü daha da artırmaqdır.
VIII Qurultayın əsas siyasi xüsusiyyətlərindən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu şəraitdə keçirilməsidir. Prezident İlham Əliyev 8 Noyabr və 20 Sentyabr tarixlərinin Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını vurğuladı. 8 Noyabr Vətən müharibəsində qazanılmış Zəfəri, 20 Sentyabr isə 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam bərpa etməsini ifadə edir.
Bu nəticə uzun və mürəkkəb mübarizənin yekunu oldu. Azərbaycan illər ərzində həm siyasi-diplomatik, həm də hərbi müstəvidə ciddi təzyiqlərlə üzləşdi. Lakin ardıcıl dövlət siyasəti, güclü iqtisadi və hərbi potensial, xalqın həmrəyliyi 2020-ci ildə tarixi Zəfərin əldə olunmasına, 2023-cü ildə isə suverenliyin tam bərpasına imkan verdi. Beləliklə, Zəfər yalnız hərbi uğur deyil, uzun illər həyata keçirilən dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi tarixə düşdü.
Prezidentin çıxışında Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin siyasi irsinin dayandığı xüsusi vurğulandı.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirildiyi dövrdə Azərbaycan ciddi siyasi və iqtisadi böhran yaşayırdı. Qarabağ müharibəsi davam edir, torpaqlar işğal olunur, iqtisadiyyat ağır vəziyyətə düşürdü. Belə bir şəraitdə xalqın Heydər Əliyevə inamı və onun ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın taleyində dönüş yaratdı.
Dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın dirçəldilməsi və güclü ordu quruculuğu sonrakı uğurların əsasını formalaşdırdı. Bu siyasi xətt sonrakı dövrdə də davam etdirilərək Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət etdi.
Güclü ordu və təhlükəsizlik
Qurultayda qarşıdakı dövrün əsas vəzifələrindən biri kimi hərbi potensialın daha da gücləndirilməsi ön plana çəkildi. Sülh prosesinin mövcud olduğu bir şəraitdə belə, Azərbaycanın müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması dövlət siyasətinin mühüm istiqaməti olaraq qalır. Çünki güclü ordu yalnız müharibə vasitəsi deyil, həm də sülhün və sabitliyin təminatıdır. Qarşıdakı ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərclərinə təxminən 9 milyard manata yaxın vəsaitin ayrılması bu istiqamətə verilən əhəmiyyətin göstəricisidir.
Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə də məhdudlaşmır. İnternet, kiberhücumlar, sosial şəbəkələr və süni intellekt informasiya məkanında yeni çağırışlar yaradıb. Buna görə ideoloji təhlükəsizlik, milli-mənəvi dəyərlərin qorunması, təhsil və vətənpərvərlik də dövlət təhlükəsizliyinin mühüm elementlərinə çevrilib. Bu şəraitdə Azərbaycan həqiqətlərinin müasir informasiya vasitələri ilə çatdırılması, xüsusilə gənclərin informasiya mühitində düzgün istiqamətləndirilməsi mühüm vəzifədir.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi də qurultayın diqqət çəkən istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev Azərbaycanın heç bir siyasi düşərgəyə qoşulmadan milli maraqlarına uyğun müstəqil siyasət yürütməsini vurğuladı.
Çin və ABŞ ilə strateji tərəfdaşlıq, Avropa ölkələri ilə əməkdaşlığın genişlənməsi, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsi və D-8 təşkilatına qoşulması ölkəmizin beynəlxalq əlaqələrinin çoxşaxəli xarakterini göstərir.
Bu siyasətin əsas dayaqlarından biri iqtisadi gücdür. Xarici borcun ümumi daxili məhsula nisbətinin aşağı səviyyədə olması, valyuta ehtiyatlarının yüksək göstəriciyə çatması və investisiya layihələrinin genişlənməsi Azərbaycanın iqtisadi dayanıqlılığını nümayiş etdirir. Son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumları çərçivəsində imzalanan investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olması da bu baxımdan diqqətəlayiqdir.
Enerji sektoru Azərbaycanın iqtisadi və geosiyasi imkanlarının mühüm dayaqlarından biri olaraq qalır. Neft və qazla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkənin ixrac imkanlarını genişləndirir. Eyni zamanda bərpaolunan enerji potensialının inkişaf etdirilməsi gələcək üçün yeni perspektivlər açır.
Nəqliyyat və logistika sahəsi də Azərbaycanın iqtisadi əhəmiyyətini artıran istiqamətlərdəndir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ölkənin tranzit imkanlarını genişləndirir. 2026-cı ildə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatmasının gözlənilməsi, orta müddətli hədəfin isə 30 milyon ton müəyyənləşdirilməsi bu potensialın miqyasını göstərir.
Azərbaycanın əldə etdiyi Zəfərin ən mühüm nəticələrindən biri işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasıdır. Bu prosesin mərkəzində isə Böyük Qayıdış dayanır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Dövlət tərəfindən bu ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb.
Böyük Qayıdış yalnız yeni yaşayış məntəqələrinin salınması deyil, insanların öz doğma torpaqlarında təhlükəsiz və rahat həyat qurması deməkdir. Bunun üçün yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin yaradılması ilə yanaşı, iş yerlərinin açılması və iqtisadi fəaliyyətin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq Azərbaycanın Zəfər tarixinin yeni – bərpa və inkişaf mərhələsidir.
Qurultayda sosial siyasət də diqqətdə saxlanıldı. Prezident İlham Əliyev gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirdi. Bu mesaj dövlət siyasətinin əsas məqsədlərindən birinin iqtisadi inkişafın nəticələrini insanların rifahında əks etdirmək olduğunu göstərir. Yeni iş yerlərinin yaradılması, gəlirlərin artırılması və sosial müdafiənin gücləndirilməsi qarşıdakı mərhələdə də mühüm istiqamətlərdən olacaq.
YAP-ın VIII Qurultayı Azərbaycanın qarşısında yeni vəzifələrin dayandığını aydın şəkildə göstərdi. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra əsas məsələ əldə edilmiş Zəfəri uzunmüddətli dövlət gücünə və davamlı inkişaf modelinə çevirməkdir. Bunun üçün güclü ordu, dayanıqlı iqtisadiyyat, müstəqil xarici siyasət, informasiya və ideoloji təhlükəsizliyin təmin edilməsi, müasir təhsil, sosial rifah və Böyük Qayıdış prosesinin sürətləndirilməsi əsas prioritetlər kimi çıxış edir.
Bu mərhələdə gənc nəslin üzərinə də mühüm məsuliyyət düşür. Savadlı, dünyagörüşlü, müasir texnologiyalara bələd və milli dəyərlərə bağlı gənclər Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvəsi olacaq.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız siyasi təşkilatın növbəti toplantısı deyil, Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinə baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səslənən mesajlar göstərir ki, qarşıda duran əsas məqsəd əldə olunmuş tarixi nəticələri qorumaq, dövlətin gücünü artırmaq və yeni imkanları davamlı inkişafa çevirməkdir.
Azərbaycan üçün Zəfər bir son deyil, yeni başlanğıcdır. Bu başlanğıcın əsas hədəfi isə daha güclü, təhlükəsiz, iqtisadi baxımdan dayanıqlı və gələcəyə inamla addımlayan Azərbaycan qurmaqdır.
Xədicə Hüseynzadə
YAP Babək rayon təşkilatının fəal üzvü